NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Ümumdünya Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə “Carlsberg Azərbaycan” arasında Anlaşma Memorandumu imzalanıb

...

COP29 çərçivəsində Ümumdünya Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə Carlsberg Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.
"Şərq qapısı" xəbər verir ki, memoranduma əsasən, tərəflər su ehtiyatlarının bərpası layihələri, ətraf mühitin mühafizəsi və yerli icmalara dəstək sahəsində əməkdaşlıq edəcəklər.
“Carlsberg Azərbaycan” şirkətinin Baş direktoru Alius Antulis bildirib ki, “Carlsberg Qrupu”nun "Birlikdə sıfıra və daha da irəli" adlı davamlı inkişaf strategiyası Azərbaycanda uğurla həyata keçirilir: "Bu strategiya çərçivəsində 2015-2023-cü illər arasında su istehlakını 21,3 faiz və karbon emissiyalarını 18,1 azaltmışıq. Ətraf mühitin mühafizəsi və yerli icmalara dəstək həmişə əsas prioritetlərimizdən olub. WWF-Azərbaycanla əməkdaşlığımız, "Birlikdə sıfıra və daha da irəli" strategiyasında müəyyən olunmuş hədəflərə nail olmağımıza kömək edəcək. Dəyərli tərəfdaşlarımızın peşəkar yanaşmasının və sərmayələrimizin Azərbaycanda ətraf mühitin qorunmasına töhfə verəcəyinə inanıram."
WWF-Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov da “Carlsberg Azərbaycan” ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib: "Bu, bizim təşkilatımızın Azərbaycandakı fəaliyyəti dövründə biznes sektoru ilə imzaladığı ilk belə sənəddir. Əminəm ki, əməkdaşlığımız çərçivəsində yerli icmalara dəstək göstərə biləcəyik və onların təbiətlə harmoniyada yaşamasına şərait yaradacağıq."
Memorandumun 3 il müddətinə imzalanmasına baxmayaraq, tərəflər daha uzunmüddətli əməkdaşlıqda maraqlıdırlar.
Şirkətdən bildirilib ki, Xırdalanda yerləşən pivə zavodu 2008-ci ildən etibarən “Carlsberg Qrupu”nun bir hissəsidir. Hazırda zavodun illik istehsal gücü 8 milyon dekalitr təşkil edir və şirkətin məhsulları Azərbaycanda 12 min 500-dən çox satış nöqtəsində mövcuddur. Azərbaycanda 16 ildən çox fəaliyyəti dövründə şirkət öz işini genişləndirib və pivə sənayesinin inkişafına 65 milyon manatdan çox sərmayə qoyub. Şirkət sahilyanı ərazilərin təmizlənməsi, tullantıların idarə edilməsi, ağacəkmə fəaliyyətləri və "Tullantılardan İncəsənətə" sərgiləri kimi müxtəlif davamlılıq təşəbbüslərini fəal şəkildə dəstəkləyir.
WWF-Azərbaycan isə artıq 20 ildən çoxdur ki, ölkənin biomüxtəlifliyinin qorunması və bərpasına yönəlmiş mühüm layihələr həyata keçirir. Bu layihələrin əsas istiqamətləri icmaların təbii resurslardan asılılığını azaltmaq, insan-vəhşi təbiət münaqişələrini həll etmək və ekoloji maarifləndirməni artırmaqdır.

Nəşr edilib : 18.11.2024 19:19