NAXÇIVAN :

02 Sentyabr 2026, Çərşənbə

Nazir müavini: Humanitar minatəmizləməyə dəstək xeyriyyəçilik kimi görünməməlidir

...

Azərbaycan minalardan və müharibənin partlamamış sursat qalıqlarından ən çox əziyyət çəkən ölkələrdən biri olaraq qalır.

"Şərq qapısı" xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan

"Azərbaycanda mina təhlükəsi ilə mübarizə vasitəsilə təhlükəsiz bərpaya dəstək üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri" mövzusunda panel müzakirədə Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov deyib.

Onun sözlərinə görə, minaların geniş yayılması, tez-tez xəritəsiz yerləşdirilməsi və minalanmış ərazilərin çoxu haqqında etibarlı məlumatların olmaması vəziyyəti daha da çətinləşdirir. Ermənistanın dəqiq və tam mina xəritələrini təqdim etməməsi təmizləmə əməliyyatlarını ləngitməyə və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təxirə salmağa səbəb olur.

"Mina çirklənməsi yalnız təhlükəsizlik məsələsi deyil. Bu, yenidənqurmaya, kənd təsərrüfatına, infrastruktura və ətraf mühitə təsir göstərir. Həmçinin zəruri xidmətlərə çıxışı məhdudlaşdırır. Hər şeydən əvvəl, bu, insanların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına mane olur. Münaqişə başa çatdıqdan sonra Azərbaycan genişmiqyaslı humanitar minatəmizləmə səylərinə başladı. Mina ilə mübarizə milli prioritetə çevrildi və bu işə böyük, mühüm daxili resurslar cəlb olundu. 2020-ci ildən bəri Azərbaycan mina ilə mübarizəyə 590 milyon dollardan çox vəsait ayırıb. Biz Azərbaycana dəstək göstərmiş bütün beynəlxalq tərəfdaşlara, donor ölkələrə və təşkilatlara minnətdarıq. Bu yardım təlimləri, mina təhlükəsinə dair maarifləndirməni, texniki ekspertizanı, avadanlıqları və institusional imkanlarımıza dəstəyi əhatə edib. Eyni zamanda, daha çox iş görülə bilər və görülməlidir. Ehtiyac duyduğumuz dəstək praktiki və nəticəyönümlü olmalıdır. Bu dəstək həm də Azərbaycanın milli prioritetlərini əks etdirməlidir. Əsas ehtiyaclarımıza texniki tədqiqatlar, məlumatların idarəedilməsi, xüsusi avadanlıqlar, maliyyə dəstəyi, mina qurbanlarına yardım və qadın minatəmizləyən komandalarına dəstək daxildir. Texniki avadanlıqlar yerli şəraitə də uyğun olmalıdır. Relyef, iqlim və hava şəraiti minatəmizləmə texnikasının necə işləməsinə birbaşa təsir göstərə bilər. Bir mühitdə yaxşı işləyən avadanlıq başqa bir mühitdə eyni dərəcədə effektiv olmaya bilər. Yardım planlaşdırılarkən və təqdim edilərkən bu məqam nəzərə alınmalıdır", - deyə Samir Şərifov diqqətə çatdırıb.

Xarici işlər nazirinin müavini bildirib ki, mina qurbanlarına dəstək də eyni dərəcədə vacibdir. Xəsarət alanların təcili tibbi yardımdan daha çoxuna ehtiyacı var. Onların yüksəkkeyfiyyətli protez xidmətlərinə, fiziki reabilitasiyaya, psixoloji dəstəyə və sosial-iqtisadi həyata tam qayda ilə inteqrasiya olunmaq imkanlarına ehtiyacları var. Bundan əlavə, qadın mintəmizləmə qruplarına davamlı dəstək inklüziv mina fəaliyyətinə, sülhquruculuğu və münaqişədən sonrakı bərpa prosesində qadınların iştirakına vacib bir töhfədir.

"Azərbaycan, həmçinin mina fəaliyyətini beynəlxalq gündəlikdə yüksək pillədə saxlamaq üçün ardıcıl çalışıb. Biz, həmçinin qlobal Davamlı İnkişaf Məqsədləri çərçivəsində mina fəaliyyətinin daha çox tanınmasına çağırış etmişik. Öz mina problemimizin miqyasına baxmayaraq, Azərbaycan humanitar minatəmizləmə sahəsində qazandığı təcrübə və ekspertizanı bölüşməyə də hazırdır. ANAMA vasitəsilə Azərbaycan minalardan və müharibənin partlamamış sursat qalıqlarından əziyyət çəkən bir sıra ölkələrə təlim, texniki ekspertiza, potensialın artırılması və digər praktiki dəstək formaları təqdim edib. Bu, mina fəaliyyətində beynəlxalq əməkdaşlığın yalnız yardım almağa deyil, həm də bilik, təcrübə və effektiv həll yollarını bölüşməyə əsaslanmalı olduğuna inamımızı əks etdirir. Minalar sərhəd tanımır. Onlar illərlə, hətta onilliklərlə gizli qala bilər və münaqişə başa çatdıqdan çox sonra da həyatları təhdid etməkdə davam edə bilər. Bu səbəbdən humanitar minatəmizləməyə dəstək xeyriyyəçilik kimi görünməməlidir. Bu, insan təhlükəsizliyinə, yenidənqurmaya, iqtisadi bərpaya və davamlı sülhə qoyulan bir sərmayədir. Azərbaycan üçün daha güclü beynəlxalq dəstək təmizləmə üçün tələb olunan vaxtı azaltmağa, yeni itkilərin qarşısını almağa və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını sürətləndirməyə kömək edə bilər. Bu həm də çirklənmiş torpaqları insanların öz gələcəklərini yenidən qura biləcəyi icmalara, təsərrüfatlara, yollara və məktəblərə çevirməyə imkan verər", - deyə o qeyd edib.

Nəşr edilib : 02.09.2026 16:22