NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Uca Yaradanın 99 adından biri

...

Salam Allah salamıdır. Salam  vermək də, salam almaq da savabdır. Nənə- babalarımızdan tez-tez eşitdiyimiz belə nəsihətlər bugün mədəni, sevimli,  alicənab bir insan kimi formalaşmağımızda xüsusi rol oynayıb. Salamlaşma cəmiyyət içərisində mühüm yeri olan etik normaları, sosial qayda-qanunları özündə cəmləşdirən dəyərdir. Bu, müsəlman aləmində lap vacib sayılır. Çünki bu söz Uca Yaradanın 99 adından biridir. Sülh və  əmin-amanlıq mənalarını ifadə etdiyi üçün müsəlmanlar  bir-biri ilə görüşərkən bu sözdən istifadə edir və bununla həmin görüşdüyü şəxsə bir növ Allahdan əmin-amanlıq, firavanlıq, salamatlıq bəxş etməsini arzulamış olur. “Nisa” surəsinin  86-cı ayəsində  deyilən “Sizə salam verildiyi zaman onu daha gözəl alın və qaytarın. Şübhəsiz, Allah hər şeyi hesaba alandır”  kəlamları da  salamın vacibliyini sübut edir. “Qurani-Kərim”də  salama aid kifayət qədər  ayələr mövcuddur.

Ədəbiyyatımızda, dramaturgiyamızda, kino sahəsində də salama aid çoxlu   mövzular  işlənib.

Biz dünyadan gedər olduq,

Qalanlara salam olsun,

Bizim üçün xeyir-dua

Qılanlara salam olsun!

Əcəl bükə belimizi,

Söylətməyə dilimizi,

Xəstə ikən halımızı

Soranlara salam olsun  

Bu misralardan da görürük ki, qədim zamanlardan bu mövzu xüsusi önəm daşıyıb və dünyaşöhrətli şair Yunis Əmrə də “Salam olsun!” şeirində bu mövzuya toxunaraq salamın mühüm yerə malik olduğunu  diqqətə çatdırıb.

“Mən haqq- salamı tapdalaya bilmərəm,  Qəmlo”,   “Axırıncı  aşırım” filmində Kərbəlayının dilindən eşitdiyimiz bu cümlə salamın insanlar arasında hansı yerə sahib olduğunu sübut edir.

Salamlaşmanın tarixi əsasən keçmiş zamanlarda döyüşçülərin bir-birinə qarşı xoşniyyətli olduğunu bildirməsi ilə əlaqələndirilir. Belə ki, qədimlərdə kişilər üstlərində hər zaman silah gəzdirirdilər və bu silah həmişə sağ əldə olmalı idi.  Yaxşı niyyətlə görüşdükləri şəxslərlə xoşməramlı olduqlarını  və əlində silah  olmadığını bildirmək üçün boş sağ əllərini bir-birinə təqdim edib sıxırdılar. Vərdişə çevrilən bu hal sonrakı dövrlərdə artıq görüşmə vasitəsinə döndü. Salamlaşma dünya üzərindəki xalqlar arasında ümumi məfhum olduğu kimi, müxtəlif mədəniyyətlərdə isə başqa şəkillərdə edilir. Məsələn, konqolular salamlaşarkən  əllərini bir-birinə uzadaraq  sonra onlara üfürməyə başlayırlar. Əksər Avropa ölkələrində  və Amerikada  salamlaşarkən “Necəsən?”  sualına “Pis” demək  onlarda ədəbsizlik hesab olunur. Belə halda ya yaxşı, yaxud da  normal cavabı verilməlidir.

Hindistanlılar salamlaşarkən  hörmət əlaməti  olaraq əllərini  bərabərləşdirib sinəyə tuturlar ki, bu “Sənə qarşı böyük hörmətim var” anlamını daşıyır.  Bu qayda,  təxminən, ərəblərdə də  eynidir. Lakin onlar  əllərini sinələrinin üstünə qoyurlar. Filippinlilərdə   isə  salamlaşma zamanı yaşca balaca olan insan ondan təcrübəli olan  birinin əlini qaldırıb alnına qoymaqla  ona qarşı hörməti olduğunu bildirir. Toqoda 3 dəfə alın toqquşdurulur. Bu qəribə salamlaşma adətlərindən çoxlu nümunələr gətirmək olar.

Bu gün salamlaşmadan və qəribə salamlaşma adətlərindən bəhs etməyimizin əsas səbəbi  çoxumuzun bilmədiyi Ümumdünya Salamlaşma Gününün olması ilə əlaqədardır.  1973-cü il dən başlayaraq  hər il    noyabr  ayının 21-i  dünya üzərində “Beynəlxalq Salamlaşma Günü” kimi qeyd olunur. Bu günün tarixi Maykl və Brayn Makkomak qardaşları ilə bağlıdır. Belə  ki soyuq müharibənin ən qaynar vaxtında beynəlxalq aləmdəki gərginliyi  azaltmaq üçün belə bir təkliflə  gələn qardaşların bu  fikri bir çox dövlətlər tərəfindən dəstəklənir və həmin dövrdən  dünyanın bir çox ölkələrində bu gün salamlaşma günü kimi qeyd olunur. Bu  günün qaydasına, əsasən həmin gün hər kəs qarşısına çıxan şəxsə tanıyıb-tanımamağından asılı olmayaraq salam verə bilər.

             Türkanə ƏSƏDOVA 

Nəşr edilib : 21.11.2024 11:00