NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Qürurlu, bütöv, bölünməz və qalib Azərbaycan

...

“Biz azadıq, biz müstəqilik, biz heç kəsdən asılı deyilik”

Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda çətin, lakin şərəfli mübarizə yolunda minlərlə şəhid versə də, sınmayıb, əyilməyib məqam yetişəndə azadlıq və müstəqillik arzusunu reallığa çevirib. Müstəqillik arzusunu, istiqbal duyğusunu daim qəlbində yaşadan xalqımız bu istəyini gerçəkləşdirmək üçün əlverişli tarixi məqama ilk dəfə 1918-ci ildə çatıb. Həmin il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir sıra xarici dövlətlər tərəfindən tanınıb, dövlət təsisatları yaradılıb. Lakin Şərqdə ilk demokratik respublika cəmi 23 ay yaşaya, üçrəng­li bayrağını dalğalandıra bilib.
Sovet hakimiyyəti dövründə, 70 il ərzində Azərbaycan xalqı azadlıq ideallarını, müstəqillik arzularını yaşadıb, milli kimliyini, adət-ənənələrini və mənəvi dəyərlərini qoruyub saxlamağa çalışıblar. Nəhayət, 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın və azadlıq eşqinin bəhrəsi oldu. Həmin il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu yenidən dünyaya bəyan etdi. Dövlət müstəqilliyimiz beynəlxalq ictimaiyyət tərəfindən tanındı və qəbul olundu. 2021-ci il oktyabrın 15-də qəbul edilmiş Qanunla 28 May “Müstəqillik Günü”, oktyabrın 18-i isə “Müstəqilliyin Bərpası Günü” kimi elan edildi. 
1991-ci il oktyabrın 18-də Müstəqilliyimizin bərpasından 35 il keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə böyük inkişafa və tərəqqiyə nail olsa da, uğurlarımız asanlıqla əldə edilməyib. Müstəqilliyin ilk illərində xalqımız bir sıra çətinliklərlə üzləşib, ağır və məşəqqətli günlər yaşayıb. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan münaqişə ölkədə vəziyyəti daha da ağırlaşdırıb. Daxili çəkişmələr və hakimiyyət uğrunda mübarizə nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub. Azərbaycan xalqı tarixi sınaqla üz-üzə qalıb.
Xalqımızın şərəfli mübarizə, çoxsaylı qurbanlar bahasına qazandığı müstəqillik daha gərgin mübarizələrin başlanğıcına çevrilib. Həmin illərdə ölkədə hərc-mərclik, özbaşınalıq və siyasi-iqtisadi tənəzzül hökm sürürdü. Müstəqilliyimizin ilkin mərhələsində – 1991-1993-cü illərdə dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə hakimiyyət uğrunda mübarizəyə üstünlük verilməsi, ölkəni dərin böhrana sürüklədi. Xarici təcavüz, ərazilərimizin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar və separatçı meyillər dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoydu. Elə bir təhlükəli vəziyyət yaranmışdı ki, Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. 
Müstəqilliyimizi qorumaq, qarşıya qoyulan məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi. Həmin illərdə Naxçıvanda baş verənləri yaxından izləyən xalqın düşünən beyinləri bu çətinliklərdən çıxış yolunun Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında olduğunu yaxşı anlayırdılar. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi siyasətçi, ilk növbədə, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycançılıq ideologiyasının milli şüurda və xalqın iradəsində bərqərar olması istiqamətində mühüm addımlar atdı. İnsanlarda dövlətçilik, suverenlik və vətənpərvərlik duyğuları gücləndi. Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə yüksəldi, demokratikləşmə milli inkişafın mühüm istiqamətlərindən biri kimi dövlət siyasətində yer aldı. 
Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələrin yaradılması və torpaqlarımızın müdafiəsinin təşkili istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Nəticədə, 1994-cü il mayın 12-də ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 
Ölkə daxilində yaranan nisbi sabitlikdən, beynəlxalq aləmdə Azərbaycana artan inam və maraqdan səmərəli istifadə edən Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətimizin iqtisadi inkişaf strategiyasının əsasını qoydu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına beynəlxalq əlaqələrinin genişlənməsinə və enerji strategiyasının formalaşmasına mühüm töhfə verdi. 
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi, insan hüquq və azadlıqlarının, söz və məlumat azadlığının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafı üçün hüquqi zəmin yaratdı. Xalqın qarşılaşdığı bütün çətinliklərin aradan qaldırılmasına başlanıldı, ictimai-siyasi sabitlik möhkəmləndirildi, demokratik prinsiplərin və təsisatların inkişafı üçün şərait yaradıldı. 
Getdikcə güclənən Azərbaycanın səsi dünyanın ən yüksək tribunalarında eşidilməyə başladı. Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri bu gün də müasir cəmiyyətimizin inkişafının ideya mənbəyi olmaqla yanaşı, milli birliyimizi və dövlətçilik iradəmizi gücləndirən mühüm amildir. Ümummilli Liderin mürəkkəb siyasi proseslərdən və təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm inkişaf dinamikası nümayiş etdirir. Ulu Öndərin əsasını qoyduğu quruculuq siyasətinin nəticələri Azərbaycanın siyasi və iqtisadi həyatında aydın görünür. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunur və inkişaf etdirilir, dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın gücləndirilməsinə, milli-mənəvi dəyərlərin yaşadılmasına xüsusi diqqət yetirilir. 
Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan regionun güclü dövlətlərindən biridir. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi imkanları və regional proseslərə təsir gücü getdikcə artır. Bu nailiyyətlər müstəqil siyasətin, milli maraqlara əsaslanan strateji qərarların və ardıcıl inkişaf kursunun nəticəsidir.
Ulu Öndərin özü qədər inandığı, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu. Bu Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa edildi.
Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti, ordu ilə xalqın sarsılmaz birliyi sayəsində qazanılan tarixi Zəfər nəsillər dəyişsə də, yaddaşlardan silinməyəcək. Tarix bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi yaddaşında saxlayacaq. Azərbaycan xalqı ən çətin günlərdə onun harayına çatan həyatını təhlükəyə ataraq dövlətçiliyimizin xilası və möhkəmləndirilməsi naminə çalışan Ümummilli Lider Heydər Əliyevin xidmətlərini daim ehtiramla xatırlayacaq. Bu gün işğaldan azad olunmuş ərazilərimizə həyat yenidən qayıdır. Doğma torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti ilə “Böyük Qayıdış” proqramı uğurla reallaşdırılır. Görülən işlər Azərbaycan xalqının həyat səviyyəsini daha da yaxşılaşdırmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Azad olunmuş ərazilərdə infrastruktur obyektləri ilə paralel yaşayış kompleksləri və məktəb binaları tikilir, yeni layihələrin təməli qoyulur. Hər daşı tariximizi, hər küçəsi qəhrəmanlıq salnaməmizi yaşadan bu torpaqlara həyat yenidən qayıdır. Bu dəfə möhkəm təməllər üzərində, qalıcı və əbədi yaşamaq üçün.
“Biz azadıq, biz müstəqilik, biz sərbəstik və bilin ki, bu dəyərləri qorumaq hər bir insanın canından da artıqdır”.
Bunlar Ulu Öndər Heydər Əliyevin sözləridir. Bu sözlər bir çağırış, bir and, gələcək nəsillərə ünvanlanmış mühüm vəsiyyət kimi səslənir. Heydər Əliyev təkcə tarixin axarını dəyişmədi, həm də dövlətçiliyimizi yenidən qurdu. Vətən uçurumun kənarında suallar və təhlükələr qarşısında qalanda  O gəldi və çıxış yolu göstərdi. Aydın, qətiyyətli əmin və tarixi bir yol. O, Bakının gilavarında havaya səpələnmiş arzuları topladı, acıları gücə, ölkəni dayağa, alınmaz qalaya çevirdi. Xalqımıza müstəqil bir Azərbaycan miras qoydu. Qürurlu, əmin, bölünməz və qalib Azərbaycan. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında qürurla dalğalanır. Müdrik, uzaqgörən və qətiyyətli liderin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atan xalqımız 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi sarsılmazdır, əbədidir və dönməzdir. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 18.10.2026 08:59