NAXÇIVAN :

21 May 2025, Çərşənbə

Yeni arxeoloji araşdırmalar səhv tarixi müddəanın üstündən xətt çəkdi

...

Bu günlərdə elmi mətbuatda rastlaşdığımız Cənubi Qafqazda yayılan bütün “Son Eneolit mədəniyyəti”ni “Sioni mədəniyyəti” adlandırmağın düzgün olmadığını, Son Eneolit dövründə Azərbaycanda “Ovçulartəpə mədəniyyəti” və “Leylatəpə mədəniyyəti” olduğunun təsdiq edilməyi ilə bağlı ətraflı məlumat almaq üçün AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevlə həmsöhbət olduq.

– Vəli müəllim, öncə “Sioni mədəniyyəti” haqqında məlumat verməyinizi xahiş edirik.

1975-ci ildə Gürcüstanda Sioni adlı yaşayış yerində aparılan kiçik həcmli qazıntılar zamanı Cənubi Qafqazın Neolit mədəniyyətindən fərqli bir mədəniyyət aşkar olunmuşdu. Gürcü arxeoloqları M.Menadbe və T.Kiquradze bu mədəniyyətə “Sioni mədəniyyəti” adı vermişdilər. Daha sonra bu ad Cənubi Qafqazın bütün Son Eneolit abidələrinə aid edilmiş “Sioni-Çopi mədəniyyəti”, “Sioni-Çopi-Qinçi” mədəniyyəti, “Sioni keramikası”, bəzən isə ali məktəb dərsliklərində “Sioni tipli abidələr” adlandırılmışdır. Azərbaycanın Ovçulartəpə mədəniyyəti və Leylatəpə mədəniyyəti də Sioni mədəniyyəti kimi qələmə verilmişdir. Bəzi tədqiqatçılar bir qədər də irəli gedərək “Leylatəpə mədəniyyəti”nə məxsus qabların 25 faizinin Sioni, 75 faizinin isə “Mesopotamiya mədəniyyəti” olduğunu yazmışlar. Bir sözlə, keçmiş nəzəriyyələrə uyğun olaraq Azərbaycana mədəniyyətin Ermənistan və Gürcüstandan gəldiyini aşılamağa çalışmışlar. Lakin arxeoloji tədqiqatlar bu tip yanaşmaların yanlış olduğunu göstərmişdir. O da qeyd olunmalıdır ki, son illər Naxçıvanda aşkar olunan arxeoloji abidələr əhəmiyyətlidir. Bu abidələr Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Neolit və Eneolit mədəniyyətlərini karbon analizləri əsasında dəqiq tarixləndirməyə imkan verir. Bu araşdırmaların məqsədi yeni tədqiq edilən Tumbultəpə yaşayış yerindən aşkar olunan Son Eneolit dövrünə aid maddi mədəniyyət nümunələrini, xüsusilə keramika məmulatını Naxçıvanın digər abidələri ilə müqayisəli şəkildə araşdıraraq nəşr etməkdən ibarətdir.

Bildiyimizə görə, Tumbultəpədə xeyli keramika məmulatı tapılıb. Bu keramikalar nə deyir?

Bu yaşayış yeri Naxçıvan şəhərinin cənubunda, Naxçıvançayın sol sahilində, dəniz səviyyəsindən 833 metr yüksəklikdə yerləşir. Yerüstü materiallar arasında Antik dövrə və Eneolit dövrünə aid keramika nümunələrinə rast gəlinibdir. Lakin tədqiqatın gedişatı göstərir ki, bu abidə Son Eneolit dövrünə aid birtəbəqəli yaşayış yeridir. Antik dövrdə və Orta əsrlərdə yaşayış yerinin ərazisi qəbiristanlıq kimi istifadə olunduğundan Eneolit təbəqəsi müəyyən dağıntıya məruz qalmışdır. Tumbultəpə yaşayış yerinin keramikası üç qrupa bölünərək araşdırılmışdır. Birinci tip saman qarışıq keramika məmulatı tapıntıların 84,9 faizini təşkil edir və Ovçulartəpə mədəniyyətinə aiddir. Keramikanın müəyyən hissəsi Prtoto Kür-Araz keramikasından ibarətdir. Keramikanın az bir qismi, 2-3 faizi Sioni tipli qəhvəyi rəngli keramikadır. Bu tip keramika Naxçıvanın digər abidələrində də çox azdır. Tumbultəpə keramikasının Yaxın Şərq və Cənubi Qafqaz keramikası ilə müqayisəli təhlili göstərir ki, Sioni tipli keramika ayrıca bir mədəniyyət deyil, Son Eneolit mədəniyyətinin bir parçası olmuşdur. Araşdırmalar sübut edir ki, indiyədək Sioni adlandırılan qablar yalnızca mətbəx qabları kimi istifadə olunmuş və Azərbaycanın Son Eneolit mədəniyyətində cüzi bir yer tutmuşdur.

  • Tumbultəpədən obsidian və çaxmaqdaşı alətləri də aşkarlanıbmı?

Tumbultəpədə məskən salan insanlar köçmə maldarlıqla məşğul olduğundan  əmək alətləri azdır. Ancaq bazalt, çaxmaqdaşı və obsidiandan hazırlanmış xeyli əmək alətləri vardır. Çaxmaqdaşı alətlər yerli xammaldan hazırlanmışdır. Lakin Naxçıvanda obsidian olmadığından bu xammal başlıca olaraq Zəngəzur və Göyçədən gətirilmişdir. Araşdırmalar Naxçıvanda yaşayan qədim insanların eramızdan əvvəl VII-V minillikdən başlayaraq Göyçə və Zəngəzur obsidianından istifadə olunduğunu təsdiq edir. Araşdırmalara əsasən deyə bilərik ki, Göyçə və Zəngəzur Urmiya hövzəsi və Naxçıvanda yaşayan tayfaların yaylaqları olmuşdur.

– Tumbultəpə yaşayış yerinin tədqiqi hansı elmi nəticələrə gəlməyə imkan verir?

 Tumbultəpə, Ovçulartəpə, Zirincli və onlarla digər abidələrimizin tədqiqi göstərir ki, Naxçıvanın Son Eneolit mədəniyyətini Sioni mədəniyyəti adlandırmaq çox yanlışdır. Sioni keramikası, əsasən, qum qarışığı olan gildən hazırlanıb. Tumbultəpə və Naxçıvanın digər abidələrinin keramikası saman qarışıq gildəndir. Sioni keramikasının hazırlanma texnikası və naxış üsubu da fərqlidir. Tumbultəpə yaşayış yerinin bir qrup keramikası bəzi xüsusiyyətlərinə görə Sioni keramikası ilə bənzərdir. Lakin tədqiqat göstərir ki, bu tip keramika ayrıca bir mədəniyyət yox, Son Eneolit mədəniyyətinin tərkib hissəsi olmuşdur. Belə hesab edirik ki, keramika məmulatının bu cür müxtəlifliyinin səbəbi onların funksional təyinatı ilə bağlıdır. Azərbaycan arxeoloqları bu tip keramikanı “kobud keramika” adlandırmışdır. Bu tip qaba keramikanın idxal malı olaraq  Azərbaycana yayılması isə mümkün deyildi. Bu tip qablar mətbəx qabları kimi istifadə edilmişdir. Araşdırmaların nəticələri “Tuba-AR” və “Rossiyskar arxeoloqiya” kimi beynəlxalq indeksli jurnallarda nəşr edilmiş, Ovşulartəpə mədəniyyətinin və Leylatəpə mədəniyyətlərinin yanlış adla tanıdılmasına son qoyulmuşdur.

Söhbətləşdi:

Aidə İBRAHİMOVA

Nəşr edilib : 21.05.2025 16:30