NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

“Yaşıl dünya naminə: Dayanıqlı və məsuliyyətli turizm” mövzusunda infosessiya keçirilib

...

15 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları, muxtar respublikada fəaliyyət göstərən turizm sənayesinin  nümayəndələri və  “Naxçıvanın turizm könüllüləri”nin iştirakı ilə “Yaşıl dünya naminə: Dayanıqlı və məsuliyyətli turizm” mövzusunda COP29-a həsr olunmuş infosessiya keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirmişdir ki, texniki tərəqqi, atmosferə müxtəlif, xüsusən istilik effekti yaradan qazların və müxtəlif digər birləşmələrin buraxılmasına, iqlimin kəskin dəyişikliklərinə, müəyyən ərazilərdə bu dəyişikliklərin təşviş doğuracaq səviyyəyə qədər yüksəlməsinə gətirib çıxarmışdır. Məhz bu qlobal xarakterli problem COP Konvensiyasının yaranmasını zəruri etmişdir. COP (Conference of Parties) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır və insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanan sazişdir. Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minmişdir. Konfransa rəhbərlik və ev sahibliyi  BMT-nin 5 regional qrupunu  təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir.

Direktor qeyd etmişdir ki, COP-un əsas məqsədləri iqlim dəyişikliyi ilə mübarizə aparmaq, beynəlxalq tədbirlər görmək üçün ölkələri bir araya gətirməklə, qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaqdır. Qeyd olunmuşdur ki, Konvensiyanın yarandığı zamandan ən aktiv surətdə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmuş Azərbaycan öz dövlət rəhbərinin başçılığı altında bütün dünyaya örnək olan addımlar atmışdır. Belə ki, Azərbaycan Respublikasının rəhbərliyi bu sahədə həm fəsadların aradan qaldırılması, həm də  iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində ciddi tədbirlər görür.  COP-un növbəti iclasının məhz Azərbaycanda keçirilməsi ciddi diplomatik uğurdur. Bu, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə necə yüksək səviyyədə olduğunun, Azərbaycanın enerji transformasiya sahəsində lider olmasının bariz göstəricisidir. Xüsusilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu konfransda Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı inkişaf etdirmək də prioritet məsələlərdən biridir. Dövlət başçımızın qeyd olunan  ərazilərlə bərabər, Naxçıvanı da “yaşıl enerji” zonası elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi müəyyənləşdirilib. Muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına real imkan yaradır. Bu addımlar dünya birliyi tərəfindən də müsbət qarşılanır. Çünki Azərbaycan şimal icənub, Avropa ilə Asiya dövlətləri arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına əvəzsiz töhfələr verir.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ilk Tərəflər Konfransı 1995-ci ildə Almaniyanın paytaxtı Berlində, sonuncu toplantısı isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin  Dubay şəhərində keçirilib. Bu il  növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə 11-22 noyabr 2024-cü il tarixdə Bakıda keçiriləcək Tərəflər Konfransının 29-cu sessiyasının ev sahibi seçildi. BMT tərəfindən bu layihənin 29-cu görüşünün 2024-cü ilin payızında Azərbaycanda keçirilməsi yaşıl turizmin inkişafı üçün böyük imkanlar verəcəkdir.

Qeyd olunmuşdur ki, ətraf mühit, iqlim məsələləri ümumbəşəri mahiyyətlidir. Onların qorunması və hər bir sahədə yaşıl təfəkkürün daha çox hakim olması planetimiz üçün zəruridir. Turizm sahəsində də dayanıqlı inkişaf bütün dünyada prioritet məsələlərdən biridir. Hazırda turizmin inkişafı ölkəmizdə sürətlə gedir. Ancaq onun dayanıqlı inkişafını təmin etmək olduqca vacibdir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, dayanıqlı turizmin uzun müddət ərzində öz kəmiyyət və keyfiyyət göstəricilərini saxlamaq qabiliyyəti, yəni ətraf mühitə zərər vurmadan həm qısa, həm də uzunmüddətli perspektivdə turistlərin gözləntilərini qarşılamasıdır. Turizmin inkişafı müvafiq regionların təbii mühiti, tarixi və mədəni irs nümunələri ilə sıx bağlıdır. Bu ehtiyatlar məhv olarsa, gələcəkdə turizm bölgələri turistləri cəlb edə bilməyəcək və beləliklə, turizmin inkişafı qısamüddətli olacaq.

Məruzəçi sonda vurğulamışdır ki, dayanıqlı və məsuliyyətli turizmin məqsədi təbiətə və ekologiyaya zərər vermədən gələcək nəsillərə təmiz bir ətraf mühitin ötürülməsini təmin etməkdir.

Sonda COP29-dan bəhs edən videoçarxlara baxış və seminarla bağlı iştirakçılar arasında sorğular keçirilmişdir.

Nəşr edilib : 15.10.2024 17:48