NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

USAID-in fəaliyyətinin dayandırılması Azərbaycanın milli təhlükəsizlik prioritetlərinə əsaslanır

...

Azərbaycanın son illərdə əldə etdiyi siyasi və iqtisadi uğurlar beynəlxalq aləmdə ölkəmizin nüfuzunu gücləndirib. Bu inkişaf prosesi bəzən xarici təsirlərin və müdaxilə cəhdlərinin hədəfində olur. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) illərdir, Azərbaycanda müxtəlif layihələr adı altında fəaliyyət göstərsə də, bu qurumun əsl məqsədi və fəaliyyəti ciddi suallar doğururdu. Nəticədə, USAID-in Azərbaycandakı fəaliyyətinin dayandırılması qərarı milli maraqların qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından vacib bir addım kimi qiymətləndirilir. 
Rəsmi olaraq USAID demokratiya, insan hüquqları, təhsil və iqtisadi inkişaf sahələrində bir sıra layihələr həyata keçirirdi. Lakin bu təşkilatın bir sıra praktiki fəaliyyətlərinin ictimai sabitliyi pozmağa, daxili siyasi proseslərə təsir göstərməyə və Azərbaycana qarşı qərəzli mövqe formalaşdırmağa yönəldiyi müşahidə olunurdu. USAID-in maliyyə dəstəyi ilə fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları və media qurumları ölkəmizə qarşı sistemli şəkildə tənqid kampaniyaları aparır, ictimai rəyi manipulyasiya edərək Azərbaycan dövlətinin imicinə xələl gətirməyə çalışırdı. Bu cür fəaliyyətlər, xüsusilə regional və beynəlxalq arenada Azərbaycanın müstəqil siyasət yürütməsi fonunda daha aydın hiss olunurdu. 
USAID-in fəaliyyətinin dayandırılması Azərbaycanın milli təhlükəsizlik prioritetlərinə əsaslanır. Bu qərar göstərir ki, dövlətimiz xarici təsirlərə qarşı davamlı müqavimət göstərməyə, suverenliyini qorumağa və daxili işlərinə müdaxilə cəhdlərinə qarşı qətiyyətli mövqe sərgiləməyə qadirdir. Bu addım, həmçinin Azərbaycanın öz inkişaf modelini xarici müdaxilələr olmadan, müstəqil şəkildə qurmaq istəyinin bariz nümunəsidir. Müasir dövrdə milli təhlükəsizlik təkcə hərbi güclə deyil, eyni zamanda informasiya mühiti, ictimai sabitlik və iqtisadi müstəqilliklə bağlıdır. Bu kontekstdə USAID-in fəaliyyətinin dayandırılması milli təhlükəsizliyin və ictimai sabitliyin təmin olunması baxımından önəmlidir.
Azərbaycanın dövlət suverenliyi və milli maraqları hər şeydən önəmlidir. USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı verilən qərar, Azərbaycanın müstəqil və güclü dövlət olaraq öz inkişaf yolunu sərbəst şəkildə müəyyənləşdirdiyini bir daha təsdiq edir. Bu addım, eyni zamanda göstərir ki, ölkəmiz hər hansı xarici təzyiq və təsir cəhdlərinə qarşı dayanıqlıdır və milli maraqlarını qətiyyətlə qorumağa qadirdir. Azərbaycan bundan sonra da xarici tərəfdaşlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətlərini davam etdirəcək, lakin hər hansı xarici müdaxiləyə və milli suverenliyə təhlükə yaradan fəaliyyətlərə yol verilməyəcəkdir. Bu, Azərbaycanın gücünün və müstəqil siyasətinin ən mühüm göstəricisidir.    

Əziz QASIMOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 13.02.2025 16:44