NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri Naxçıvan Muxtar Respublikasına səfər ediblər

...

"Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri olan uşaqlar və onlara mentorluq edən könüllülər “Yaşıl Azərbaycan” naminə gənc səfirlər layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfər ediblər. 27-29 noyabr 2024-cü il tarixlərdə 3 gün nəzərdə tutulan səfər çərçivəsində qonaqlar muxtar respublikanın gəzməli-görməli yerlərində, tarixi abidələrində, şəhidlər xiyabanlarında və şəhid ailələrində olacaqlar. Qonaqlar ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, öz ehtiramlarını bildiriblər. Ümummilli Liderimizin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən Heydər Əliyev Muzeyi ilə tanışlıqdan sonra şəhid məzarları ziyarət edilib. Qonaqlar Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizi böyük ehtiramla yad ediblər. Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinin muxtar respublikaya səfəri davam edir.
Daha sonra qonaqlar Naxçıvan Müəllimlər İnstitutunda fəal gənclərlə görüşüblər. Görüşdə Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Xəyal Camalov, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə, “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsinin direktoru Zeynəb Göyüşova və digərləri çıxış ediblər. Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub. Sonra qonaqlar Naxçıvan regional "ASAN xidmət" mərkəzində olublar. Burada qonaqlara mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən xidmətlə bağlı ətraflı məlumat verilib, hüquqşunas təlimçi-ekspertlərin çıxışları dinlənilib. Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinin muxtar respublikaya səfəri davam edir.

Nəşr edilib : 27.11.2024 18:58