NAXÇIVAN :

02 Sentyabr 2026, Çərşənbə

Prezident Ərdoğan: Türkiyənin beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirmək istəyirik

...

Türkiyənin ŞƏT-ə üzvlük perspektivinin Qərbə arxa çevirmək anlamına gəlmir. Məqsəd 360 dərəcəlik baxışla Türkiyənin beynəlxalq müstəvidə mövqeyini adaha da gücləndirməkdir.

"Şərq qapısı" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

Rusiya ilə Ukrayna arasındakı müharibəyə toxunan Ərdoğan bu münaqişənin mümkün qədər tez sülhlə başa çatmasının həm Türkiyənin, həm də Rusiya Prezidenti Vladimir Putinin gözləntisi olduğunu deyib, Qara dənizdə mülki dəniz daşımalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb.

Ərdoğan, xüsusilə Afrika qitəsində taxıl böhranının yenidən gündəmə gəldiyini bildirərək problemin daha da böyüməsindən əvvəl təşəbbüs göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

F-35 proqramı barəsində danışan ölkə başçısı Türkiyənin bu proqrama yenidən daxil olması ilə bağlı danışıqların davam etdiyini bildirərək ABŞ-dəki proseslərin tamamlanmasından sonra məsələnin geridə qalacağını deyib.

O, Türkiyənin KAAN qırıcı təyyarəsinin hazırlanmasından və milli hava hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsindən imtina etməyəcəyini vurğulayıb: “Türkiyənin seçimlərini artırırıq. Güclü Türkiyənin yol xəritəsi budur”.

Məkkə Müdafiə İttifaqından bəhs edən Ərdoğan bu birliyin regionda sabitlik və təhlükəsizliyin təmin olunması məqsədilə yaradıldığını bildirib.

Yunanıstanla bağlı məsələlərə də toxunan Türkiyə Prezidenti ölkəsinin heç kimin torpağında gözü olmadığını, lakin öz hüquqlarının pozulmasına da imkan verməyəcəyini bildirib.

Prezident “Terrorsuz Türkiyə” prosesini yalnız təqvim deyil, məqsəd məsələsi kimi qiymətləndirdiklərini bildirib. Dövlət olaraq yol xəritəsinin, planın və təqvimləndirmənin mövcud olduğunu deyən Ərdoğan çərçivə qanununun tətbiqi üçün terror təşkilatının faktiki olaraq silahı yerə qoymasının və ləğv edilməsinin zəruri olduğunu vurğulayıb.

O, prosesin silahların təhvil verilməsi ilə bağlı müəyyənləşdirmə və təsdiqləmə mexanizmləri əsasında mərhələli şəkildə irəlilədiyini qeyd edib.

O, Türkiyədə milli həmrəyliyi zəiflədən və terrorun keçmişdə yaratdığı parçalanma xətlərini yenidən hərəkətə gətirə biləcək yanaşmaların qəbul edilməyəcəyini bildirib.

Suriya Demokratik Qüvvələrinin (SDG) ləğvi məsələsinə toxunan Ərdoğan Suriyanın bütün ünsürləri ilə vahid və bütöv olmasını ən çox Türkiyənin arzuladığını bildirib. Onun sözlərinə görə, bu, Suriyada davamlı inkişafın və potensialın artırılmasının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ərdoğan hesab edir ki, bu proses bütün region üçün yeni dövrün başlanmasına şərait yarada bilər.

Nəşr edilib : 02.09.2026 15:26