Azərbaycan dünya düzəninə ciddi töhfə verən güc...
13:05 11.01.2025
0
0
0
NAXÇIVAN :
11 Yanvar 2025, Şənbə
İncəsənətin incəliyi, zərifliyi, sintetikliyi ilə seçilən sənət sahəsi olan, insanın ruhunu oxşayan maraqlı növlərindən biri xoreoqrafiyadır. Xoreoqrafiya yunan sözü olub, “dairəvi rəqs” və “yazıram” sözlərini ifadə edir. Bu sənət, həmçinin rəqsə quruluş vermək və səhnələşdirmək anlamlarını da özündə birləşdirir. Müasir dövrdə kifayət qədər populyar olan bu sənət sahəsinin qurucusu baletin atası sayılan fransız baletmeysteri Jean Georges Noverren olmuşdur. Klassik xoreoqrafiya XVI əsrdə Avropada yayılmışdır. Lakin inkişafın əsası Fransadan başlanır. Plastikanı inkişaf etdirməyin mühüm vasitəsi olan bu sənət sahəsi kənardan nə qədər asan görünsə də, əslində, heç də asan başa gəlmir. Gözəl rəqs etməyi hamı sevir, lakin bunun üçün bəzən saatlar, günlər alan gərgin məşqlərə ehtiyac duyulur. Teatrları, şouları xoreoqrafiyasız təsəvvür etmək mümkün deyil.
Ölkəmiz tariximizi, mədəniyyətimizi kifayət qədər ifadə edən milli rəqslərlə zəngindir. Bu rəqslər hər zaman öz xoreoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi ilə seçilmiş, şuxluğu və oynaqlığı ilə müsbət aura bəxş etmişdir. Qədim milli rəqslərimizdən biri 100-dən çox növü olan yallılardır. “Tənzərə”, “Gopu”, “Şərur yallısı”, “Urfanı”, “Arazı”, “Siyaqutu”, “Gülümeyi” və sair kimi yallıların bir çoxu məhz qədim torpağımız Naxçıvanda yaranmışdır.
Xoreoqrafiya ilə bağlı maraqlı məlumatlar əldə etmək üçün suallarımızı Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Xoreoqrafiya ixtisası üzrə müəllimi Fatimə Kazımovaya yönləndirdik. Məlumat üçün bildirək ki, Fatimə xanım Naxçıvan Musiqi Kollecini Xoreoqrafiya ixtisası üzrə bitirib və hazırda Bakı Xoreoqrafiya Akademiyasında qiyabi təhsil alır. 14 ildir ki, bu sənətlə məşğul olan müsahibim deyir: – Xoreoqrafiya olduqca rəngarəng, mürəkkəb və eyni zamanda dünya mədəniyyət xəzinəsində xüsusi nüfuza malik nümunələri özündə təcəssüm etdirən ən zərif sənət növüdür. Bu sənətin incəlikləri də, çətinlikləri də çoxdur. İncəlikləri düzgün şəkildə çatdırmadıqda bu sənət yarımçıq qalmış olur. Çətinlikləri isə olduqca çoxdur. Əsl “İncəsənət qurban tələb edir” sözünü təsdiq edən ixtisasdır xoreoqrafiya. Belə ki, istər şəxsi, istər iş həyatında və ya normal həyatda yaşadığın hər şeyə rəğmən səhnədə tamaşaçıya heç nəyi yansıtmadan mütləq şəkildə təbəssüm göstərilməlidir.
Müsahibim bildirir ki, rəqs sənətini öyrənib davam etdirmək üçün 5-6 yaşlarda başlamaq ən uyğun zamandır: “Müxtəlif ölkələrə məxsus rəqsləri öyrənmək üçün bizə müraciət olunur. Lakin əsas üstünlüyümüz hər zaman Azərbaycan xalq rəqslərini təbliğ etmək və gələcək nəslə doğru-düzgün şəkildə çatdırmaqdır”.
Hər bir rəqsin özünəxas xüsusiyyətləri olduğunu qeyd edən Fatimə xanım deyir ki, hər rəqsin öz ssenarisi, sujet xətti və hər rəqs üçün müxtəlif quruluşlar, müxtəlif xüsusiyyətlər olur. Xalq rəqslərinin isə quruluşları, xüsusiyyətləri nəsildən-nəslə ötürüldüyü üçün, əsasən, dəyişilməzdir. Əşyalarla da rəqslərimiz mövcuddur. Məsələn, qadınların ifa etdiyi “Qaval”, “Nəlbəki”, “Bulaq başı”, kişilərin ifa etdiyi “Qılınc”, “Çobanlar”, “Çayçı” kimi rəqslər bir qayda olaraq öz əşyaları ilə oynanılmalıdır. Həmçinin suitalarda, lirik rəqslərdə zəriflik göstəricisi olaraq istifadə edilən xanım aksesuarları mövcuddur.
Minilliklər boyu milli-mənəvi və mədəni dəyərlərimizi qoruyaraq bu günə kimi çatdıran xalqımız belə dəyərlərimizi gələcək nəsillərə çatdırmaq üçün yaradılmış şəraitdən səmərəli istifadə edir. Muxtar respublikamızda fəaliyyət göstərən musiqi təhsili verən məktəblərdə xoreoqrafiyanın öyrədilməsi, bəzi mədəniyyət müəssisələrində rəqs və xoreoqrafiya dərnəklərinin yaradılması və digər tədbirlər bunun bariz ifadəsi kimi diqqət çəkir.
Qeyd edək ki, rəqslərimizə verilən dəyərin nəticəsidir ki, 2018-ci ilin 26 noyabr – 1 dekabrında Mavriki Respublikasının Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında bir neçə rəqsimiz (“Yallı, “Köçəri”, “Tənzərə”, Naxçıvanın ənənəvi qrup rəqsləri) qəbul edilmiş qərarla Təcili Qorunma Siyahısına salınıb.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər