NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Vətənin azadlığı üçün ömrünü fəda etdi

...

Raqib Adil oğlu Hüseynov

(03.07.1993-29.09.2020)

Balaca vaxtlarından hiss etmişdim ki, Raqib hərbiyə meyillidir. Beş yaşı olanda bazara aparmışdım. Piştaxtaların birinin üstündə hərbi forma gördü, dedi ki, onu alacaqsan mənə. Üstümdə də pul az idi. Saxlamışdım ki, ərzaq alım evə. Əl çəkmədi ki, alacaqsan. Evə çatanda aldığım başqa geyimləri deyil, məhz həmin formanı geyindi. 

8-ci sinifdən sonra dedi gedirəm hərbiyə. Dərslərini də yaxşı oxuyurdu. Nə qədər etdik, fikrindən daşındıra bilmədik. 3 il hərbi məktəbdə oxudu. Övladlarımızın hər ikisini hərbçi böyütmüşük. Onların işinin ağır olduğunu bilirdik.  Bakıya gedəndə də atası təkid etdi ki, qayıt, getmə. Dedi ki, ata, mən hərbçi olacağam. Həmişə deyirdi ki, mən Xocalının qisasını alacağam. Ayın 25-i görüntülü zəng etdi. Dayı olmuşdu. Leylanı görmək istəyirdi. Həmin gün çox danışdıq. Dedi ki, ana, səni Şuşada qarşılayacağam. Şuşadan da bir ev alacağam. Əminliklə deyirdi ki, hər şey yaxşı olacaq. Atamı, bacımı, bacımın balasını sənə tapşırıram ana. Məni kimə tapşırdı bilmirəm. Ayın 26-sı da mesajlaşdıq. Dedim, Raqib, ehtiyatlı ol. Dedi ki, ana, bu müharibədir, hər şey ola bilər. Şərəfli ölmək yaxşıdır. Onda, bəlkə də, anlamırdım. Amma övladım şəhid olandan sonra  anladım ki, Raqib nə demək istəyirmiş. Ayın 27-si səhər 830-da atasına zəng edib deyir ki, ata, haqqını halal elə. Mən danışa bilmədim. 
Ayın 29-u saat 1430-da almışam Raqibin şəhadətə ucalma xəbərini. Üzümün gülüşü, toy-düyünüm həmin an bitdi.  Məzarına gedirəm, amma heç inanmıram ki, o yoxdur. Elə bilirəm, Tərtərdədir, haçansa gələcək. Raqib mənə şərəfli ad verdi, mən də çalışıram ki, həmişə bu şərəfli adı yaşadım. Raqib başımı uca etdi. Döyüş yoldaşları da onu çox xoş xatirələrlə xatırlayır şücaətindən söz açırlar. Zəng edib bizimlə maraqlanırlar. Arzusu general olmaq idi. Deyirdi ki, səni general anası edəcəyəm. Daha böyük, şərəfli ada sahib etdi məni, şəhid anası adına.

Nəşr edilib : 05.10.2024 16:27