NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Xarıbülbül azadlığa qovuşub

...

İgidlərimizin canlarından keçdikləri cənnət ətirli Qarabağımız artıq 4 ildir ki, düşmən tapdağından qurtulub. Şuşanın tarixini dərindən bilən Ümummilli Liderimiz Heydər Əliyev bu qədim diyara çox böyük qayğı göstərib, onun inkişafı üçün əlindən gələni edib. Ulu Öndər Şuşaya adi bir şəhər kimi baxmırdı; tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Dahi rəhbər Şuşanın abidələr şəhəri olduğunu, zəngin tarixini, qədim tikililəri bərpa etməyin vacibliyini hər zaman vurğulayırdı. İndi Ulu Öndərimiz özünün əbədiyyət dünyasında rahat uyuyur. Çünki Şuşa artıq azaddır. Keçmiş şöhrətinə qovuşur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə artıq şəhərdə tarixi abidələrin, yolların, ümumiyyətlə, bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edir. Şuşa mənim düşüncəmdə  insanların həyat eşqini yüksəldən, yaşamağa sövq edən möcüzələr diyarıdır. Şuşa insanlığın, mədəniyyətin, cəsarətin, mərdlik və qəhrəmanlığın, sənətin, muğamın bir sözlə, yüksək, bəşəri mədəniyyətin emblemidir. Xarıbülbül isə ulu diyarımızın bir nümunəsidir - bu füsunkar gözəllik məhz Şuşanın Cıdır düzündə özünü bir işıq kimi parladır. Xarıbülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. “Xar” sözü tikan mənasını verir, yəni “tikanlı bülbül”. Xarıbülbül indi çiçək açaraq boynunu bükmədən, pis əllərdən uzaq, azad, alnıaçıq nəfəs alır. Maraqlıdır ki, xarıbülbül öz doğma Vətənindən başqa heç yerdə bitmir. Çoxları bu çiçəyin Vətənini dəyişməyə çalışsa da, onu kökündən çıxarıb başqa yerdə əkmək istəsə də, nəticə verməyib. Xarıbülbül bir çoxları üçün nisgil, kədər, həsrət simvolu olmaqla yanaşı, bir çoxları üçün isə sevinc, nəşə, azadlıq rəmzinə çevrilib.

Xatırladaq ki, kədərimiz ömrünün cavan çağında şəhid və qazi olmuş qardaşlarımız, sevincimiz isə Qələbəmizdir. Onların sayəsində həsrətimiz sona çatıb, üzümüzdə güllər açıb. Xarıbülbül bu gün  öz gözəlliyi ilə qalib Qarabağ torpağına ayaq basan hər kəsi özünə heyran edir.

Günay HACIYEVA

Nəşr edilib : 27.09.2024 15:08