Turizm sənayesində innovasiya müsabiqələri keçiril...
17:44 20.08.2026
0
0
0
NAXÇIVAN :
20 Avqust 2026, Cümə axşamı
Mərkəzi Asiyanın ən görkəmli memarlıq ansambllarından biri Səmərqənddə yerləşən qədim Registan meydanıdır.
"Şərq qapısı" xəbər verir ki, Özbəkistana təşkil olunmuş press-turda iştirak edən Azərbaycanın media nümayəndələri Registanın yaranma tarixi, onun mədəni və elmi əhəmiyyəti, həmçinin burada yerləşən üç mədrəsənin – Uluqbəy, Şirdar və Tilla-Kari mədrəsələrinin xüsusiyyətləri ilə tanış olublar.
Adı özbək dilindən tərcümədə “qumlu yer” mənasını verən Registan meydanı əsrlər boyu Səmərqəndin ictimai və ticarət həyatının mərkəzi olub. Burada mühüm dövlət qərarları elan edilir, bayram tədbirləri keçirilir, tacirlər və sənətkarlar toplaşırdılar.
Registanın memarlıq ansamblı Teymurilər və sonrakı hökmdarların hakimiyyəti dövründə formalaşıb. Meydanda ilk inşa edilən bina görkəmli alim və hökmdar Mirzə Uluqbəyin təşəbbüsü ilə 1417-1420-ci illərdə tikilmiş Uluqbəy mədrəsəsi olub. Burada astronomiya, riyaziyyat, fəlsəfə və ilahiyyat tədris edilirdi.
XVII əsrdə Səmərqənd hökmdarı Yalanqtuş Bahadurun təşəbbüsü ilə daha iki mədrəsə – Şirdar və Tilla-Kari mədrəsələri inşa edilib. Tikintisi 1636-cı ildə başa çatan Şirdar mədrəsəsi ilk növbədə, portalının pələng və günəş təsvirləri ilə zəngin şəkildə bəzədilməsi ilə tanınır. Tilla-Kari adı “qızılla örtülmüş” mənasını verir və xüsusilə məscidin interyerində qızıl suyuna çəkilmiş dekorativ bəzəklərin çoxluğu ilə bağlıdır.
Bu gün üç mədrəsə Səmərqəndin və özbək memarlığının əsas simvollarından birinə çevrilmiş vahid və ahəngdar memarlıq ansamblı təşkil edir.
Press-tur çərçivəsində jurnalistlər Registanın bərpa tarixçəsi ilə də tanış olublar. Bura əsrlər ərzində kompleks zəlzələlərdən və digər təbii amillərdən dəfələrlə zərər çəkib. Genişmiqyaslı bərpa işləri onun memarlıq və bədii irsinin əhəmiyyətli hissəsinin qorunub saxlanmasına və bərpa edilməsinə imkan verib.
2001-ci ildə Səmərqənd şəhəri tarixi abidələri ilə birgə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Bu gün Registan meydanı Özbəkistanın ən çox ziyarət edilən turizm məkanlarından biridir. Burada mədəni tədbirlər, konsertlər və təntənəli mərasimlər keçirilir, ansamblın özü isə Səmərqəndin tarixi və mədəni irsinin mühüm simvolu olaraq qalır.
Digər xəbərlər