NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Yoxlayıcı orqanların əməkdaşlarına maarifləndirici təlim keçirilib

...

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin  2013-cü il 28 avqust tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, Qanundan irəli gələn məsələlərin yoxlayıcı orqanlara izah edilməsi məqsədilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Vergi Xidmətinin və digər yoxlayıcı qurumların əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Şöbəsinin Notariat Bölməsinin rəisi Zülfü İsmayılov və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı və tənzimlənməsi şöbəsinin müdiri Aqibət Əliyevin çıxışları olub. Çıxışlarda qeyd olunub ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. Bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri, o cümlədən hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Yoxlamaların təşkili və aparılması, eləcə də bu sahədə dövlət orqanlarının fəaliyyətinin səmərəli təşkili məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Dövlət başçısının  2013-cü il 28 avqust tarixli Fərmanı ilə bu Qanunun səmərəli tətbiqinə dair hüquqi mexanizm formalaşdırılıb. Qanun və onun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi, bu sahədə yoxlayıcı orqanın və sahibkarların hüquq və vəzifələrini bilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasında qanunun tətbiqi sahibkarlıq sahəsində aparılan yoxlamaların hüquqi baxımdan daha dolğun tənzimlənməsinə, sahibkarların maraqlarının müdafiəsinin daha effektiv təmin olunmasına, dövlət nəzarəti tədbirlərinin keyfiyyətinin yüksəlməsinə və sahibkarlığın inkişafına müsbət təsir göstərəcək.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 03.10.2024 14:15