Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
“Boysun Baharı” beynəlxalq etnofestivalı Özbəkistanın Surxandərya vilayətinin Boysun rayonunda yerləşən Baisuntau dağlarında keçirilən və regionun zəngin mədəni irsini əks etdirən mühüm beynəlxalq tədbirdir.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, mayın 1-dən 3-dək keçirilən VIII “Boysun Baharı” beynəlxalq folklor festivalı müxtəlif ölkələrdən iştirakçıları bir araya gətirərək qeyri-maddi mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Festival çərçivəsində milli geyimlər, musiqi alətləri, ənənəvi mətbəx və tətbiqi sənət nümunələri təqdim olunub, güləş, kuraş və kupkari kimi milli idman yarışları keçirilib, həmçinin sənətkarların əsərləri nümayiş etdirilərək ustad dərsləri təşkil edilib.
İyirmidən çox ölkənin iştirak etdiyi bu festivalda Böyük Britaniya, Belçika, Niderland, Rusiya, Yaponiya, Türkiyə, Azərbaycan, Pakistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi dövlətlər əsas iştirakçılar qismində təmsil olunub.
Tədbirdə ölkəmiz Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmsil olunub, Mərkəzin layihəsi çərçivəsində “Gənc aşıqlar” qrupu çıxış edib. Qrupun ifası Azərbaycan xalq musiqisinin çoxşaxəli inkişafını, saz ifaçılığı məktəbinin özünəməxsus cəhətlərini və milli-mənəvi dəyərlərimizi əks etdirərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, təqdim olunan proqram çərçivəsində Azərbaycanın zəngin folklor irsi, o cümlədən aşıq yaradıcılığı və ənənəvi ifaçılıq mədəniyyəti haqqında geniş təsəvvür formalaşdırılıb.
Belə tədbirlərdə iştirak Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, eləcə də Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlığın inkişafı və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Boysun rayonunda belə nüfuzlu festivalın keçirilməsi təsadüfi deyil. Ərazi zəngin qeyri-maddi mədəni irsi ilə seçilir. Boysun mədəniyyət məkanı 2001-ci ildə UNESCO tərəfindən tanınıb, 2008-ci ildə isə Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
Digər xəbərlər