İstehsalat təcrübəsini müvəffəqiyyətlə başa vuran ...
23:06 24.04.2025
0
0
0
NAXÇIVAN :
25 Aprel 2025, Cümə
“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin bu günümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi inkişaf strategiyası paytaxt Bakı ilə yanaşı, bölgələrimizin sosial-iqtisadi inkişafına geniş imkanlar yaradır. Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün həyata keçirilən siyasətin əsasını təşkil edir. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən hakimiyyətinin hər iki dövrü ilə yanaşı, fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər daim önə çəkilir, Azərbaycanın müstəqil gələcəyi üçün təməlin yaradıldığı əsaslı şəkildə diqqətə çatdırılır.
Bu gün Azərbaycanın hər bir bölgəsi kimi, ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində bütün regionların, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. 2003-cü ildən Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamı digər sahələrlə yanaşı, bölgələrimizin inkişafına göstərilən diqqətdə də özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq buna nail olmağın mühüm yollarından biri kimi regionların malik olduğu potensialdan səmərəli istifadəni xüsusi qeyd etdi. 2004-cü ildən başlanan və hazırda icrasını başa çatdıran dörd Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələndi”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi muxtar respublikanın gələcək inkişafına xidmət edir. Belə ki, Dövlət Proqramının təsdiqi ilə əlaqədar imzalanan Sərəncamda da vurğulandığı kimi, Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə muxtar respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilib. Bu isə, öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət-özəl tərəfdaşlığı imkanlarından istifadə edilməklə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsini təmin etmək məqsədilə 23 dekabr 2024-cü il tarixdə imzalanan “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti beynəlxalq təcrübə nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata keçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təmin etməlidir.
Milli Məclisin deputatı bildirib ki, bu mühüm addım dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərin tərkib hissəsidir. Məlum olduğu kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan olunub. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Günümüzün əsas çağırışlarından biri kimi enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam da bunun bariz nümunəsidir. Naxçıvanda yeni İstilik Elektrik Stansiyasının tikilməsi muxtar respublikanın enerji sisteminin sabitliyinə, davamlılığına mühüm töhfə verməklə yanaşı, ixrac imkanlarını da artıracaq.
Digər xəbərlər