NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Yaşadığı torpağa, el-obaya şərəf gətirən igid

...

Tural Ələmdar oğlu Əsgərli 

(20.04.1993-01.10.2020)

Vətənini sevən övlad idi. Atası dünyasını dəyişəndə ailəsi, bacıları təkid etdilər ki, xidmətini dayandır, ailəmiz başsızdır. Qayıt gəl, ailənin başında dayan. Razılaşmadı. Dedi ki, ailəm hər çətinliyə dözməlidir. Çünki Vətən darda, torpaqlarımız düşmən tapdağı altındadır. Mən belə şəraitdə xidmətimi dayandıra bilmərəm. Sözünə sona qədər əməl etdi. Dövlətinə olan sevgisiylə öz vəzifəsinin başında dayandı. O, dövlətini də, işini də, peşəsini də çox sevirdi. 
Hələ məktəbdə oxuduğu illərdən nümunəvi şagird idi. Ardınca kollecdə təhsil aldı və orada da nizam-intizamı ilə pedaqoji kollektivin sevimlisinə çevrilmişdi. Ailədə də elə idi, ata-anasını sevən, onların daim qulluğunda dayanan oğul idi balam. Onunla sonuncu dəfə oktyabr ayının 1-i danışdım. O günü heç unuda bilmirəm. İşdən yenicə qayıtmışdım ki, telefonuma zəng gəldi. Açdım. Danışan Tural idi. Səsindəki həyəcanı hiss edirdim, ancaq ona bildirməməyə çalışırdım. Hiss edirdim ki, o da məndən nigarandır. Elə hey deyirdi ki, anacan, çətin yoldayıq, işdir, əgər şəhid olsam, ağlama, möhkəm dayan, başını dik tut, məğrur ol. Telefon danışığını bitirəndən sonra mənə dediklərini həm də mesaj kimi göndərmişdi. Bir cümləni heç unuda bilmirəm, yazmışdı ki, anacan, sən mənim dünyamsan. Belə sözləri hər dəfə deyirdi mənə, çalışırdı ki, könlümü xoş etsin, sevindirsin. Tural iki bacının bir qardaşı kimi hər birimizin ümidi, pənahı idi. Bir sözlə, qeyrətli övlad idi. 

Yaxşı xatırlayıram; atası dünyasını dəyişəndə də xidmətdə idi. Tez-tez mənə zəng edib deyirdi ki, anacan, atamsız mən necə dayanacağam? Arxam, dayağım atam idi, indi kürəyimi kimə söykəyəcəyəm? Danışanda məni qəhər boğurdu. Çalışırdım, təskinlik verim, ürəyini sıxmayım. Ancaq bilirdim ki, iş başında olsa da, fikri daim mənim yanımdadır, məni düşünür, bacılarını düşünür, ailəsini düşünür. Oğlumla sonuncu danışığımızdan bir gün sonra daha zəng gəlmədiyini gördüm. Nigaran qaldım. Telefonuna dəfələrlə zəng etdim, ancaq cavab verən olmadı. Bir gün çəkmədi ki, şəhid xəbəri gəldi. Sən demə elə oktyabr ayının 1-i sonuncu danışığımız imiş. Elə həmin gün də şəhid olub. 
O, daim mənim qəlbimdədir, canımdadır, ruhumdadır. Allah Vətənimizin azadlığı yolunda canını qurban verən bütün şəhidlərimizə rəhmət etsin. Məkanları cənnət olsun. Çalışırıq ki, övladlarımızın vəsiyyətinə əməl edək: başımızı dik tutaq, məğrur dayanaq. Bundan sonra geridə qalan ömrümüzü onların adına layiq şəkildə başa vuraq. Mən övladımla fəxr edirəm, qürur duyuram. 
 

Nəşr edilib : 27.10.2024 18:20