NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Türkiyə və Şimali Kipr mediası Azərbaycan Prezidentinin BRICS sammitində iştirakını geniş işıqlandırıb

...

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda keçirilən XVI BRICS Sammitində iştirakına geniş yer ayrılıb.

Qardaş ölkələrin mətbuat orqanları həm Azərbaycan rəhbərinin “Outreach”/BRICS+” formatının plenar iclasındakı çıxışı, həm də Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünə diqqət çəkib.

Materiallarda Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi ilə bağlı dövlət başçısının sözləri sitat gətirilir. Eyni zamanda, Azərbaycan ərazisində nəqliyyat marşrutlarının bütün seqmentlərinin uğurla fəaliyyət göstərdiyi qeyd olunur.

Media orqanları Prezident İlham Əliyevin “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin imkanlarının artırılması məqsədilə əlavə investisiyaların ayrılması ilə bağlı sözlərini də sitat gətirib.

Cənubi Qafqazda sülh dialoqu kontekstində diqqət Azərbaycan və Ermənistan liderlərinin Kazanda ikitərəfli sülh gündəliyinin, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələlərin təşviqi mövzusunda apardıqları müzakirəyə çəkilib.

Materiallarda qeyd olunub: “İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib”.

Nəşr edilib : 25.10.2024 11:46