NAXÇIVAN :

31 Oktyabr 2026, Şənbə

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib

...

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhərində yerləşən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda “Neft-kimya məhsullarının istehsalı müəssisələrində yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
"Şərq qapısı" xəbər verir ki, təlimin keçirilməsində məqsəd neft-kimya məhsulları istehsal olunan obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı ərazidə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri zavod əməkdaşlarının “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Nəşr edilib : 31.10.2026 12:29