NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Uzunömürlü Rəhimovlar ailəsinin gənclərlə görüşü təşkil olunub

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində ailə məsələləri ilə bağlı təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti dəfə “Yüzilliyin nümunəvi ailələrini tanıyaq” layihəsi çərçivəsində Babək rayonunun Sirab kəndində uzunömürlü, nümunəvi Rəhimovlar ailəsi ilə gənclərin görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin əməkdaşları, “Ailə könüllüləri” nümunəvi ailənin üzvləri, 44 ildir evli olan Rəhimov Salman Məmməd oğlu və Rəhimova Şamax Rəhman qızının qonağı olublar.
Uzunömürlü ailə ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva və Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəfa Babayeva müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümü olan nümunəvi ailələrin gənc nəsil arasında təbliğinin əhəmiyyətindən, Rəhimovlar ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıblar. Bildirilib ki, evliliklərinin 44 illiyi tamam olan Əməkdar müəllim Salman Rəhimov və onun ömür-gün yoldaşı Şamax Rəhimova 40 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olaraq vətənpərvər gənclərin yetişməsinə çalışıblar. Uzunömürlü ailə başçısı Salman Rəhimov ailəsinin qayğısına qalaraq onu qoruyub saxlayıb, hər biri ali təhsilli olan 4 övlad böyüdüb, 9 nəvə sahibidir. 
Görüşdə iştirak edən Rəhimovlar ailəsinin yaxın qohumları da ailə dəyərlərinin qorunub saxlanılmasından, gənclərin nümunəvi ailələrlə görüşünün təşkil edilməsinin əhəmiyyətindən danışıblar. 
Uzunömürlü ailənin üzvləri, Rəhimov Salman Məmməd oğlu və Rəhimova Şamax Rəhman qızı nümunəvi ailə olmanın sirri, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər. Onlar ailənin möhkəm təməllər üzərində qurulmasında milli dəyərlərimizin, qarşılıqlı hörmət və ehtiramın oynadığı roldan danışıb, gənclərə xoşbəxt ailə həyatı ilə bağlı nəsihətlərini verib. 
Tədbirin sonunda Komitə tərəfindən Rəhimovlar ailəsinə hədiyyələr təqdim edilib.

Nəşr edilib : 25.12.2024 19:44