NAXÇIVAN :

16 Iyul 2025, Çərşənbə

Xankəndi Zirvə görüşü Azərbaycanın diplomatik uğurlarının növbəti zirvəsidir

...

Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü təkcə Azərbaycanın diplomatik və siyasi uğuru deyil, həm də regionun sabitliyi və gələcəyi naminə böyük bir irəliləyişdir. Bu mötəbər tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın regional liderliyini və qlobal proseslərə verdiyi töhfəni bir daha ortaya qoydu.

Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevinc Həsənova deyib.

Deputat qeyd edib ki, Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi təsadüfi deyil: "Bu, həm işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin miqyasını nümayiş etdirdi, həm də Azərbaycanın sülhə və əməkdaşlığa verdiyi önəmi simvolizə etdi. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa edib, həm də işğaldan azad olunmuş torpaqlarda yeni həyat qurur, müasir şəhərlər salır, qayıdışı təmin edir".

Sevinc Həsənova bildirib ki, xüsusilə vurğulanmalı məqamlardan biri, Azərbaycanın regionda nəqliyyat və enerji layihələrinin aparıcı iştirakçısı kimi mövqeyini möhkəmləndirməsidir. Qaz ixracı, strateji dəhlizlərdəki rolu və COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi Azərbaycanın qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Bununla yanaşı, Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində Azərbaycanın ardıcıl siyasəti və bu məsələnin artıq beynəlxalq təşkilatlar səviyyəsində tanınması da əhəmiyyətlidir. İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr və bəyanatlar Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəkləndiyini göstərir.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il ilk dəfə keçirilən “ECO Həftəsi” və bu çərçivədə Şuşa, Ağdam və Laçında təşkil edilən forumlar Azərbaycanın İƏT daxilində rolunun getdikcə artdığını göstərdi. Xankəndi Zirvə görüşü Azərbaycanın diplomatik uğurlarının növbəti zirvəsidir və əminəm ki, bu iradə, bu liderlik ölkəmizin və regionun davamlı inkişafını təmin edəcəkdir"– deyə Ali Məclisin deputatı əlavə edib.

Nəşr edilib : 05.07.2025 17:15