NAXÇIVAN :

09 Noyabr 2026, Bazar ertəsi

Üç rəngin yaddaşı, aypara və ulduzun işığında

...

Bəzi rəmzlər var ki, onların mənası sözlərə, ölçülərə, hətta zamanın sərhədlərinə sığmır. Onlar bir xalqın tarixini, taleyini, yaddaşını və gələcəyə olan inamını özündə yaşadır. Bayraq da belə müqəddəs rəmzlərdəndir. Ona baxanda yalnız üç rəngin ahəngini deyil, bir millətin keçdiyi yolu, yaşadığı ağrıları, qazandığı qələbələri, azadlıq və müstəqillik uğrunda mübarizəsini görürük.
Üçrəngli bayrağımız bizim üçün sadəcə, dövlət atributu deyil. O, milli kimliyimizin, mənsubiyyətimizin, qürurumuzun və Vətənə bağlılığımızın ifadəsidir. Onun mavi, qırmızı və yaşıl rəngləri, aypara və səkkizguşəli ulduzu tariximizin müxtəlif qatlarından süzülüb gələn mənaları bir bütövə çevirir. Bu bayraq yüksəldikcə sanki xalqımızın əsrlər boyu qoruduğu istiqlal arzusu da onunla birlikdə göylərə ucalır.

Üçrəngli bayrağımızın hekayəsi əsrlərin dərinliyindən süzülüb gələn böyük bir istiqlal eşqinin, milli kimliyimizin və dövlətçilik iradəmizin canlı salnaməsidir. Onun göylərdə dalğalanan üç rəngi təsadüfən bir araya gəlməyib. Hər biri xalqımızın şanlı keçmişindən, milli dəyərlərindən, yurd sevgisindən və gələcəyə baxışından boy atıb.
1918-ci ilin mürəkkəb, lakin böyük ümidlərlə dolu günlərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları əsarət zəncirlərini qıraraq bu torpağın sabahını, milli kimliyini və mənəvi ucalığını dövlət rəmzində əbədiləşdirməyə çalışırdılar. İlk olaraq qırmızı fonda aypara və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul edilmişdi. Lakin xalqın ruhundakı böyük istiqlal coşqusu daha dolğun ifadəsini tapmalı idi. Nəhayət, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə bu gün qürurla, nəfəsimiz qədər yaxın bilib sinəmizə sıxdığımız üçrəngli bayrağımız Dövlət Bayrağı kimi təsdiq olundu.
O bayrağın hər rəngi bir dastandır. Səmanın sonsuzluğu qədər dərin mavi rəng türkçülük ideyasını, xalqımızın türk mənşəyini və milli kimliyini ifadə edir. Azadlıq, tərəqqi və müasir inkişaf arzularını, demokratik dövlət quruculuğu ideallarını isə qırmızı rəng təcəssüm etdirir. Ruhumuzu bürüyən İslam sivilizasiyasına, mənəvi dəyərlərimizə və inancımıza bağlılığımız yaşıl rəngdə öz əksini tapır.
Beləcə üç rəng bir bayraqda, bir millətin kimliyi isə üç rəngdə öz əksini tapdı. Göy üzünü xatırladan mavi, alov kimi yanan qırmızı, təbiətin nəfəsini yaşadan yaşıl… Bu rənglərə baxanda insan yalnız bir dövlət rəmzini deyil, keçmişindən güc alan, bu gününü quran və sabaha inamla baxan bir xalqı görür. Ancaq tarixdə bayraqların susmağa məcbur edildiyi zamanlar da olub. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə üçrəngli bayrağımız rəsmi dövlət rəmzi kimi dalğalanmaqdan məhrum edildi. Onu parlament binasının üzərindən endirmək mümkün oldu, amma xalqın yaddaşından silmək yox. Çünki bir dəfə ürəklərdə yer alan rəmzin ömrünü heç bir siyasi dəyişikliklə bitirmək olmur. Bayraq o illərdə də yaşayırdı – xatirələrdə, arzuların dərinliyində, müstəqil Azərbaycan düşüncəsində…
İllər sonra bu yaddaşın yenidən oyanışında Naxçıvanın xüsusi yeri oldu. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız yenidən qaldırıldı və onun Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi üçün vəsatət qaldırıldı. Bu hadisə, sadəcə, bir bayrağın yenidən ucaldılması deyildi. Bu, unudulmağa qoyulmayan tarixə sahib çıxmaq, müstəqilliyə inamı qorumaq, milli yaddaşı dövlətçilik müstəvisinə qaytarmaq idi. 1991-ci il fevralın 5-də isə üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi.
O gündən bəri bayrağımız yenidən öz səmasında dalğalanır. Xüsusilə torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədən sonra üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması onun tarixində yeni, qürurlu səhifə açdı. Bir zamanlar həsrətlə baxdığımız doğma torpaqlarda indi bayrağımızın kölgəsi var. Bu mənzərənin doğurduğu sevinc və qüruru sözlə ifadə etmək heç də asan deyil.
Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan nəhəng bayrağımızın 2025-ci ildə Ginnesin Rekordlar Kitabına dünyanın ən böyük dalğalandırılan bayrağı kimi daxil edilməsi diqqətçəkən hadisə oldu. Amma bayrağımızın əsl böyüklüyünü ölçülərlə ifadə etmək mümkün deyil. Onun böyüklüyü bir əsgərin çiynində daşıdığı məsuliyyətdə, bir idmançının qələbədən sonra onu öpərək bağrına basmasında, bir uşağın məktəbdə bayrağa baxarkən duyduğu qürurda, Vətəndən uzaqda yaşayan soydaşlarımızın üçrəngli bayrağı görəndə doğma torpağı xatırlamasındadır.
2009-cu ildə imzalanan Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Həmin gündən bu tarix yalnız təqvimdə qeyd olunan bir gün deyil, milli yaddaşımıza, dövlətçiliyimizə və müstəqilliyimizə ehtiramın ifadəsidir.
Bu gün üçrəngli bayrağımıza baxanda aypara və səkkizguşəli ulduz rənglərin üzərində bir tarix nişanı kimi parlayır. Zaman dəyişsə də, nəsillər yenilənsə də, bu bayrağın ifadə etdiyi mənsubiyyət hissi dəyişməyəcək. Çünki bayrağı yaşadan yalnız onun dalğalandığı dirəklər deyil, onu qəlbində daşıyan insanlardır. Və nə qədər ki bu bayrağı yüksəltmək istəyən ürəklər var, onun dalğalandığı səma da daim bizim olacaq. Hər bir azərbaycanlıya da eyni ünvanı xatırladacaq – Vətəni.

Səmayə RƏHİMQIZI

Nəşr edilib : 09.11.2026 14:38