"Dəmir Yumruq Alfa -A" Cəmiyyətinin üzvləri Orduba...
19:57 20.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və unudulmaz səhifəsidir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu faciəyə real qiymət verərək demişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Tarixdə Türkmənçay müqaviləsi ilə faciələrinin əsası qoyulan Azərbaycan xalqı 200 il ərzində erməni-millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə – soyqırımı siyasətinə məruz qalmışdır. Mənfurlar iki əsr “Dənizdən-dənizə Ermənistan” xülyası ilə qonşu dövlətlərə ərazi iddiası apararaq Ermənistanı monoetnik dövlətə çeviriblər. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu siyasətin bariz ifadəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi tarix səhifələrinə qara hərflərlə yazılıb. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Daha bir məkrli məqsəd isə dinc əhalinin gözünü qorxutmağa hesablanmışdı. Məhz bunun üçün qadınlara, uşaqlara, qocalara amansız divan tutuldu.
Xocalı elə yaşayış məkanıdır ki, o, Azərbaycan tarixinin qədim dövründən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirir. Bu mədəniyyət tarixə “Xocalı-Gədəbəy mədəniyyəti” kimi düşüb. Erməni işğalından sonra Xocalıdakı bütün maddi mədəniyyət abidələrinin dağıdılması, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər əvvəlcə şəhəri dörd istiqamətdən mühasirəyə almış, sonra Xocalı artilleriya və ağır hərbi texnikadan güclü atəşə məruz qalmışdır. Şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşlar. Soyuq, şaxtalı, qarlı fevral gecəsində dinc əhali əsir düşmüş, girov götürülmüşdür. Erməni silahından yayınaraq meşəyə, dağlara üz tutanlar soyuqdan, şaxtadan məhv olmuşlar. Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakinlərindən neçəsinin erməni hərbçilərinin tələb etdiyi “Bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə diri-diri yandırıldıqları, başları kəsildikləri, gözləri çıxarıldıqları hamıya məlumdur. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımını qətiyyətlə pisləyir.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində yenilməz ordumuz 30 il işğal altında qalan topraqlarımızı azad etməklə öz sözünü dedi, 44 günlük müharibədə misilsiz igidlik nümünələri göstərən igid eloğullarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını aldı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu qədim Azərbaycan torpağı separatçılardan təmizləndi. Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün Qarabağa qaydışın, Xocalıya qayıdışın sevincini yaşayırıq. Artıq Xocalıda ilk körpə dünya göz açıb. Bununla da xocalılıların ürəyinə su çilənib. Ancaq biz bununla kifayətlənmirik! Xocalı soyqırımı və bütövükdə, erməni vandallarının Qarabağda etdikləri vəhşilikləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmalıyıq. Bəli, bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim həm vətəndaşlıq, həm də insanlıq borcumuzdur.
Aynur BABAYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər