NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

Xalq artisti Mənsum İbrahimov: Naxçıvan tamaşaçılarını çox sevirəm

...

Xalq artisti Mənsum İbrahimov Naxçıvan Dövlət Universitetinin dəvəti və təşkilatçılığı ilə ali təhsil ocağında qonaq olub. O, universitetdə keçirilən görüş zamanı Naxçıvanın musiqi mühiti, konsert fəaliyyəti və əməkdaşlıq barədə fikirlərini bölüşüb.
Mənsum İbrahimov bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasında artıq bir neçə ildir, əməkdaşlıq əlaqələri mövcuddur:
“Artıq bir neçə ildir ki, bura mütəmadi olaraq ustadlar gəlir, ustad dərsləri keçilir, tədbirlərdə birgə iştirak edilir, konservatoriyadakı tələbələrlə görüşlər təşkil olunur. Mən özüm də dəfələrlə buradakı görüşlərdə iştirak etmişəm. Buradakı mühit, nizam-intizam və tələbələrin məsuliyyətli olması məni çox sevindirir. Burada gözəl yaradıcılıq mühiti formalaşıb”.
Xalq artisti, həmçinin NDU-nun rektoru Elbrus İsayevə təşəkkür edib və universitetin Elmi Şurasının qərarı ilə ona “Naxçıvan Dövlət Universitetinin fəxri professoru” adının verilməsini yüksək dəyərləndirib:
“Bu mənim üçün çox böyük bir etimad və dəyərdir. Mən artıq özümü bu ailənin bir üzvü hesab edirəm. Daha tez-tez Naxçıvana gələcəyəm, ustadlarla və müəllimlərlə birgə burada bir məktəbin əsasını qoymağa çalışacağam. Konservatoriya ilə NDU arasında əməkdaşlıq daha da möhkəmlənəcək. Bu kollektivin bir üzvünə çevrilmək həm də çiynimə böyük məsuliyyət qoyur”.
Mənsum İbrahimov universitetin fəaliyyətinə də yüksək qiymət verib:
“Bu gün Naxçıvan Dövlət Universiteti ölkəmizin sayılıb-seçilən nüfuzlu ali məktəblərindən biridir. Mən özüm bunun şahidiyəm. Burada ən yaxşı alimlər dərs deyirlər, 31 ölkədən xarici tələbələr təhsil alır. Bu, böyük bir göstəricidir. Universitetə uğurlar arzulayıram”.
Sənətkar Naxçıvan tamaşaçılarına olan xüsusi sevgisindən də danışıb:
“Mən dəfələrlə burada konsert vermişəm və efirlərdə də demişəm ki, Naxçıvan tamaşaçılarını çox sevirəm. Milli musiqiyə olan böyük həvəs və məhəbbətləri məni heyran edir. Ona görə də bura tez-tez gəlirəm. Bu gün universitet tərəfindən təşkil olunan yubiley tədbirində Heydər Əliyev Sarayında çıxış edəcəyəm. Bu mənim üçün çox böyük bir qiymətdir. Tək gəlməmişəm, sənət dostlarımla birgə gəlmişəm və inanıram ki, bu axşam yaddaqalan olacaq”.

Nəşr edilib : 08.10.2025 18:28