NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Xocalı şəhidlərinin qisası alındı

...

33 il əvvəl Ermənistan ordusu Xocalı şəhərində tarixdə bənzəri olmayan soyqırımı törətdi. Xocalı hadisəsi ermənilərin törətdiyi ən ağır soyqırımı kimi dünya tarixində öz yerini alıb. Dünyanın gözü qarşısında baş verən Xocalı faciəsi erməni faşizminin xarakterini, niyyətlərinin nə qədər qanlı olduğunu açıb göstərir. Məqsəd bir şəhərin dinc sakinlərini tamamilə məhv etmək olub. Faşistlərdən də artıq qəddarlıq, misli görünməmiş faciə nümayiş etdirən erməni cəlladları qocaya, uşağa, xəstəyə, qadına aman vermədilər. Bu tükürpədici hadisələrdən 33 il keçməsinə baxmayaraq, xalqımız hələ də həmin faciənin ildönümünü qəm, qüssə, kədərlə yad edir, hər il Xocalı şəhidlərinin anım mərasimlərini keçirir. Təsəllimiz budur ki, bu illər ərzində Azərbaycan gücləndi, beynəlxalq aləmdə özünəlayiq yerini tuta bildi və dünyada qalib dövlət kimi tanındı.

Bu qanlı faciəyə yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi və Ulu Öndərin rəhbərliyi ilə bu faciəyə düzgün hüquqi-siyasi qiymət verildi, bu dəhşətli hadisənin səbəbkarları və iştirakçıları aydın şəkildə göstərildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Xocalıda baş verənlər Milli Məclisdə müzakirə olundu Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verildi, günahkarlar göstərildi. Adıçəkilən fərman beynəlxalq insan haqları haqqında aktlar, BMT Nizamnaməsi, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli cinayət kimi tanınmasına tam əsas yaradır.

Ümummilli Lider Heydər Əliyev bu hadisə ilə bağlı deyib: “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi irsini uğurla davam etdirən Prezident İlham Əliyev də Xocalı faciəsinin beynəlxalq miqyasda birmənalı şəkildə soyqırımı aktı kimi tanınması üçün əlindən gələni edir. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqq-ədalətə çağırışın nəticəsidir.

Faciənin 33-cü ilini həm kədərlə, həm də sevinclə qarşılayırıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin qisasını aldı. 2023-cü ilin sentyabrında Qarabağda aparılan 23 saatlıq lokal xarakterli antiterror tədbirləri erməni separatizminin kökünü birdəfəlik kəsdi. Xocalılara, ümumiyyətlə, soydaşlarımıza qarşı qətliamlar törədən erməni faşistlərinin başçıları həbs olunaraq istintaqa cəlb olunublar. Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla bütün dünyaya sübut etdi ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışa bilməzdi.

Xocalıda Azərbaycan Bayrağının dalğalanması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Bu, Ermənistana, onun tərəfdarlarına olan göz dağıdır. Bu günü hər birimiz səbirsizliklə gözləyirdik. Əmin idik və inanırdıq ki, bu gün gələcək. Gəldi də. Hazırda Qarabağın bütün ərazisində, o cümlədən Xocalıda genişmiqyaslı tikinti-bərpa işləri davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Şəhərlər, qəsəbələr, kəndlər salınır, keçmiş qaçqınlar üçün müasir tipli evlər tikilir.

Qarabağ müharibəsində Xocalının, bütün şəhidlərimizin qisası döyüş meydanında artıqlaması və layiqincə alındı, torpaqlarımızı işğaldan qurtardıq. Biz bu Zəfərə güclü rəhbər, məğlubedilməz ordu və sarsılmaz birlik sayəsində nail olduq. Ata-baba yurdumuz olan doğma torpaqlarımızın istiqlaliyyəti uğrunda apardığımız haqq savaşında qazanılan şanlı qələbə bütün dünyada əks-səda doğurdu. Bu zəfər ürəyimizə saplanan Xocalı yarasını sağaltmasa da, şəhidlərimizin qanının yerdə qalmaması baxımından böyük bir təsəlli oldu.

Bu gün biz Xocalı faciəsi qurbanlarının xatirəsini ilk dəfə olaraq tamamilə fərqli hisslərlə anırıq. Bu, əlbəttə ki, soyqırımı qurbanlarının qanının yerdə qalmadığının şahidi olmaq kimi əvəzsiz qüruru bizə yaşadan qəhrəman oğullarımızın rəşadəti sayəsindədir. Yaşadığımız bu fəxarət hissləri bizlərə bir daha xalqımızın sarsılmaz birliyinin, qüdrətinin böyüklüyünü aşılayır.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 26.02.2025 18:02