NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

Xalqı düşünən

...

(əvvəli saytın 6 noyabr 2024-cü il tarixində)

Ancaq fərman, sadəcə, qəzetləri məhdudlaşdırmır. Bəs kitablar haqqında necə? Bundan sonra bütün kitablar da latın qrafikası ilə çap edilməlidir. Məsələn, bizim məktəblərimizdə – orta məktəbdən başlayaraq dərsliklərin hamısı artıq latın əlifbası ilə nəşr edilib. Bu göstərir ki, bizim gənc­liyimiz artıq latın əlifbasını oxumağı bilir. Yalnız latın qrafikasını bilməyən daha yaşlı insanlardır, çünki onlar kiril əlifbasında təhsil alıblar. 
Ancaq mən latın qrafikalı əlifbaya keçmək üçün onları hansı müddətə qədər gözləməliyəm? XX əsrin əvvəllərində (1923) Azərbaycan bütün İslam dünyasında ərəb əlifbasından latın əlifbasına keçən birinci ölkə idi. Biz hətta bunu türklər latın əlifbasına (1928) keçəndən əvvəl etdik. Azərbaycan 1923-cü ildə sovet hakimiyyəti altında olarkən bizim istifadə etdiyimiz ərəb əlifbasını dayandırdı və latın əlifbasına keçdi. Beləliklə, bizim əlifbamız 1923-cü ildən 1939-cu ilin sonuna qədər rəsmi şəkildə latın əlifbası olub. Sonra 1940-cı ildə Stalin bütün xalqları ruslaşdırmaq məqsədilə kiril əlifbasını qəbul etdirdi.
Müxalifət deyir ki, latın əlifbasını öyrənmək üçün bizə daha bir neçə il lazımdır. Ancaq Ordu Gününə (26 iyun) həsr edilmiş tədbirdəki çıxışımda mən xalqımıza xatırlatdım ki, 1923-cü ildə yenidən bizim əlifbamız ərəb əlifbasından latın əlifbasına dəyişdirilmişdi. Beş il sonra mən məktəbdə oxuyanda latın əlifbasında təhsil aldım. Mən orta məktəbdə ərəb əlifbasını öyrənmədim. Biz o zaman yenidən latın əlifbasını öyrəndik. 
Doğrudur, daha sonra mən ərəb əlifbasını öyrəndim. Ancaq sizin bildiyiniz kimi, hətta sovet dövründə onlar üç, yaxud dörd ilin ərzində latın qrafikasına dəyişiklik etdilər. 1939-cu ildə onlar kiril qrafikalı əlifbanı qəbul edəndə dəyişmə prosesi dəqiq olaraq iki və ya üç ilə həyata keçirildi. Və mən indi, müstəqillik dövründə insanların latın əlifbasını öyrənməsi üçün çox illər gözləməliyəm? Məhz ona görə də mən konkret qanun qəbul etdim. Bu qanuna aşağıdakı şərtlər daxildir: 
1) Avqustun 1-nə qədər bütün rəsmi sənədlər hökumət idarələrinin hamısında Azərbaycan dilində olmalıdır; 
2) Yalnız Azərbaycan dilində latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmalıdır. 
Mənim bütün fərmanlarım və prezident dəftərxanasından xaric olan sənədlər, demək olar, uzun müddətdir ki, latın əlifbasında dərc olunmuşdur. Ancaq başqa idarələrdə onlar hələ də rus dilində yazırlar. Mən bilirəm ki, bu bir az çətindir. Ancaq mən çox təcrübəli şəxsəm və bilirəm ki, əgər problemə ciddi yanaşırsansa, rəhbər insanlara tapşırıq verəndə son müddət müəyyən edilməlidir, şəxsin üzərinə işi yerinə yetirməsi üçün müəyyən vaxta qədər öhdəlik qoyulmalıdır. Əgər vaxt çərçivəsi təyin olunmursa, insanlar səy göstərməyəcək. Məhz ona görə mən bunu etdim. 
Betti Bleyer: – Latın əlifbasına münasibətdə beynəlxalq təşkilatlardan nəyi rica edirsiniz? Siz Azərbaycanda işləyən xarici şirkətlərdən və səfirliklərdən nə gözləyirsiniz? 
Heydər Əliyev: – Eyni tələbi. Onların lövhə və reklam tabloları, rəsmi sənədləri və yazışmaları bizim xalqımızla bağlı olduğuna görə rus dilində deyil, Azərbaycan dilində olmalıdır. Vizaya görə müraciətlər, bütün məlumatlar rusca deyil, Azərbaycan dilində olmalıdır. Və latın qrafikalı Azərbaycan əlifbası ilə olmalıdır. Əgər onlar bizim ölkəmizə hörmətlə yanaşırlarsa, ölkəmizin qanunlarına da hörmət etməlidirlər. 

Betti Bleyer: – Əgər biz mövzunu dəyişə biləriksə, mən sizdən keçid dövründə bir rəhbər kimi sizin rolunuzla bağlı sualları soruşmaq istəyirəm. Mən yenə də sizin şəxsi perspektiviniz ilə maraqlanıram. Siz sovet və indiki müstəqillik dövründə Azərbaycana rəhbərlik edən şəxs kimi – Qərb hökumətinin bu, iki – bir-birinə zidd forması arasında – keçid prosesi haqqında ən az başa düşdüyünü necə hiss edirsiniz?
Heydər Əliyev: – Siz bilirsiniz ki, bu, böyük bir problemdir. Təəssüf ki, Avropada və Amerikada belə bir fikir vardı və həmin fikrin əsasında bir siyasət yürüdüldü ki, sovet ittifaqı dağılandan sonra yaranmış bütün bu müstəqil dövlətlər sovet sistemindən əl çəkdilər, Avropa və Amerika  bizdən demokratiya yolu ilə getməyimizi istədi. Ancaq onlar başa düşməlidirlər ki, bu proses birdən-birə baş vermir. Demokratiya bir gündə, bir ayda, bir ildə, hətta beş il içərisində ola bilməz! Bu, Qərbin ən böyük səhvidir. Onlar bu keçid dövrünün necə böyük proses olduğunu başa düşmür.
Dünən mən Amerika səfirliyində (Müstəqillik Günü ilə bağlı tədbir, 4 iyul) nitqimdə dedim: “Siz 225 ilə çox nailiyyətlər əldə etmisiniz”. Konstitusiya dövlətin təməlidir. Qaydalar müəyyən edildikdən sonra idarəetmə başladı. Ancaq mən hesab edirəm ki, Amerikanın ən böyük şansı o olmuşdur ki, Şimal-Cənub (Vətəndaş) müharibəsindən (1861-1865) sonra Amerika torpağında heç bir müharibə olmayıb.
Müqayisə edin, nəzərə alın, Avropa ərazisində nə qədər müharibə olub? Azərbaycan indi müstəqil dövlətdir, ancaq Ermənistan hələ də bizim ərazimizi (1992-ci ildən bəri) işğal altında saxlayır. Və hətta burada, Azərbaycanda hakimiyyət uğrunda bir mübarizə var. Silahlandırılan qruplar və başqa cinayətkarlar var. Belə bir vəziyyətdə Amerikadan demokratiyanı buraya gətirmək və onu burada qəbul etdirmək qeyri-mümkündür. 
Təəssüf ki, amerikalı və qərbli insanlar bunu başa düşmür. Onlar fikirləşirlər ki, hər şey onların ölkə­lərindəki kimi olmalıdır. Ancaq bu, düzgün deyildir. Mən dəfələrlə bunu demişəm. 
Sovet dövründə bizdə bir  ifadə var idi: “Sosialist inqilabının ixracatı”. Bunun mənası nə demək  idi? İkinci Dünya müharibəsindən əvvəl yalnız  bir sosialist ölkəsi var idi – SSRİ. Bütün dünyada sosializmi qurmaq Leninin ideyası idi. Sovet liderləri İkinci Dünya müharibəsindən sonra bu ideyanı həyata keçirməyə çalışdılar, ancaq onlar buna nail ola bilmədilər. 

Faşizm üzərində qələbənin ardınca müstəmləkəçiliyin tədricən iflası – Asiya və Afrika ölkələri müstəqilliklərini əldə etdikdən sonra SSRİ həmin ölkələrin bəzilərinə sosialist inqilabını ixrac etməyə cəhd etdi. 
Kuba tipik bir nümunədir. 1953-cü ildə Fidel Kastro Batistaya  qarşı çıxanda onun fikrində  sosialist olmaq ideyası yox idi. O, sadəcə, ölkəsinin idarə edildiyi ənənəvi yolu qəbul etmirdi. Fidelin sosialist-kommunist olması beş-altı il çəkdi... 
Bir tərəfdən o, Rusiyanın, digər tərəfdən isə Çinin təsiri altında idi. Kimsə deyə bilər ki, o zaman sosialist inqilabı Kubaya ixrac edildi və siz Fidelin Kubasında bu gün vəziyyəti bilirsiniz.

Yaxud Anqola, Efiopiya və digər Afrika ölkələrini götürək. Onlar da sosializmi qurmağa cəhd etdilər. Ərəb ölkələrində onlar ərəb sosializmini qurmağa çalışdılar. Məsələn, Misirdə Camal Əbdül Nasser (1918-1970) ölkəni Britaniya müstəmləkəçiliyinin məngənəsindən azad etdi. SSRİ dərhal Ərəb Sosialist Partiyası adlanan partiya yaratdı. 1973-cü ildə mən Misirə getdim və həmin partiyanın liderləri ilə görüşdüm. Mən həmçinin Nasser ilə tanış oldum, o, bir dəfə buraya – Azərbaycana gəldi. Mən Ənvər Sadət (1918-1981) ilə də tanış oldum. Ancaq sosializm ərəb mentalitetinə yaramadı.
Bu ölkələrin sosializm quruluşuna keçməsi uzun vaxt çəkdi. Bu faktlar göstərir ki, siyasi sistemləri güc ilə,  zorla qəbul etdirmək olmaz. Məsələn, Rusiya imperiyasının süqutundan sonra bolşeviklər sosialist inqilabları ilə hakimiyyətə gəldilər. Və  onlar nə  etdi? Onlar güc tətbiq etməklə hər şey etdilər. Onlar bir çox repressiyalar – cəza tədbirləri həyata keçirdilər. Nə üçün? Sosialist ideologiyasını zorla qəbul etdirmək məqsədilə. İnsanların çoxu öldü, çoxları qaçdı, çoxları sürgünə göndərildi. Lakin qalanlar isə sağ qalmaq üçün ideologiyanı qəbul etməyə məcbur edildi.
Mən anadan olanda Azərbaycan artıq sosializm sistemi ilə idarə edilirdi. Mən uşaq idim. Repressiyalar haqqında heç nəyi bilmirdim, hətta baxmayaraq ki, onlar mənim gənclik illərimdən cəmi bir neçə il əvvəl baş vermişdir. Və mən məktəbə gedəndə Leninin, Marksın və Stalinin əsərlərini öyrənməyə başladım. Bizə o zamandan əvvəl baş vermiş hadisələr haqqında heç nə deyilmədi. Mənim beynim sosializm haqqında fikirlər ilə dolduruldu. Siz başa düşürsünüzmü?

Məsələn, dünən Moskvada Dövlət Duması (Parlament) Əmək Məcəlləsi haqqında qərar qəbul etmək istədi. Onlar so­sializm dövründə  mövcud olmuş sistemi dəyişmək istədilər. Ancaq insanlar Duma üzvlərinə çox qəzəbləndilər. Onların Jirinovskini necə döydüklərini televiziya göstərdi. Niyə? Çünki 70 il ərzində insanlar bu sistemdə yaşamışdır və buna alışmışdır. Və onlar bu sistemdən necə xeyir götürməyə öyrənmişdilər. Bu sistemi belə tezliklə dəyişmək qeyri-mümkündür. 
Azərbaycanda mən çox qısa vaxtda islahatlar həyata keçirdim. Məsələn, torpaqları kəndlilərə qaytardım. Ancaq mən bunu edəndə Rusiya və Ukrayna kimi böyük ölkələr hələ bunu edə bilməmişdilər. Nə üçün? Çünki burada, Azərbaycanda insanlar mənə inanırdılar. Mən dedim ki, “Siz bilirsiniz ki, mən 14 il ərzində burada kommunist rəhbəri olmuşam. Siyasi Büroda altı ilə yaxın işimi davam etdirmişəm. Mən bu ölkədə sosialist sisteminin proqramlarının əksəriyyətini həyata keçirdim. Ancaq mən sizə deyirəm ki, bir dəfə təcrübədən keçirdiyim o “kolxozlar” və “sovxozlar” daha yaxşı nəticələr vermirlər. Beləliklə, mən kolxozları və sovxozları ləğv edirəm və bu torpağı sizə verirəm”. İnsanlar mənə inandı və indi biz nəticələri görürük.
Demokratik düşüncəli xalq olmaq bir prosesdir. Müxtəlif ölkələrdə müxtəlif vaxt çərçivəsi tələb edir. Bəzi ölkələrdə bu proses beş il çəkə bilər; başqalarında isə on, iyirmi və ya otuz il. Demokratiyanı ya güc tətbiq etməklə, ya da inqilab yolu ilə – zorla qəbul etdirmək olmaz. Demokratiya inqilabi deyil, təkamül prosesidir. 
Keçən yay, mən ata Buş ilə (Əliyev Menində ata Corc Buşun yay evinə dəvət edildi) söhbət edəndə bizim hər ikimiz razılaşdıq ki, demokratiya yoluna yenicə qədəm qoyan ölkələrdə bu konsepsiya insanlara hər iki – qəbul edəcəkləri və maraqlarına xidmət edəcək belə bir yolla təqdim edilməlidir. Əgər bu cəlbedici konsepsiya deyildirsə, insanlar bunu başa düşə bilmirsə, onda hökuməti demokratiya qurmaq olmaz. Siz güclə heç nəyi edə bilməzsiniz. Zahirən deyə bilərsiniz “Bəli, bu demokratiyadır”, ancaq daxildə heç bir demokratiya olmayacaq.
İndi siz deyirsiniz ki, mən həm o sistemdə, həm də  bu sistemdə – hər ikisində  yaşamışam. Mən hər iki sistemin müsbət tərəflərini təcrübədən keçirmişəm.  Azərbaycan sovet sistemindən çox böyük xeyir götürdü. Mən burada nəhəng fabriklər, elektrik stansiyaları, yollar, körpülər, yaşayış binaları tikdim.
Hələ Moskvada Siyasi Büronun üzvü olarkən mən başa düşürdüm ki, bu sistemin vaxtı çatıb və gələcəkdə inkişaf edə bilməz. Mən bilirdim ki, sistemdə durğunluq və tədricən dağılma olacaq. Mən bunu başa düşürdüm. Və bu mənim sosializmin dəyişdiyi vaxt fikrim idi.
Məsələn, indi mən bunu açıq deyirəm, bazar iqtisadiyyatı sistemi çox əhəmiyyətli iqtisadi sistemdir. Sosialist iqtisadiyyatına əsaslanan hökumət ilə müqayisədə bazar iqtisadiyyatı daha çox xeyirlidir. Ancaq bizim insanlar bir vaxtlar hamıya eyni cür yanaşan sovet sisteminin hakimiyyəti altında 70 il yaşamış insanlardır. İndiki zamanda bəzi insanlar bazar sistemi ilə varlanıb, hələ də digərləri çox kasıb yaşayır və heç bir işi yoxdur.
Amerikada insanların çoxu kasıb yaşayırdı. İqtisadiyyat inkişaf etdiyinə görə insanların bəziləri gərgin əməyin və bacarıqlarının sayəsində varlandılar. Ancaq digər insanlar kasıb olaraq qaldılar. Dövlət varlanandan sonra onda dövlət kasıb təbəqəni dəstəkləmək və işsiz əhalini işlə təmin etmək məqsədilə yollar axtarıb tapmağa başladı. 
Ancaq burada o hələ də qeyri-mümkündür. Bizə o səviyyəyə çatmaq üçün, təxminən, 20-30 il lazımdır. 
Sovetlər fikirləşirdi. “Mətbuat azadlığı nəyimə lazımdır?”, “Fikir azadlığı nəyimə lazımdır?” O zaman tək bir fikir var idi, Marksizm – Leninizm və hər kəs o ideologiya ilə yaşayırdı; yalnız bir partiya – Kommunist Partiyası var idi. Və Sovet İttifaqı dağılmağa başlayana qədər insanların əksəriyyəti bu cür düşünürdü.
Lakin “dəmir pərdə” düşəndən sonra insanlar dəyişməyə başladı. Ancaq əhalinin əksəriyyəti, xüsusilə kəndlər hələ də işlərinin gedişatı ilə kifayətlənirdi. Onlar yaxşı yaşayırdılar və hesab edirdilər ki, yaşayışlarını bu cür davam etdirə bilərdilər. 
Dünən mən televizora baxırdım və ictimai rəy sorğusunun nəticələrini verirdilər: “Hansı daha yaxşı idi, sosializm, yoxsa kapitalizm?” İnsanların çoxu bu fikirləri deyirdi: “Mən sovet dövründə müəllim işləyirdim və əməkhaqqım 240 rubl idi. Mən çox yaxşı yaşayırdım. Bu gün mən yenə də müəlliməm, 20-25 “şirvan” (bir “şirvan” 10 000 manata bərabərdir) alıram, ancaq mən o dövrdəki kimi yaşaya bilmirəm, mən o günlərə geri qayıdıb yaşayardım”.
Bunlar keçid dövrünün problemləridir. Ancaq hər kəs bunu başa düşmür. Və müxalifət vəziyyətdən öz xeyrinə sui-istifadə edir. Bir tərəfdən, onlar deyirlər ki, biz bazar iqtisadiyyatına, sahibkarlara və burjuaziya cəmiyyətinin formalaşmasına ehtiyac duyuruq; digər tərəfdən onlar soruşurlar: “Nəyə görə insanlar kasıb və işsizdir?” 
Dövlətin daha güclü və varlı olması üçün bazar iqtisadiyyatının inkişaf etdirilməsinə ehtiyac duyulur. Ondan sonra dövlət kasıblara və işsizlərə kömək etməlidir. Bu dəqiqə bu qeyri-mümkündür. Biz ya sosializmə (bizim üçün artıq mümkün deyildir) qayıtmalı, ya da özünəməxsus çətinlikləri olan kapitalizm yolu ilə getməliyik. Vəziyyət belədir. Bunlar indiki dövrün yeganə seçimləridir.  

 İngilis dilindən tərcümə etdi:
Süsənbər AĞAMALIYEVA filologiya üzrə fəlsəfə doktoru

 

Nəşr edilib : 11.12.2024 09:40