NAXÇIVAN :

28 Iyul 2026, Çərşənbə axşamı

Üzeyir Məmmədov: Bu layihə şəhid övladlarının hərtərəfli inkişafına xidmət edir

...

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə həyata keçirilən “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində təşkil olunan yay düşərgəsi şəhid övladlarının bilik və bacarıqlarının inkişafına, həmçinin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi Üzeyir Məmmədov bildirib ki, layihənin əsas məqsədi şəhid övladlarının həm öyrənməsinə, həm də mənalı istirahətinə şərait yaratmaqdır.
“Çalışmışıq ki, proqram uşaqlar üçün maraqlı və zəngin olsun. Bu iki gün ərzində onlar komanda quruculuğu, intellektual oyunlar, yaradıcı fəaliyyətlər, idman yarışları və maarifləndirici görüşlərdə iştirak edirlər. Bu fəaliyyətlər onların bilik və bacarıqlarının inkişafına, ünsiyyət və komanda ruhunun möhkəmlənməsinə töhfə verir. Ən böyük istəyimiz uşaqların düşərgədən xoş təəssüratlarla ayrılmasıdır”, – deyə o vurğulayıb.
Üzeyir Məmmədov qeyd edib ki, düşərgənin ikinci günündə iştirakçıların Batabat Astrofizika Rəsədxanasına səfəri nəzərdə tutulub. Burada uşaqlar rəsədxananın fəaliyyəti ilə tanış olacaq, astronomiya mövzusunda maarifləndirici proqramda iştirak edəcəklər.
O bildirib ki, layihə şəhid ailələri tərəfindən də yüksək qiymətləndirilir. Valideynlər uşaqlarının təhlükəsiz və səmimi mühitdə yeni dostlar qazanmasından, maarifləndirici və intellektual fəaliyyətlərə cəlb olunmasından məmnunluqlarını ifadə edirlər. Bu isə layihənin məqsədinə çatdığını göstərir.
Yay düşərgəsinin sonunda iştirakçılara fəxri fərmanlar təqdim olunacaq.

Nəşr edilib : 28.07.2026 19:22