NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

...

Oktyabrın 6-da Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” mövzusunda dəyirmi masa keçirilib.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatları Rizvan Nəbiyev, Azər Allahverənov və Elçin Mirzəbəyli, DİA-nın kafedra müdiri, professor Namiq Əliyev, Akademiya rektorunun müşaviri, politoloq Zaur Məmmədov və digər ekspertlər çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin Azərbaycanın qarşısında duran yeni hədəflər, ölkənin gələcək inkişaf istiqamətləri və dövlət siyasətinin prioritetləri ilə bağlı səsləndirilən mesajlar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, dövlətimiz başçısının qurultayda səsləndirdiyi strateji fikirlər Azərbaycanın qarşıdakı illərdə inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, ictimai-siyasi elitanın təmsilçiləri və dövlət qurumları bu strateji istiqamətləri öz fəaliyyətlərində nəzərə almalı, qarşıya qoyulan məqsədlərə uyğun fəaliyyət strategiyaları formalaşdırmalıdırlar.

Dəyirmi masada Azərbaycanın milli təhlükəsizliyinin və suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi, eləcə də ölkənin regional və beynəlxalq mövqelərinin daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Müzakirələrdə Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlərin ölkənin gələcək inkişafı üçün mühüm zəmin yaratdığı qeyd olunub. Tədbirdə, həmçinin dəyişən regional təhlükəsizlik mühiti və Azərbaycanın regional proseslərdə artan rolu barədə fikir mübadiləsi aparılıb.

Dəyirmi masa Prezident İlham Əliyevin müəyyən etdiyi strateji prioritetlərin həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrin müzakirəsi ilə başa çatıb.

Nəşr edilib : 06.10.2026 14:00