Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstə...
13:39 18.10.2026
0
0
0
NAXÇIVAN :
18 Oktyabr 2026, Bazar
Dağların qoynunda təbiətin öz rəngini qoruduğu, hər fəsildə başqa gözəlliyə bürünən bir diyardayıq. Bu dəfə bizi Ordubadın Üstüpü kəndinə gətirən də elə bu gözəlliyin içində yaşanan sadə, zəhmətkeş həyatın izlərini görmək istəyidir. Burada hər daşın, hər yolun, hər bağın öz hekayəsi var. Torpağın nəfəsi isə ən çox zəhmətkeş insanların əllərində duyulur.
Kəndə daxil olduqda gözümüzə səliqə ilə salınmış kələm, lobya ləkləri və müxtəlif təsərrüfatlar dəyir. Hər tərəfdə bir əkin, bir zəhmət, bir həyat qayğısı görünür. Elə bu mənzərənin içində yol kənarında kələm sahəsini suvaran kənd sakini ilə qarşılaşırıq.
Yaxınlaşdığımızı görən Abasət Şəfiyev gülərüzlə bizi qarşılayır. Salamlaşdıqdan sonra bura gəlməkdə məqsədimizi danışırıq. O da söhbətə səmimiyyətlə qoşulur və beləliklə, Üstüpünün torpaqla yoğurulan gündəlik həyatı haqqında söhbətimiz başlayır.
69 yaşlı həmsöhbətimiz deyir ki, kənddə təsərrüfat həyatı yalnız bir məhsulla məhdudlaşmır. Burada torpağın imkanından asılı olaraq müxtəlif əkin sahələri salınır, insanlar ilboyu təsərrüfat işləri ilə məşğul olurlar. Onun sözlərinə görə, kənddə səhər tezdən başlayan iş günün sonunadək davam edir – kimisi sahəsində, kimisi bağında, kimisi də mal-qarasının yanında olur. Torpaqla işləmək isə Üstüpü sakinləri üçün sadəcə, qazanc yolu deyil, illərdir, davam edən bir həyat tərzidir.
Abasət kişi də uzun illərdir, bu torpağın qayğısını çəkən, əkin-biçinlə məşğul olan kənd sakinlərindəndir. Ömrünün gətirdiyi təcrübə ilə həm torpağın dilini, həm də onun bəxş etdiyi ruzinin qədrini yaxşı bilir. Kələm yetişdirilməsinin incəliklərindən danışarkən qeyd edir ki, bunun ilk mərhələsi may ayında şitillərin hazırlanması ilə başlayır. Şitillər böyüyüb, təxminən, 20 santimetrə çatdıqdan sonra sahəyə köçürülür və aralarında 50 santimetr məsafə saxlanılmaqla əkilir. Bundan sonra torpağın gübrəsi, suyu və qayğısı gəlir. Aylar keçdikcə əvvəlcə kiçik olan şitillər böyüyür, təxminən, altı aydan sonra isə çəkisi 15-20 kiloqrama çatan kələmlər yetişir.
Torpağa verilən hər su, göstərilən hər qayğı sonda məhsul kimi geri qayıdır. Sahədəki iri kələmlərə baxanda isə bu zəhmətin nəticəsini sözlə deyil, elə göz önündə görmək mümkündür.
Üstüpünün kələm sahələrində isə məhsulun müxtəlif növlərinə rast gəlmək mümkündür. Abasət kişinin sözlərinə görə, yaylıq kələm daha tez yetişir və çəkisi, təxminən, 1,5 kiloqram olur. Orta yaylıq kələmlər 10 kiloqrama qədər böyüyür, payızlıq kələmlərin çəkisi isə 10 kiloqramdan da artıq ola bilir. Beləcə, eyni torpaqda müxtəlif vaxtlarda yetişən kələmlər kəndlinin təsərrüfatında mövsümün gedişinə uyğun yerini tutur.
Söhbətimiz kələmin süfrələrimizdəki yerinə gəlib çatanda müsahibim bu tərəvəzin orqanizm üçün faydalarından da danışır. Xüsusilə kələmdən hazırlanan borşun kənddə sevilən yeməklərdən biri olduğunu deyir. Sahədə yetişən hər bir kələm isə onun üçün sadəcə, bir məhsul deyil – aylarla göstərilən qayğının, çəkilən zəhmətin və torpağa bağlılığın bəhrəsidir.
Sahədəki söhbətimizi yekunlaşdırdıqdan sonra Abasət kişi bizi öz evinə dəvət edir. Deyir ki, kənddə təsərrüfat həyatı yalnız əkin sahələri ilə məhdudlaşmır, evlərin həyətində də bunun izlərini görmək mümkündür. Biz də onun dəvətini qəbul edib birlikdə evinə yollanırıq.
Həyətə daxil olanda qarşımıza Üstüpünün gündəlik yaşamından kiçik, amma rəngarəng bir mənzərə açılır. Bir tərəfdə dayaqlar boyunca boy atan lobyalar, digər tərəfdə dibçəklərdə sıralanan limon ağacları görünür. Pomidor, bibər və müxtəlif tərəvəzlər də həyətin ayrı-ayrı guşələrində özünə yer tapıb. Sanki bu kiçik həyət kənd adamının torpaqla qurduğu bağın davamıdır.
Elə söhbətimizi də burada davam etdiririk. Gözümüzün qarşısındakı hər məhsul sanki öz hekayəsini danışır. Əvvəlcə diqqətimizi dayaqlara sarılaraq boy atan lobya çəkir. Abasət kişi deyir ki, onun yetişməsi üçün 4-5 ay vaxt lazım olur. Avqust ayında yığımı başlayan lobya bəzi ərazilərdə torpağın imkanından asılı olaraq ikinci dəfə də əkilir. Kənd süfrəsində də özünəməxsus yeri olan bu məhsuldan müxtəlif yeməklər hazırlanır, təzə halda bişirilərək süfrəyə verilir. Beləcə, həyətdə yetişən məhsul torpaqdan süfrəyə uzanan yolun bir parçasına çevrilir.
Həyətin başqa bir tərəfində isə dibçəklərdə sıralanan limon ağacları nəzərimizi cəlb edir. Yaşıl yarpaqları və xoş ətri ilə ətrafa özünəməxsus təravət qatan ağaclar söhbətimizi Ordubad limonuna gətirir. Abasət kişi bildirir ki, limonun açıq şəraitdə deyil, parnikdə yetişdirilməsi daha məqsədəuyğundur. Onun çaya qatdığı ətir və dad isə bu meyvənin evlərdəki yerini daha da xüsusi edir.
Ordubadın iqlimi, torpağı və təsərrüfat ənənələri haqqında danışdıqca hiss olunur ki, burada hər məhsulun arxasında ayrıca bir zəhmət dayanır. Üstüpüdə bir həyətə sığan bu mənzərə, əslində, kənd həyatının özüdür. Burada torpaq yalnız məhsul vermir, insanın gündəlik həyatına, xatirələrinə, zəhmətinə və bağlılığına çevrilir.
Abasət kişinin həyətindən ayrılarkən anlayırıq ki, kənddə zəhmət heç vaxt təkcə görülən iş deyil. O, səhər açılan kimi başlayan və günün sonunda torpağın nəfəsi ilə tamamlanan bir həyat tərzidir. Burada insan torpağa nə qədər qayğı göstərirsə, torpaq da ona bir o qədər səxavətlə cavab verir.
Biz isə bu mənzərədən ayrılıb yolumuza davam edirik. Üstüpüdə gördüklərimiz bir daha göstərir ki, Azərbaycanın bu qədim incisi yalnız dağları, bağları və gözəl mənzərələri ilə deyil, torpağına bağlı insanları ilə də gözəldir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər