NAXÇIVAN :

25 Oktyabr 2026, Bazar

14 min ton tutumlu 32 soyuducu anbar: Şərurda payızın bərəkəti qışın ruzisinə çevrilir

...

Payızda torpaqdan toplanan məhsulun bərəkəti yalnız bol məhsul əldə etməklə ölçülmür. Əsas məsələ bu neməti keyfiyyətini itirmədən qorumaq, ilin bütün fəsillərində istehlakçıya çatdırmaq və fermerin zəhmətini iqtisadi faydaya çevirməkdir. Bu baxımdan, soyuducu anbarlar kənd təsərrüfatı məhsullarının tədarükü və saxlanmasında mühüm rol oynayır. Şərur rayonunda fəaliyyət göstərən belə anbarlar bağlardan toplanan meyvələrin, sahələrdən yığılan kartofun və digər kənd təsərrüfatı məhsullarının uzun müddət qorunmasına, mövsümi bolluğun davamlı təminata çevrilməsinə imkan yaradır.

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da məhsulların saxlanması və itkilərin azaldılması məqsədilə soyuducu anbar infrastrukturunun genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Şərurda bu sahədə yaradılan imkanlar yerli istehsalın qorunmasına, kənd təsərrüfatı məhsullarının bazarlara fasiləsiz çıxarılmasına xidmət edir.

Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Əli Babayevin sözlərinə görə, muxtar respublikanın iri kənd təsərrüfatı rayonlarından olan Şərurda yetişdirilən məhsulların saxlanması üçün geniş imkanlar mövcuddur. Rayonun 17 kəndində fəaliyyət göstərən 32 soyuducu anbarın ümumi tutumu 14 min tondur. Hazırda anbarlar, demək olar ki, tam doludur. Bu göstərici rayonda istehsal olunan məhsulun həcmini və onun mövsümdənkənar dövrdə də istehlakçılara çatdırılmasında anbar infrastrukturunun əhəmiyyətini aydın göstərir.

Əli Babayev qeyd edir ki, əsas məqsəd muxtar respublikanın bazarlarını ilin bütün fəsillərində yerli istehsal olan keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Məhsulların lazımi şəraitdə saxlanılması həm onların xarab olmasının qarşısını alır, həm də istehsalçıya məhsulunu bazarın tələbatına uyğun vaxtda satışa çıxarmaq imkanı verir.

Rayonda soyuducu anbarlardan səmərəli istifadə edən təsərrüfat sahiblərindən biri də Düdəngə kənd sakini Əfrasiyab Qasımzadədir. Uzun illər müxtəlif sahələrdə çalışdıqdan sonra təqaüdə çıxan müsahibimiz kənd təsərrüfatına marağını ailə təsərrüfatı yaratmaqla davam etdirib. Kartofçuluqla məşğul olub, meyvə bağları salıb, yetişdirdiyi məhsulun saxlanması üçün soyuducu anbar inşa etdirib.

Əfrasiyab Qasımzadə bildirir ki, təxminən, səkkiz ildir, fəaliyyət göstərən, 300 ton tutumu olan soyuducu anbarı təsərrüfatının inkişafında mühüm rol oynayır. Anbarın yaradılması zamanı dövlət dəstəyindən də yararlanıb. Bununla yanaşı, kartof əkini ilə məşğul olur, alma və digər meyvələr yetişdirir. Onun sözlərinə görə, bu il əkin sahələrində məhsuldarlıq yaxşı olub. Yetişdirdikləri məhsulun bir hissəsini özləri tədarük edərək anbara yerləşdirir, bununla da məhsulun keyfiyyətini daha uzun müddət qoruyurlar.

Fermer istehsal imkanlarını genişləndirmək istiqamətində də addımlar atıb. Belə ki, cari ildə istixana quraraq pomidor və xiyar yetişdirib. Məhsuldarlığın yaxşı olduğunu deyən təsərrüfat sahibi qarşıdakı qış aylarında da tərəvəz istehsalını davam etdirməyi və əhalinin tələbatının ödənilməsinə töhfə verməyi planlaşdırır.

Əfrasiyab Qasımzadənin fikrincə, kənd təsərrüfatının inkişafı üçün yalnız istehsalın artırılması kifayət deyil. Yetişdirilən məhsulun vaxtında tədarükü, düzgün saxlanılması və bazara çıxarılması da eyni dərəcədə vacibdir. Soyuducu anbarlar mövsüm ərzində bol olan məhsulun sonrakı aylarda da keyfiyyətini qorumasına şərait yaradır. Bu isə bir tərəfdən fermerin çəkdiyi zəhmətin bəhrəsini itirməməsi, digər tərəfdən istehlakçıların yerli məhsullarla təmin olunması deməkdir.

Şərurda fəaliyyət göstərən 32 soyuducu anbarın timsalında aydın görünür ki, kənd təsərrüfatında məhsulun yığılması ilə iş başa çatmır. Əldə olunan məhsulun qorunması, düzgün saxlanılması və tələbat nəzərə alınmaqla bazara çıxarılması da istehsal prosesinin ayrılmaz hissəsidir. Fermerlərin təşəbbüsləri, yaradılan infrastruktur və dövlət dəstəyi bu sahənin inkişafına, yerli istehsalın iqtisadi səmərəsinin artırılmasına zəmin yaradır. Beləliklə, Şərurda payızın bərəkəti yalnız bugünkü bolluqla məhdudlaşmır. Soyuducu anbarlarda qorunan hər ton məhsul qış aylarında da yerli istehsalın davamlılığını təmin edən, fermer əməyinin dəyərini qoruyan və əhalinin ərzaq təminatına töhfə verən ehtiyatdır.

Nail ƏSGƏROV

Nəşr edilib : 24.10.2026 13:24