TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
23:24 12.06.2025
0
0
0
NAXÇIVAN :
13 Iyun 2025, Cümə
Məktəblilər üçün dərslik deyəndə ağla gələn ilk anlayış sabitlik, aydınlıq və sistemli öyrənmədir. Ancaq son illərdə Azərbaycan ümumi təhsil sistemində “variativ dərsliklər” adlı yeni bir yanaşma tətbiq olunur. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslansa da, yerli reallıqda bir sıra sualları da özü ilə gətirir. Bu dərsliklər təhsildə keyfiyyətəmi xidmət edir, yoxsa artıq yüklənmiş təhsil sisteminə əlavə qarışıqlıqmı gətirir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin hazırlanması Qaydası”na əsasən hər bir dərslik ciddi meyarlarla qiymətləndirilir və yalnız keçid balını topladıqdan sonra istifadə üçün təsdiqlənir. Bu, əlbəttə, müsbət addımdır. Ancaq tədrisdə istifadə olunan xarici dil, xüsusilə ingilis dili üzrə dərsliklərin bir neçə variantının olması, yəni “variativ dərsliklərin” dövriyyəyə buraxılması birmənalı qarşılanmır.
Eyni sinif, fərqli kitablar – bəs nəticə necədir? 6-cı siniflər üçün iki fərqli ingilis dili dərsliyinin istifadədə olması onu göstərir ki, bir məktəbdə öyrədilən söz bazası, qrammatik qaydalar və hətta mövzu yanaşmaları başqa məktəbdə fərqli ola bilər. Bu isə ölkə üzrə vahid tədris ritmini pozur. Daha da maraqlısı budur ki, bu dərsliklərdən heç biri “əsas” və ya “köməkçi” deyil – hər biri əsas hesab olunur. Bu isə seçim azadlığı adı altında sistemli planlaşdırmanı risk altına atır.
Bəs Azərbaycan Elm və Təhsil Nazirliyi nə deyir?
Rəsmi cavab budur: “Variativ dərsliklər təhsildə inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Dərsliklərin qiymətləndirmə meyarlarından biri onun təhsil proqramına, yəni kurikuluma uyğunluğudur ki, həmin meyar çərçivəsində dərsliyin ümumi təhsilin dövlət standartları əsasında hazırlanmış fənlər üzrə təhsil proqramını əhatə etməsi yoxlanılır. Dövlət ümumi təhsil müəssisələrində istifadədə olan xarici dil – ingilis dili fənni üzrə hazırlanmış dərsliklər də sözügedən qaydaya əsasən hazırlanıb. “İngilis dili 6” dərsliyi variativ dərsliklərdəndir və hər iki dərslikdə reallaşdırılması lazım olan bilik, bacarıq və dəyərlər öz əksini tapır. Sadəcə, mövzulara yanaşma, mövzularla bağlı verilən tapşırıqlar müxtəlifdir. Variativ dərsliklər təhsildə inkişaf etmiş bir çox ölkələrdə tətbiq olunur və ölkəmizdə tətbiq olunması da təhsilin keyfiyyətinə müsbət təsir edir, təhsilverənlərin və təhsilalanların daha çox sayda öyrədici materiallarla təminatına xidmət edir. Belə dərsliklər əsas və ikinci dərəcəli dərsliklərə bölünmür, onların hər biri əsas tədris resursudur”.
Bəli, nəzəri cəhətdən bu arqument doğrudur. Amma nəzəriyyə və praktika nadir hallarda eyni istiqamətdə irəliləyir. Burada ən vacib məsələ şagirdin imtahan hazırlığıdır. Məlumdur ki, qəbul imtahanlarında vahid testlər təqdim olunur. Amma şagirdlər fərqli dərsliklərlə hazırlanırsa, onların informasiyaya çıxışı, mövzu izahı və bacarıq səviyyəsində uyğunsuzluq yaranır. Yəni eyni imtahana gedən iki şagird tam fərqli mənbələrlə hazırlaşır. Bu isə ədalətli qiymətləndirmə prinsipinə ziddir. Bəs rəqəmsal dərsliklər çıxış yoludurmu?
Nazirliyin verdiyi məlumata əsasən bütün variativ dərsliklərin PDF versiyaları e-derslik.edu.az portalında mövcuddur. Bu, əlbəttə, müasir dövr üçün yaxşı addımdır. Ancaq bölgələrdə internetə çıxışı olmayan məktəblər, texniki avadanlıqları zəif olan müəllimlər üçün bu sistem effektiv işləmir. Beləliklə, rəqəmsal əlçatanlıq kağız üzərində mövcud olsa da, reallıqda bərabərlik prinsipi pozulur.
Variativ dərslik ideyası, əslində, müəllim və şagird üçün geniş imkanlar yarada bilər, əgər sistem buna hazırdırsa. Lakin real mənzərə göstərir ki, bu yanaşma tədris vahidliyini zəiflədir, hazırlıq fərqləri yaradır və xüsusilə imtahan sistemində bərabərsizliyə səbəb ola bilər. Fikrimizcə, Azərbaycan təhsil sistemi “kitab çoxluğu” ilə deyil, keyfiyyətli, vahid və anlaşıqlı dərsliklərlə irəliləməlidir. Əks halda, seçim azadlığı tədris çaşqınlığına çevriləcəkdir.
Gülcamal TAHİROVA
Digər xəbərlər