NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Xalqımızın milli qurtuluş, inkişaf və tərəqqi salnaməsinə yazılan tarix

...

Ümummilli Liderimizin həyatı və zəngin dövlətçilik fəaliyyəti Azərbaycanın inkişafı ilə sıx şəkildə bağlıdır. 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn Ulu Öndərimiz sosial-iqtisadi böhran keçirən, geridə qalan Azərbaycanı qısa zaman  ərzində keçmiş İttifaqın ən qabaqcıl  respublikalarından birinə çevirmişdir. 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirilən kompleks tədbirlər, elm, təhsil, səhiyyə, mədəniyyət, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə görülən işlər XX əsrin 90-cı illərində Azərbaycanın müstəqillik əldə etməsinə şərait yaratmışdır. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin dövrdə təməli qoyulmuş potensiala əsaslanır.

1969-cu ildə əsası qoyulan dirçəliş və inkişaf strategiyası nəticəsində yaranmış böyük iqtisadi potensial XX əsrin 80-ci illərinin sonundan başlayaraq dağıdılıb bərbad hala salınsa da, 1993-cü ildən sonra yenə bu müdrik insanın böyük iradəsi və səyləri ilə bərpa edildi. 1993-cü ilin iyununda əldən getməkdə olan dövlət müstəqilliyini Azərbaycana dahi şəxsiyyət Heydər Əliyev qaytarmışdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz Ümummilli Liderimiz təlatümlər burulğanından xilas etmiş, möhkəm ictimai-siyasi sabitlik yaratmış, Azərbaycanı ötən əsrin 70-ci illərindən başlanan quruculuq xəttinə qaytararaq hərtərəfli inkişaf yoluna çıxarmışdır. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmayacaqdır.         

“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır”, – deyən Ümummilli Lider Heydər Əliyevin ən böyük xoşbəxtliyi onun adının müstəqil Azərbaycan dövləti ilə birgə çəkilməsi, qüdrətli şəxsiyyət kimi Azərbaycan xalqının taleyinə qurtuluş tarixini yazmasıdır. Ulu Öndərin azərbaycanlı olmağı ilə fəxr edərək sonsuz iftixar və qürur hissi ilə səsləndirdiyi “Azərbaycan mənim qibləgahımdır!” fikrini dahi ömrünün manifesti hesab etmək olar. O manifestin hansı səhifəsini çevirsək, orada Azərbaycan naminə sonsuz fədakarlıqlar göstərən, həyatını Azərbaycana həsr edən, müstəqil Azərbaycan uğrunda öz canından keçməyə hazır olan dahi bir şəxsiyyət, görkəmli dövlət xadiminin tale yolunu görərik.

1969-cu il iyulun 14-də hakimiyyətə gələn 46 yaşlı dövlət təhlükəsizlik orqanı generalı və güclü siyasi iradə sahibi olan Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumalı, heç bir əsas olmadan tarixi torpaqlarımızın Ermənistana güzəştə gedilməsinin qarşısını almalı, iqtisadiyyatı dirçəltməli, sosial ədalətsizliyi aradan qaldırmalı, bir sözlə, xalqı yaşatmalı idi. Bununla yanaşı, təhsil, mədəniyyət və sosial sahədə də öz həllini gözləyən ciddi problemlər yığılıb qalmışdı. Ulu öndərimizin Azərbaycan naminə fəaliyyətinin bu mərhələsi qeyd olunan problemlərin qısa müddətdə aradan qaldırılmasına, dərin köklərə və qədim mədəniyyətə malik olan xalqın tarixi yaddaşının, torpağa sahiblik hissinin bərpasına, bununla birlikdə Azərbaycanın özünə qayıdışına hesablanmışdı.

Ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizin vətəndaş müharibəsinə, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda Ümummilli Liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etmiş, onu əsl müstəqilliyinə qovuşdurmuşdur. 1990-1993-cü illərdə dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə səbəb olmaqla yanaşı, milli dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsi ilə tarixə yazılmışdır. Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 70 ildən sonra üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırılmış, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılmış, Naxçıvan SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda iştirak etməmiş, digər tərəfdən isə qonşu ölkələrlə münasibətlərə üstünlük verilmiş, xarici iqtisadi əlaqələr yaradılmışdır.

1993-cü ildə ölkəmiz milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşəndə Ulu Öndər Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış və bu qayıdış xalqımızın ən yeni tarixinə Vətənimizin xilası kimi yazılmışdır. Eyni zamanda bu qayıdış ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsinə, ölkəmizin təlatümlər burulğanından xilas olmasına, müstəqilliyimizin qorunub saxlanmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, möhkəm ictimai-siyasi sabitliyin yaradılmasına, Azərbaycanın iqtisadi inkişafına böyük təkan verən “Əsrin müqaviləsi”nin imzalanmasına, yerli və xarici investisiyaların cəlb edilməsinə, müasir istehsal müəssisələrinin qurulmasına, infrastrukturun yenilənməsinə şərait yaratmışdır.

Vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə üz-üzə qalanda yenə də O böyük şəxsiyyət – Heydər Əliyev xalqının köməyinə gəldi, Azərbaycanı, xalqımızı labüd olan böyük fəlakətlərdən, bəlalardan hifz etdi və xalqının əsl xilaskarı oldu. Bütün ömrünü xalqına həsr etmiş dahi insan həyatının mənasını belǝ qiymətləndirirdi: “Mən həyatımı insanlara sǝadət gətirməyə həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın yaxşılaşmasına həsr etmişəm. Həyatımı Azərbaycanda qurub-yaratmağa həsr etmişəm”. Ömrünün son gününədək sözünün sahibi oldu.

Ulu Öndər 2003-cü ildə verdiyi xeyir-duası ilə Azərbaycanın sürətlə inkişaf edərək dünya miqyasında layiqli yerini tutacağına, işğal altındakı torpaqlarımızın düşməndən azad olunacağına möhkəm əminlik ifadə etmişdi. Çox keçmədi ki, Ümummilli Liderin yüksək inam, ali etimadı özünü doğrultdu. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi.

Ümummilli Liderimizin yolu ilə gedən Azərbaycanda əldə olunan  yüksək sosial-iqtisadi göstəricilər təsdiq edir ki, Heydər Əliyevin ideyaları bu gün də yaşayır, sabah da ölkəmizin yoluna işıq salacaq, Azərbaycanın gələcəyi daha xoşbəxt, firavan olacaqdır. Çünki Onun ideyalarının tükənməz, yaradıcı gücü xalqımızın nurlu gələcəyi üçün sönməz məşəldir . Görülən işlər ölkəmizi günü-gündən irəliyə aparır. Artıq Azərbaycan bu gün regionda söz sahibi olan, iqtisadi qüdrətinə görə dünyanın aparıcı dövlətləri sırasına çıxan ölkədir. Ulu Öndər Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir.

1969-cu ilin 14 iyulundan yazılan bu tarix isə xalqımızın milli qurtuluş, inkişaf və tərəqqi salnaməsinə çevrilib. Tariximizin 14 iyul 1969-cu ildən başlanan dövründəki sosial-iqtisadi və mədəni inkişafı Ulu Öndərimizin adı ilə bağlıdır. Millətimizi, xalqımızı, dövlətimizi dünyada tanıtdıran da bu böyük şəxsiyyət olub. Bu gün Ulu Öndər cismən bizdən ayrılsa da, onun şah əsəri olan müstəqil Azərbaycan dövləti daim yaşayacaq, Heydər Əliyev siyasəti xalqımız üçün əbədi bir siyasət olacaqdır.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Nəşr edilib : 14.07.2025 12:15