İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalist...
16:14 02.09.2026
0
0
0
NAXÇIVAN :
02 Sentyabr 2026, Çərşənbə
Zəngəzur dəhlizinin reallaşması yalnız nəqliyyat-logistika infrastrukturunun bərpası və regional tranzit potensialının gücləndirilməsi baxımından deyil, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi, mədəni və xüsusilə elmi-təhsil inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Coğrafi təcridin uzunmüddətli təsirlərini yumşaldan bu bağlantı, Naxçıvanın elm, təhsil və innovasiya potensialının daha geniş regional və beynəlxalq şəbəkələrə inteqrasiyası üçün əlverişli şərait yaradır. Müasir elmi inkişaf yalnız yerli universitet və tədqiqat mərkəzlərinin daxili resursları ilə məhdudlaşmır. Alim və tələbələrin mobilliyi, birgə tədqiqat layihələri, laboratoriyaların ortaq istifadəsi, texnologiya transferi və universitet-sənaye əlaqələri həlledici rol oynayır. Zəngəzur dəhlizi məhz bu mexanizmlərin fəaliyyətini asanlaşdıran fiziki və rəqəmsal infrastruktur zəmini formalaşdırır.
Naxçıvan tarixən Azərbaycanın mühüm elm və mədəniyyət mərkəzlərindən biri olub. Burada formalaşmış elmi ənənələr, Naxçıvan Dövlət Universiteti, elmi-tədqiqat strukturları və kadr potensialı möhkəm baza yaradır. Lakin uzun illər ərzində coğrafi mövqe regionun digər Azərbaycan əraziləri və beynəlxalq elmi mərkəzlərlə əlaqələrində müəyyən çətinliklər yaradıb. Dəhlizin fəaliyyətə başlaması bu məhdudiyyətlərin əhəmiyyətli dərəcədə aradan qaldırılmasına imkan verə bilər. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və TRIPP (Trump Route for International Peace and Prosperity) çərçivəsində layihənin həyata keçirilməsi prosesinin aktiv mərhələyə daxil olması bu baxımdan yeni imkanlar yaradır. Dəhliz yalnız dəmir və avtomobil yollarını deyil, fiber-optik, elektrik xətləri və potensial enerji infrastrukturunu da əhatə edir. Bu isə elmi əməkdaşlığın həm fiziki, həm də rəqəmsal komponentlərini gücləndirə bilər. Zəngəzur dəhlizi NDU üçün universitetlərarası əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçidi üçün əlverişli şərait yaradır. Azərbaycan və Türkiyə universitetləri, eləcə də digər beynəlxalq tərəfdaşlarla birgə elmi-tədqiqat layihələri, ikili diplom proqramları, tələbə və müəllim mübadiləsi, ortaq magistratura və doktorantura proqramları, birgə laboratoriyalar, elmi nəşrlər və innovasiya-startap təşəbbüsləri üzrə əməkdaşlığın genişlənməsi real perspektiv qazanır. NDU artıq Türkiyənin bir sıra aparıcı ali məktəbləri ilə sistemli əlaqələr qurub. İstanbul Universiteti ilə ikili diplom proqramları, Marmara Universiteti ilə elmi-tədqiqat və kadr mübadiləsi sazişləri, digər türk universitetləri ilə “Mövlana” proqramı və digər mexanizmlər çərçivəsində əməkdaşlıq mövcuddur. 2026-cı ilin fevralında NDU ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında nanotexnologiya və energetika sahələrində birgə laboratoriyaların yaradılması barədə razılıq əldə olunub. Eyni zamanda doktorantura proqramları, ikili diplom, startap layihələri və yay-qış məktəbləri üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu cür addımlar NDU-nu regional elmi əməkdaşlıq mərkəzlərindən birinə çevirmək potensialını gücləndirir.
Fizika, riyaziyyat, kompüter elmləri və tətbiqi sahələr sərhəd tanımayan elm sahələridir. Müasir laboratoriyalar, yüksək məhsuldarlıqlı hesablama resursları, beynəlxalq şəbəkələr və mütəxəssis əməkdaşlığı bu istiqamətlərdə nəticələrin əldə olunması üçün həlledicidir. Naxçıvanda fizika-riyaziyyat istiqamətli strukturlar üçün Türkiyə universitetləri ilə birgə laboratoriyaların yaradılması perspektivlidir. Süni intellekt və maşın öyrənməsi, böyük verilənlər, riyazi modelləşdirmə, nanotexnologiya və yeni materiallar, tətbiqi fizika, enerji texnologiyaları, kənd təsərrüfatında rəqəmsal həllər kimi sahələrdə ortaq mərkəzlər həm akademik, həm də tətbiqi nəticələr baxımından əhəmiyyətlidir. Xüsusi qeyd edilməli olan infrastruktur Batabat Astrofizika Rəsədxanasıdır. 2025-ci ilin aprelində Prezidentin Sərəncamı ilə universitetin tabeliyinə verilmiş rəsədxana dəniz səviyyəsindən, təxminən, 2050 metr yüksəklikdə yerləşir və əlverişli astronomik şəraitə malikdir. Burada Zeiss-600 teleskopu və digər imkanlar mövcuddur. Türkiyə və digər ölkələrin universitetləri ilə birgə müşahidə proqramları, tələbə elmi düşərgələri, beynəlxalq seminarlar və ortaq tədqiqat layihələri regionun astrofizika sahəsində regional platformaya çevrilməsi üçün real zəmin yaradır. Rəsədxananın universitet strukturuna inteqrasiyası tələbələrin birbaşa teleskoplar arxasında təcrübə keçməsinə imkan verir və elm-təhsil sintezini gücləndirir.
Elmin inkişafının əsas şərtlərindən biri də, şübhəsiz ki, insan kapitalıdır. Zəngəzur dəhlizi tələbələrin və gənc tədqiqatçıların Azərbaycan və Türkiyə universitetlərinə daha rahat çıxışını təmin edə bilər. Yay məktəbləri, mübadilə proqramları, elmi olimpiadalar, konfranslar, laboratoriya təcrübələri və qısamüddətli tədqiqat proqramları gənclərin beynəlxalq elmi mühitə erkən inteqrasiyasını sürətləndirir. Beynəlxalq indekslənən jurnallarda (Scopus, Web of Science) nəşrlərin keyfiyyətinin artırılması üçün birgə tədqiqat qrupları mühüm vasitədir. Məqsəd yalnız kəmiyyət artımı deyil, yüksək istinad göstəricili, real elmi nəticə yaradan tədqiqatların sayının artırılmasıdır. Azərbaycan-Türkiyə alimlərinin ortaq qrupları bu prosesə əhəmiyyətli töhfə verə bilər. Dəhlizin yaratdığı logistika və iqtisadi imkanlar universitet-sənaye əməkdaşlığının inkişafı üçün də istifadə oluna bilər. Naxçıvanda innovasiya mərkəzləri, texnopark və startap ekosisteminin gücləndirilməsi elmi nəticələrin praktiki məhsullara çevrilməsinə şərait yaradır. NDU-nun Texnologiyalar Parkı çərçivəsində nanotexnologiya, biotexnologiya və digər istiqamətlər nəzərdə tutulub. İTÜ ilə nanotexnologiya və energetika sahəsində birgə laboratoriyalar bu istiqamətdə konkret addımdır. Beləliklə, universitet yalnız kadr hazırlayan qurum deyil, elmi ideya və texnologiya istehsal edən mərkəzə çevrilir.
Ən perspektivli modellərdən biri də Naxçıvanı Azərbaycan və Türkiyənin elmi potensialını birləşdirən platformaya çevirməkdir. Regionun coğrafi mövqeyi burada üstünlüyə çevrilə bilər. Təbiət elmləri, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, kənd təsərrüfatı, ekologiya və arxeologiya kimi sahələri əhatə edən geniş spektrli əməkdaşlıq modeli formalaşdırılmalıdır. Rəqəmsal infrastruktur isə coğrafi məsafənin təsirini daha da azaldır. Yüksək məhsuldarlıqlı hesablama, süni intellekt, məlumat analitikası və ortaq rəqəmsal elmi platformaların yaradılması, distant laboratoriyalar və vahid məlumat bazaları gələcək əməkdaşlığın mühüm elementləridir. Naxçıvanın əlçatanlığının artması beynəlxalq elmi tədbirlərin keçirilməsi üçün də imkanlar açır. “Naxçıvan-Türkiyə Elm Forumu”, Azərbaycan-Türkiyə riyaziyyat və fizika-astrofizika konfransları, rəqəmsal texnologiyalar və süni intellekt forumları kimi tədbirlər regionun elmi tanınmışlığını artıra bilər.
Lakin nəqliyyat dəhlizinin açılması avtomatik elmi inkişaf demək deyil. Elmi dividendlərin əldə olunması üçün qabaqcadan strategiya, konkret yol xəritələri, birgə laboratoriyalar, mobillik proqramları və davamlı institusional mexanizmlər tələb olunur. NDU artıq Türkiyənin aparıcı universitetləri ilə prioritet əməkdaşlığı genişləndirir, konkret istiqamətlər üzrə yol xəritələri müəyyənləşdirir və birgə mərkəzlərin yaradılması üzərində iş aparır. Zəngəzur dəhlizi Naxçıvan üçün yeni iqtisadi və geosiyasi imkanlarla yanaşı, elmi inkişaf baxımından da mühüm perspektivlər yaradır. Bu imkanların real nəticəyə çevrilməsi məqsədyönlü dövlət siyasəti, universitetlərin təşəbbüskarlığı və elmi ictimaiyyətin fəallığı ilə mümkündür. Naxçıvanın gələcək inkişaf modelində elm və təhsil əsas istiqamətlərdən biri olmalıdır. Regionun coğrafi mövqeyi maneə deyil, əksinə, Azərbaycan-Türkiyə və daha geniş Türk dünyası elmi əməkdaşlığının üstünlüyünə çevrilə bilər. Prezident İlham Əliyevin 2026-cı il avqustun 11-də Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi 17-ci səfərindən bir gün sonra, avqustun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sərəncamla Naxçıvan Dövlət Universitetində 1000 yerlik müasir tələbə yataqxana kompleksinin tikintisi üçün 25 milyon manat vəsait ayrılıb. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın əlçatanlığının artması şəraitində Azərbaycanın müxtəlif şəhərlərindən, o cümlədən digər regionlardan və xarici ölkələrdən tələbə axınının sürətlənməsi gözlənilən proqnozlardandır. Yeni yataqxana infrastrukturu da məhz bu prosesin tələblərinə cavab verməklə universitetin tələbə kontingentinin genişlənməsinə, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və regionun elm-təhsil mərkəzi kimi cəlbediciliyinin gücləndirilməsinə mühüm töhfə verəcəkdir. Əgər nəqliyyat dəhlizi ilə paralel olaraq “elmi dəhliz” də formalaşdırılarsa, Naxçıvan gələcəkdə regional və beynəlxalq elmi əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilə bilər. Bu yanaşma Naxçıvanın yalnız tranzit bölgə deyil, elm, təhsil, innovasiya və texnologiya mərkəzi kimi yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verəcək.
Vüqar SALMANOV
Fizika-riyaziyyat fakültəsinin dekanı,
riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
Digər xəbərlər