NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

ÜTT COP29 çərçivəsində Azərbaycanda ticarət yönümlü tədbirləri dəstəkləyəcək

...

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Katibliyi 2024-cü il noyabrın 11-22-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ticarət yönümlü tədbirləri dəstəkləyəcək.

"Şərq qapısı" ÜTT-yə istinadən xəbər verir ki, Azərbaycan COP29 sədrliyi çərçivəsində noyabrın 14-də Beynəlxalq Ticarət Palatası (ICC), Beynəlxalq Ticarət Mərkəzi (ITC), Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Təşkilatı (UNCTAD) və ÜTT ilə birlikdə “İqlim maliyyəsi, investisiya və ticarət günü”nü təşkil edəcək. Azərbaycan dövlətinin dəstəyi ilə ÜTT Katibliyi və onun tərəfdaşları (ICC, ITC, UNCTAD) həm “mavi zona” (Pavilion Area B4), həm də “yaşıl zona”da (Pavilion Area D10) “Ticarət və İnvestisiya Evi”nin pavilyonlarına ev sahibliyi edəcək.

ÜTT-nin baş direktoru Nqozi Okonyo-İveala (Ngozi Okonjo-Iweala) dünya liderləri Sammitində və “Ticarət və İnvestisiya Evi”ndə keçiriləcək digər yüksək səviyyəli tədbirlərə qatılacaq. COP29 zamanı bir çox informasiya məhsulları da nümayiş olunacaq.

Bildirilir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) noyabrın 11-22-də Bakıda ÜTT Katibliyi və ICC, ITC, UNCTAD ilə birgə “Ticarət və İnvestisiya Evi”ni təşkil edəcək. İlk dəfə olaraq bu pavilyonlar COP29-un “mavi zona” və “yaşıl zona”sında yerləşəcək, qeydiyyatdan keçmiş iştirakçılara və geniş ictimaiyyətə ticarət, investisiya və iqlim fəaliyyətinin kəsişməsindəki mühüm məsələlərdə iştirak imkanı yaradacaq. “Ticarət və İnvestisiya Evi” COP29-un tematik günlərinin bir hissəsi olaraq maliyyə, investisiya və ticarətə yönəlmiş yüksək səviyyəli proqramları əhatə edəcək. “Mavi zona”da keçiriləcək təqdimatlar, panel müzakirələri və qlobal tərəflərlə baş tutacaq tədbirlərlə yanaşı, “yaşıl zona”da “Ticarət və İnvestisiya Evi” ictimaiyyəti təşviq edən interaktiv müzakirələr, sərgilər, seminarlar, innovativ ticarət, investisiya və iqlim həllərini nümayiş etdirən dinamik məkan rolunu oynayacaq.

Noyabrın 14-də “İqlim maliyyəsi, investisiya və ticarət günü”ndə iqlim maliyyəsi axınını artırmaq üçün ticarət və investisiyadan necə istifadə edilə biləcəyini araşdıran xüsusi sessiyalar keçiriləcək.

“İqlim maliyyəsi, investisiya və ticarət günü” bütün COP29 iştirakçılarını ticarət siyasətlərinin iqlim məqsədlərinə nail olmaqda əsas rolunu müzakirə və davamlı inkişafa təşviq etməyə çağıracaq. Tematik gün COP29-un iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) daxil olmaqla Azərbaycanın COP29-un ev sahibi kimi bir çox təşəbbüslərini ön plana çıxaracaq. Həmçinin Dayanıqlı fond bazarları, polad və hidrogen sektorlarının karbonsuzlaşdırılması səyləri, xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlarda kiçik və orta bizneslərin aşağı karbonlu dəyər zəncirlərinə inteqrasiyası kimi xüsusi mövzulara diqqət yetirən yüksək səviyyəli tədbirlər təşkil ediləcək.

Nəşr edilib : 21.10.2024 14:48