QAİ: Ermənistanın Qərbi azərbaycanlıların qayıdış ...
20:24 23.06.2025
0
0
0
NAXÇIVAN :
23 Iyun 2025, Bazar ertəsi
ADA Universitetinin İxtisasartırma Proqramı və Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən “Xarici Siyasət Proqramı” iyunun 22-də uğurla başa çatıb.
"Şərq qapısı" xəbər verir ki, 9–22 iyun tarixlərini əhatə edən proqram çərçivəsində Avropa, Latın Amerikası, Afrika, Okeaniya, Orta Şərq və Asiyanı təmsil edən 27 ölkədən 30 xarici diplomat ADA Universitetində bir araya gəlib.
Proqram çərçivəsində iştirakçılar üçün ADA Universitetinin professor-müəllim heyəti, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Xarici İşlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi müavinləri, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin müşavirləri səviyyəsində çıxışçılar, və digər dövlət və özəl sektordan dəvət edilmiş yüksək rütbəli ekspertlər tərəfindən geniş məruzələr təqdim olunub. Təlimlərdə milli kimlik, regionun siyasi tarixi, COP29, Azərbaycanın xarici siyasət prioritetləri, enerji diplomatiyası, regionun geosiyasəti və təhlükəsizliyi, Azərbaycanın iqtisadi inkişaf strategiyası, işğaldan azad edilmiş Qarabağın bərpası və sülh quruculuğu prosesi, ictimai diplomatiya, ticarət və nəqliyyat şəbəkələri, beynəlxalq cinayətkarlıqla mübarizə, liderlik və ictimai nitq bacarıqları, Azərbaycanın turizm imkanları kimi mövzular əhatə olunub.
Həmçinin əcnəbi diplomatlar Xarici İşlər Nazirliyi və Milli Məclisdə keçirilən dəyirmi masalarda Azərbaycanın xarici siyasətini müzakirə ediblər.
Proqram çərçivəsində iştirakçılar Azərbaycanın azad edilmiş ərazilərinə – Şuşa və Xankəndi şəhərlərinə səfər edərək regionun tarixi, mədəni və siyasi reallıqları ilə əyani şəkildə tanış olublar. İki həftəlik proqram boyunca onlar eyni zamanda ölkənin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı da əldə ediblər.
Bağlanış mərasimində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektoru Dr. Elkin Nurməmmədov proqram iştirakçılarını təbrik edərək, bu təşəbbüsün ölkələrarası dialoqu və qarşılıqlı anlaşmanı gücləndirəcəyinə inandığını bildirib. Prorektor müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, bu il proqram iştirakçı sayı və coğrafi əhatəsinə görə rekord göstəricilərlə yadda qalıb. O, proqramı yalnız Azərbaycan və regionu tanımaq üçün fürsət deyil, həm də diplomatik bacarıqların inkişafı üçün mühüm bir öyrənmə platforması kimi dəyərləndirib.
Tədbirdə Çili, Qırğızıstan, Ukrayna və Fələstin kimi ölkələrin Azərbaycandakı səfirləri və digər diplomatik nümayəndələri də iştirak edərək proqramın uğurunu vurğulayıblar və iştirakçıları təbrik ediblər.
Mərasim iştirakçılara sertifikatların təqdim olunması ilə başa çatıb.
Qeyd edək ki, 2018-ci ildən etibarən keçirilən bu proqram çərçivəsində bu günədək 89 ölkədən 148 diplomat məzun olub.
Digər xəbərlər