Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müda...
19:58 30.09.2026
0
0
0
Naxçıvan Dövlət Milli Dram Teatrında yazıçı-publisist Manya Səxavətqızının müəllifi olduğu “Vətən fədailəri: Naxçıvan şəhidləri” kitabının II hissəsinin təqdimat mərasimi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə şəhid ailələri, ziyalılar, ictimaiyyət nümayəndələri və kitabsevərlər iştirak ediblər.
“Vətən fədailəri” layihəsinin VI hissəsi olan kitab Naxçıvan şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların keçdiyi şərəfli ömür yolunun gələcək nəsillərə çatdırılması məqsədilə hazırlanıb. Nəşr Şahin Məmmədovun dəstəyi və Bəhruz Məmmədovun maliyyə dəstəyi ilə ərsəyə gəlib.
Tədbirdə çıxış edən layihənin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı kitabın ərsəyə gəlmə prosesindən, şəhidlərin həyat və döyüş yollarının araşdırılaraq gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb. O, “Vətən fədailəri” layihəsinin şəhidlərin xatirəsinin yaşadılması istiqamətində davamlı şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini Məhəmməd Həsənov çıxış edərək şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, onların Vətən qarşısındakı xidmətlərindən danışıb.
“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Əli Əlisoy çıxışında şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin və onların həyat yolunun gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Çıxış edən Şahin Məmmədov və Bəhruz Məmmədov kitabın ərsəyə gəlməsində görülən işlərdən, şəhidlərin adlarının əbədiləşdirilməsinin mənəvi əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə şəhid anaları və şəhid ataları da çıxış edərək övladlarının xatirəsinə göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər. Onlar şəhidlərin həyat və döyüş yollarının kitablaşdırılmasının gələcək nəsillər üçün mühüm mənəvi örnək olduğunu vurğulayıblar.
Sonra Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi orkestrinin ifasında vətənpərvərlik ruhunda musiqilər təqdim olunub.
Tədbirin sonunda “Vətən fədailəri: Naxçıvan şəhidləri” kitabının II hissəsi şəhid ailələrinə təqdim olunub.
Digər xəbərlər