NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Xankəndidə keçirilən Qlobal Media Forumu

...

 Zəfərimizin söz və informasiya təntənəsi
Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu təkcə informasiya sahəsinə dair müzakirə platforması deyil, eyni zamanda Azərbaycanın qazandığı tarixi Zəfərin davamı, informasiya cəbhəsində nümayiş olunan qətiyyətin təcəssümüdür. Bu tədbirin məhz Xankəndidə keçirilməsi isə hər bir Azərbaycan vətəndaşı üçün qürurverici hadisə, sözün əsl mənasında tarixi məqamdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forumda iştirakı və etdiyi çıxış isə yalnız bu mötəbər tədbirə siyasi və strateji əhəmiyyət qazandırmadı, eyni zamanda Azərbaycanın media sahəsində öz milli maraqlarını açıq şəkildə ifadə etməyə və qorumağa davam etdiyini bir daha göstərdi.
Prezident İlham Əliyev çıxışında informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və media mühitinin rəqəmsal transformasiyası ilə yanaşı, bir sıra geosiyasi məsələlərə də toxundu. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfənin və strateji baxışının bir göstəricisidir. Bu dəhlizin gələcəkdə bölgənin inkişafına, sülhə və əməkdaşlığa xidmət edəcəyi vurğulanaraq bir daha bəyan olundu ki, Azərbaycan öz iradəsinə sadiqdir və bu yolun davamı təmin olunacaq.
Xankəndidə Forumun keçirilməsi Zəfərimizin informasiya meydanında da təsdiqidir. Vətən müharibəsində yalnız ərazi deyil, informasiya məkanı da azad edildi. İndi həmin məkanın mərkəzində – illərlə düşmənin təbliğat yuvasına çevrilmiş Xankəndidə – qlobal media tədbirinin keçirilməsi Azərbaycanın qalibiyyətini təkcə hərbi yox, ideoloji və informasiya cəbhəsində də möhkəmləndirir.
Bu gün qürurla deyə bilərik ki, Azərbaycanın səsi artıq beynəlxalq platformalarda daha güclü, daha inamlı və daha sistemli şəkildə eşidilir. Qlobal çağırışlara cavab verən ölkə olaraq Azərbaycan media sahəsində də təşəbbüskar rolunu qoruyur və gələcəyə doğru möhkəm addımlarla irəliləyir.
Belə bir forumun məhz Xankəndidə keçirilməsi, Prezidentimizin iştirakı ilə yüksək səviyyədə baş tutması hər birimizin qəlbində iftixar hissi doğurur. Bu, Zəfərimizin sarsılmazlığı, milli birliyimizin və güclü dövlətçiliyimizin təntənəsidir.

Sevil HACIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 19.07.2025 19:03