NAXÇIVAN :

25 Aprel 2025, Cümə

İstehsalat təcrübəsini müvəffəqiyyətlə başa vuran tələbələrlə görüş keçirilib

...

Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə bakalavriat pilləsində təhsil alan IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 21 fevral 2025-ci il tarixdə başlanan istehsalat təcrübəsi uğurla başa çatıb.
Təcrübə proqramının sonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova görüş zamanı tələbələri təcrübə dövrünü uğurla başa vurmaları münasibətilə təbrik edərək onların bu sahədə gələcək fəaliyyətlərinin önəmini vurğulayıb. Bildirilib ki, ailə, qadın və uşaq məsələlərinə sosial iş prizmasından yanaşmaq, praktiki biliklərlə yanaşı, peşəkar yanaşma tərzi tələb edir.
Sonda tələbələrə uğurlar arzulayan komitə sədri onların qazandıqları təcrübənin gələcək peşəkar inkişaflarında mühüm rol oynayacağına əminliyini ifadə edib. 
Daha sonra komitənin sədr müavini Aytən Məmmədova, aparat rəhbəri Eltun Həziyev, şöbə müdirləri Könül Babayeva və Gülər Əhmədova çıxış edərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tələbələr də, öz növbələrində, çıxış edərək istehsalat təcrübəsinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə və göstərilən qayğıya görə komitə sədrinə minnətdarlıqlarını bildirərək gələcək fəaliyyətlərində çalışqan və məsuliyyətli olacaqlarını qeyd ediblər.
Sonda komitə sədri tələbələrə gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verib, nailiyyətlər arzulayıb.

Nəşr edilib : 24.04.2025 23:06