Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşlar...
17:01 21.04.2025
0
0
0
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən yaradılan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID-in) əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə müxtəlif infrastruktur layihələrə dəstək verməklə ölkələrin iqtisadiyyat və kənd təsərrüfatına nüfuz etmək, QHT-ləri və medianı maliyyələşdirməklə onların idarə edilməsinə nail olmaq idi. Eyni zamanda USAID inkişaf etməkdə olan ölkələrdə baş verən münaqişələr, təbii fəlakətlər, epidemiya və pandemiyalar zamanı humanitar yardımlar göstərərək ölkə əhalisinin rəğbətini və inamını qazanaraq ABŞ-nin bu ölkələrdəki və qlobal maraqlarını qorumağa xidmət edirdi. Beləliklə, USAID fəaliyyət göstərdikləri ölkələrin problemli və ya problem yaranma potensialı olan sahələri müəyyənləşdirərək əsas maliyyə vəsaitlərini həmin sahələrə istiqamətləndirir, bu da ABŞ-nin maraqlarına uyğun olaraq bəzən münaqişə tərəflərindən birinə, bəzən hər hansı müxalif bir qrupa, bəzən də ölkədə nüfuzu çox olan media subyekti və ya cinsi azlıqların hüquqlarını müdafiə edən təşkilatlara yönləndirilirdi. ABŞ-nin xarici siyasətinin əsas alətlərindən biri olan USAID, əsasən, inkişaf etməkdə olan dövlətlərin zəif nöqtələrini müəyyənləşdirib həmin sahələrə nüfuz edərək ABŞ-nin həmin ölkələrdəki təsir gücünü artırmaqla yanaşı, bu ölkələrin daxili işlərinə qarışmasına şərait yaradırdı.
Bütün dünyaya xeyriyyə qurumu kimi təqdim edilən USAID barədə təqdim edilən son məlumatlardan məlum olur ki, Ukrayna, Gürcüstan, Qırğızıstan, Əfqanıstan, Kolumbiya, Peru və digər bir çox ölkədə müxtəlif vaxtlarda yaşanmış xaos, müharibə və iğtişaşların zəmininin hazırlanması və həyata keçirilməsində bu təşkilatın xüsusi “zəhməti” vardır. USAID-in adı bioloji silahların hazırlanması, narkotik vasitələrin maliyyələşdirilməsi, seçkilərə müdaxilə, sinfi və irqi düşmənçiliyin qızışdırılması kimi məsələlərdə də hallanır.
Artıq bu “xeyriyyə cəmiyyəti”nin həqiqi siması tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırılır. İstər seçki kampaniyası dövründə, istərsə də andiçmədən sonra USAID barədə kəskin açıqlamalar verən Donald Tramp həmin qurumun fəaliyyətini dələduzluq və korrupsiya adlandırmışdı. Bütün bu baş verənlərin fonunda ABŞ-nin yeni hökuməti tərəfindən USAID-in baş qərargahının bağlanması və orada yoxlamaların başlanması barədə qərarın qəbul edilməsi mühüm siyasi hadisədir. Bununla ABŞ hökuməti bir tərəfdən xarici siyasətdə USAID kimi təşkilatların səmərəsiz olduğunu etiraf edir, digər tərəfdən, bütün dünyaya beynəlxalq hüququn mühüm prinsiplərindən biri olan “dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq” prinsipinə hörmət mesajı verir.
USAID Azərbaycanda 1992-ci ildən fəaliyyətə başlayıb. Ölkəmizdə müxtəlif inkişaf proqramları həyata keçirən USAID bir sıra siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını və media subyektlərini maliyyələşdirməyə çalışaraq təsir imkanlarını genişləndirməyi hədəfləyib. Lakin daha sonralar Azərbaycanda aparılan məqsədyönlü siyasət bu cür təşkilatların təsirlərini minimuma endirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il dekabrın 18-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibdə USAID-in gerçək simasını ortaya qoyaraq onların fəaliyyətinin əsl mahiyyətini belə izah edib: “Onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil... Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax onlar kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük”.
USAID-in Azərbaycanda məqsədinə nail ola bilməməsinin ən mühüm səbəbi bu qurumların “yardımlarının” əsl mahiyyətinin zamanında düzgün qiymətləndirilib ifşa edilməsi olub.
Özəyində kök salmış erməni ünsürlərin təsiri ilə Cənubi Qafqazda anti-Azərbaycan siyasəti yürüdən USAID fəaliyyətə başladığı dövrdən Ermənistana 3,5 milyard dollar maliyyə yardımı göstərib. Qarabağ münaqişəsi zamanı USAID-in bir çox bəyanatı Ermənistanın dolayısıyla dəstəklənməsinin bariz nümunəsi idi. Vətən müharibəsindən sonrakı dövrdə Qarabağı könüllü tərk edən ermənilərə qaçqın statusunda yardımların göstərilməsi də bu təşkilatın anti-Azərbaycan siyasətinin bir hissəsidir. Bu mənada, 2024-cü ildən Azərbaycanda fəaliyyəti de-yure olaraq dayandırılan erməni sevdalısı USAID-in ölkəmizdə varlığı üçün hüquqi əsas olmadığından fəaliyyətinin dayandırılması üçün ABŞ-yə rəsmi bildiriş göndərilməsi dövlətimizin qətiyyətinin göstəricisidir.
USAID-in baş qərargahının bağlanması barədə qərarın qəbul edilməsi və onun ölkəmizdə fəaliyyətinin dayandırılması artıq yeni dünya nizamında bu təsisatlarla dövlətlərin daxili işinə qarışma siyasətinin iflasa uğradığının və bu cür siyasətin uğursuzluğunun rəsmi qəbul edilməsidir.
Əjdər ƏLİYEV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər