NAXÇIVAN :

24 Iyun 2025, Çərşənbə axşamı

Xalq teatrı uğurlu yoldadır

...

Əvvəlki yazılarımızda muxtar respublikamızda fəaliyyət göstərən teatrlar, xalq teatrlarının cəmiyyət həyatındakı yeri və rolundan geniş şəkildə bəhs etmişdik. Budəfəki yazımızda isə Babək Rayon Xalq Teatrı haqqında danışacağıq. Bu mədəniyyət müəssisəsi haqqında ətraflı məlumat almaq üçün yollanırıq rayon Mədəniyyət Sarayına. Sarayın direktoru  Ələkbər İsmayılov 2009-cu ildən fəaliyyət göstərən teatr haqqında bizi məlumatlandıraraq bildirdi ki, hazırda teatrda kitabxanaçılar, mədəniyyət işçiləri, muzey işçisi və başqalarından ibarət 5 həvəskar aktyor və 4 aktrisa çalışır ki, onları bura gətirən teatra olan maraq və həvəsləridir. Teatrın inkişafında böyük əmək sərf etmiş, 100-dən çox tamaşanın rejissoru olmuş,  dəfələrlə fəxri fərman  və diplomlarla  təltif edilmiş, Prezident mükafatçısı 70 yaşlı Yusif Əliyev 2009-cu ildə Babək Rayon Mədəniyyət Sarayında fəaliyyət göstərən teatr dərnəyini böyütmüş və bununla da xalq teatrı statusu almışdır. Teatr yaranan zamandan burada çalışaraq öz təcrübəsi ilə gənclərə stimul olan Stella Babayeva isə təcrübəli aktrisalarımızdandır.

Ələkbər müəllim bildirir ki, teatra olan həvəsi onu səhnəyə çıxmağa vadar edib və o 2015-ci ildən burada fəaliyyət göstərir.

Fəaliyyətə başladığı gündən müxtəlif tamaşalarla çıxış edən teatrda indiyədək bir çox əsərlər səhnələşdirilib. Bunlardan 2011-2023-cü illər aralığında tamaşaya qoyulmuş Hüseynbala Mirələmovun “Xəcalət”, İlyas Əfəndiyevin “Unuda bilmirəm”, Bəxtiyar Vahabzadənin “Yollara iz düşür”, Məhərrəm Əlizadənin “Şeyx Rəhmətulla”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz”, Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin”, Süleyman Rüstəmin “Durna”, Hüseyn Cavidin “Ana”, Q.Fiqereydonun “Ezop”, Mirzəağa Atəşin “Şərəfin sandığı” və daha bir neçə səhnə əsərinin adlarını sadalamaq olar.

Müsahibim bildirir ki, belə əsərlərin geniş tamaşaçı auditoriyası tərəfindən maraqla qarşılanmasında əməyi keçən İlman İbrahimov, Rasim Qasımov, Abbas Babayev, Nuray Mehdiyeva  və Gülzar İsmayılova teatr sahəsində uğurlu nailliyətlər əldə etmiş əməkdaşlarımızdandır. Rasim Qasımov  “Bəxtsiz cavan” tamaşasında Bəxtsiz cavan, “Qız atası”nda Yariki, son dövrlərdə isə “Durna” tamaşasında Dursun obrazlarını canlandırmışdır.

İlman İbrahimov bir çox tamaşalarda rol alıb. Ancaq onun “Ezop” tamaşasında canlandırdığı rol aktyora daha böyük uğur qazandırıb. Teatrın uğur qazanmasında Gülzar İsmayılovanın da əməyi az deyil. O Hüseyn Cavidin “Ana” əsərindəki Ana rolunun mahir ifaçısıdır.

Teatrın dəfələrlə uğurlu nəticələr əldə etdiyini bildirən müsahibim qeyd edir ki, ən böyük uğurlarımızdan biri 2015-ci ildə olmuş, “Xalq teatrlarının muxtar respublika festivalı”nda birinci yerə layiq görülərək diplom və fəxri fərmanla təltif edilmişik. 2017-ci ildə isə teatr festivalda Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edərək “Ən aktual mövzulu tamaşa” nominasiyası üzrə birinci dərəcəli diplomla mükafatlandırılmışdır.

Öyrəndik ki, teatr yaxın zamanlarda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında tamaşaçı qarşısına çıxacaq. Teatrsevərlərə təqdim olunacaq Rüfət Əhmədzadənin “Sizinlə gülə-gülə” musiqili komediyasının hazırda məşq prosesləri gedir. Ailə-məişət mövzusunda olan tamaşada bir kişinin pul qazanmaq üçün hansı yollara əl atdığından bəhs edilir.

Müsahibimiz sonda onu da vurğuladı ki, Babək Rayon Xalq Teatrı bundan sonra uğurlarını daha da artıracaq, maraqlı səhnə əsərləri ilə tez-tez tamaşaçıların görüşünə gələcək.

                                       Türkanə ƏSƏDOVA

Nəşr edilib : 17.06.2025 15:17