NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Xarici siyasətin böyük uğuru – COP29

...

Ölkəmizin dünyanın ən mühüm və dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsi dövlət başçısı, Prezident İlham Əliyevin növbəti təntənəli, parlaq qələbələrindən biridir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi  üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurlarındandır. Ölkə başçısı cənab İlham Əliyev Berlində “15-ci Petersberq iqlim dialoqu”nun yüksək səviyyəli seqmentində olan çıxışında demişdir: “Bu beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadıdır, o cümlədən də yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”.
Yaşadığımız dövrdə iqlim məsələləri ölkəmizin gündəliyində öz əksini tapan əsas prioritetlərdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə, eyni zamanda bu yöndə beynəlxalq həmrəyliyin daha da gücləndirilməsinə adekvat  çağırışlarındandır. Ümumiyyətlə, ölkəmiz hər zaman qlobal problemlərin həllində birlik, həmrəylik platformasında irəliləmişdir. 
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq əhəmiyyətli  mötəbər tədbir olan COP29-a ev sahibliyi edən Azərbaycanda bütün zəruri tədbirlər həyata keçirilmiş, ölkəmizdə lazımi infrastruktur yaradılmışdır. Dövlət başçısı tərəfindən yaşıl enerji zonası elan edilən Naxçıvan Muxtar Respublikasında da həmçinin iqlim dəyişikliyi ilə mübarizə, təhlükəsiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə sahəsində innovativ layihələr icra olunaraq müxtəlif tədbirlər həyata keçirilmişdir.  26 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Naxçıvan şəhərində COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı  “GreenFest” festivalı keçirilmişdir. Müxtəlif panel müzakirələrin, maarifləndirici tədbirlərin təşkil olunduğu festivalda əsas məqsəd əhalinin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, o cümlədən Naxçıvanda təbii resurslardan səmərəli şəkildə istifadə imkanları və yaşıl enerji potensialını göstərməklə ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirin hədəflərinə öz töhfələrini ərməğan etməkdir. 
Hazırda böyük uğurla ölkəmizdə reallaşmaqda olan bu mötəbər tədbir məhz dövlət başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin təcəssümüdür. Əminik ki,  Bakı şəhərində keçirilən nüfuzlu beynəlxalq konfrans iqlim dəyişiklikləri ilə mübarizə və bu sahədə mövcud problemlərin həlli istiqamətində  dönüş nöqtəsi olacaq.  

Xumar Məmmədova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 13.11.2024 13:26