NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Türk birliyinin Naxçıvandan başlanan inkişaf yolu

...

Prezident İlham Əliyevin qətiyyəti nəticəsində ən ali zirvəyə yüksələn əməkdaşlıq

Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türk xalqlarının daha çox birlikdə hərəkət etməsi zərurətini yaratmışdır. 

Bu birliyin təməlini formalaşdıran Ulu Öndər 1993-cü ilin iyunun 15-də Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyini xüsusi vurğulamışdı: "Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır".  

Bunu "Azərbaycan" qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin türk dövlətlərinin birliyində, əməkdaşlığında özünəməxsus və aparıcı rolu vardır: "Cənab Prezidentin şəxsi səyləri nəticəsində bu gün türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb, dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı türk dövlətləri birgə mübarizə aparır. 

Bu danılmaz faktdır ki, cənab İlham Əliyev türk dövlətləri ilə əlaqələrin daha böyük coğrafi arealda genişləndirilməsinə çalışmaqla, bütövlükdə, türk dünyasının qəbul etdiyi, hesablaşdığı, rəğbət bəslədiyi birləşdirici lider statusunda çıxış edir. Bu əzmkar fəaliyyət milli-dini yaxınlıq amili və təəssübkeşlik prinsiplərindən bir qədər də irəliyə gedərək, bütövlükdə türk xalqlarının dünya siyasətindəki tarixi yerini, beynəlxalq proseslərə təsir imkanlarını və nüfuzunu təmin etməyə yönəlmiş mühüm və tarixi missiyadır".

Arzu Abdullayev vurğulayıb ki, Azərbaycanın türk dünyasında nə qədər inamlı və əvəzsiz körpü rolu oynadığının bariz nümunələrindən biri türk dövlətləri başçılarının 3 oktyabr 2009-cu ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə Naxçıvan Sazişinə əsasən, Türk Şurasının yaradılmasıdır. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək çoxtərəfli əlaqələrə xidmət edir. Naxçıvanda keçirilən IX Zirvə Toplantısında Prezident İlham Əliyev demişdi: "...Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərlərimizdir, böyük sərvətimizdir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet İttifaqı  zamanı Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda görülən işlər bütövlükdə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı..." 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini bildirib ki, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr verib: "Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik edib, Müzəffər Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Türk Şurasına sədrlik ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü gerçəkləşdirib. Ölkəmizin tarixi zəfəri türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb. Hazırda da regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir". 

Bu tarixi reallıqdır ki, türk dövlətlərinin institusional strukturunun formalaşması təşəbbüsü Prezident İlham Əliyevdən gəlib və onun təməli qədim Azərbaycan torpağı olan Naxçıvanda qoyulub.

Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasətin dünya miqyasında və türk xalqları tərəfindən yüksək qiymətləndirildiyini deyən Arzu Abdullayev onu da qeyd edib ki, məhz dövlətimizin başçısının diplomatik səyləri və məharəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı, erməni yalanları beynəlxalq miqyasda ifşa olundu, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul edildi, ayrı-ayrı dövlətlər, dünya səviyyəsində tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu şəxsiyyətlər tərəfindən Ermənistanın işğalçılıq siyasəti pislənildi və Azərbaycanın haqq işinə dəstək verildi: "Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycanda güclü iqtisadi potensial formalaşdırıldı, qüdrətli, qarşısında duran istənilən vəzifəni yerinə yetirməyi bacaran müzəffər ordu yaradıldı. Dövlətimizin başçısının sərkərdəlik və diplomatik məharəti sayəsində Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanı diz çökməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi, Azərbaycan Ordusu tarixi ərazilərimizi işğaldan azad edərək Zəfər qazandı. Bu Azərbaycanın uğuru olmaqla bərabər, eyni zamanda türkdilli dövlətlər tərəfindən ölkəmizin haqq səsinin qəbul olunması və dəstəklənməsinə verdikləri bir töhfə və həmrəylik kimi də qəbul edilməlidir".

"Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və həmin tədbirdə Qarabağ Bəyannaməsinin imzalanması türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğunu bir daha nümayiş etdirdi", - deyən Arzu Abdullayev qeyd edib ki, bu gün türk dünyasının birliyinin güclənməsi və Naxçıvandan başlayan bu hərəkatın genişlənməsi sevindirici haldır. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda türk dövlətlərinin birliyinin gücləndirilməsinin vacibliyi özünü daha aydın şəkildə büruzə verir ki, bu da regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan" 

Nəşr edilib : 03.10.2024 11:40