NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

USAID-in Azərbaycanda bağlanılması ölkəmizin tam suveren hüququdur

...

Təkcə Cənubi Qafqazda deyil, ümumilikdə, yaxın regionda yeni geosiyasi reallıq formalaşdırmış 44 günlük müharibə və xüsusən də bir günlük antiterror əməliyyatı ilə ölkəmizin tam suverenliyinə qovuşmasından sonra Azərbaycana qarşı gizli niyyətləri ortaya çıxan və müxtəlif çirkin əməllərlə bunu açıqca etməyə çalışanlardan biri də USAID – ABŞ Beynəlxalq İnkişaf Agentliyi olmuşdur. Dırnaq arasında humanitar və sosial məsələlərin həlli üçün müxtəlif ölkələrdə özünə rezidensiya açmış olan bu təşkilat  fəaliyyəti dövründə ölkəmizə qarşı tutduğu ikiüzlü siyasəti və xüsusən də II Qarabağ müharibəsindən sonrakı açıq ritorik yanaşması ilə bundan sonra artıq Azərbaycanda özünə yer olmamasına rəvac vermişdir. Azərbaycan cəmiyyətinin həssaslığını, ölkəmizin milli maraqlarını və işğalçı Ermənistanın ölkəmizə qarşı vurduğu bütün zərərləri on illər boyunca gözardı edib, əvəzinə erməni lobbisinin təsiri altında hərəkət etməklə USAID özünün gediş biletini də almış oldu.

Azərbaycandan qovulan USAID-in kim olması onun və onun kimi digər Sorosçu qurumların kirli maraqları ilə tanınır. Belə ki, dövlətlərin, xüsusən müstəqil siyasət yürütmək istəyən dövlətlərin daxili işlərinə qarışmaq, medianı maliyyələşdirib buradakı müxtəlif qruplar arasında çaxnaşma yaratmaqla USAID, əslində, inkişafa deyil, gündəmi qarışdırmaqla məşğul olur, bunu da öz hesabatlarında guya demokratiya məqsədilə etdiyini açıqlayırdı. Lakin ən dəyərli demokratiyanın pozulmuş insan hüquqlarının bərpası olduğunu unudan USAID-in erməni işğalı nəticəsində Azərbaycana dəymiş zərərləri, köçkün düşmüş 1 milyon insanın yaşadığı fəlakətləri görmədən Ermənistana dəstək verməsinə heç cür haqq qazandırmaq mümkün deyildir. Bu mənada, Ermənistana ayırdığı maliyyə yardımları ilə bu işğalın de-fakto olaraq iştirakçısına çevrilmiş olan USAID-ə artıq humanitar simadan daha çox bir hərbi-militarist ittifaq üzvü kimi də baxmaq mümkündür. Hər halda bu qurum rəhbərinin dəfələrlə Ermənistanı dəstəkləyən çıxışları, eləcə də  aid olduğu ABŞ-də erməni lobbisi ilə sıx münasibətləri belə deməyə əsas verir.

Ancaq istər USAID, istərsə də digər onun kimi təşkilatlar və ya onları bəsləyən dövlətlər bilməlidir ki, bu gün Azərbaycan güclü müstəqil dövlətə, onun maraqlarını ən yüksək səviyyədə qorumağı bacaran liderə sahibdir. Dövlət başçımız Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dünyada ölkəmizin nüfuzunun daha da yüksəlməsinə, dostlarımızın sayının artmasına səbəb olur. Bütün bunlar suveren dövlət kimi Azərbaycanın xarici siyasət meydanında da gücünü artırmağa, USAID kimi ölkəmizə qarşı fəaliyyət göstərən hər cür qurum və ya təşkilatın yumşaq desək, vaxtında neytrallaşdırılmasına da imkan yaradır. Başqa sözlə, USAID-in ölkəmizdən qovulması suveren dövlətimizin növbəti uğurudur və xalqımız dövlətçiliyimizə qarşı olan, ona zərər vermək istəyən hər cür belə xarici təhlükələrə qarşı indi olduğu kimi həmişə birlik nümayiş etdirəcək.

Rauf Cəfərov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 14.02.2025 12:57