TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul ...
14:36 27.11.2024
0
0
0
NAXÇIVAN :
27 Noyabr 2024, Çərşənbə
Ötən günlərdə işdən evə qayıdarkən şəhərimizin ərazisində qarşılaşdığım mənzərə məndə təəssüf hissi doğurdu. Şəhərimizin mərkəzi küçələrindən birində bir gənc məişət tullantısını zibil qutusunun yerləşdiyi ərazinin yaxınlığına tullayıb oradan uzaqlaşdı.
Çox təəssüf ki, bu hallar ənənə halını almağa başlayıb. Bununla bağlı yaxın günlər də qəbul edilən cərimə artımı qanunvericiliyə əsasən ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Belə ki ictimai yerlərdə məişət tullantılarını və tütün məmulatlarını kənar yerlərə atan şəxslər üçün cərimə qaçınılmazdır.
Şəhərimizin bir neçə yerində olub bununla bağlı müşahidələr apardıq. Zibil qutularının yerləşdikləri ərazilərin yaxınlarına məişət tullantılarının atıldığını gördük. Bəs şəhərlərdə və digər yaşayış məntəqələrində tullantılar zibil qutularına deyil, kənara atıldıqda hansı tədbirlər görülür? Görəsən cərimələrin tətbiq olunması mövcud problemi həll edəcəkmi?
Mövzu ilə bağlı daha ətraflı məlumatı Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Sahil Qurbanovdan öyrənirik. O bildirdi ki, hər bir vətəndaş yaşadığı şəhəri, qəsəbəni və digər yaşayış məntəqələrinin ərazisini təmiz saxlamalı və tullantılar kənar ərazilərə deyil, onların atılması üçün nəzərdə tutulan tutumlara (urnalara) atılmalıdır. Çünki hər birimiz düşünməliyik ki, yaşadığımız şəhər və yaşayış məntəqələri bizim evimiz sayılır. Əgər biz həmin ərazini tullantılarla çirkləndirsək, təbii ki, hər birimiz üçün xoşagəlməz bir mənzərə yaranar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 7 növ inzibati tənbeh növləri nəzərdə tutulmuşdur ki, onlardan biri də inzibati cərimə növünə daxil olan tənbeh tədbiridir. Həmin məcəllənin 266-cı maddəsi “Tullantılar haqqında Qanunvericiliyi” pozma maddəsidir ki, həmin maddənin 266.3-cü bəndində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üçün 50 manat miqdarında inzibati cərimə tənbehi qeyd olunmuşdur. Əgər şəhər və rayonların mərkəzlərində zibil qutularının arasındakı məsafənin düzgün olmadığını düşünürsünüzsə, vətəndaşlar yerli qurumlara müraciət edə bilərlər. Əgər qutumlar qanunla müəyyən edilmiş məsafədən uzaq yerləşdirilibsə, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilə bilər.
Sahil Qurbanov qeyd etdi ki, ötən günlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerə atılmasına görə cərimənin məbləğinin fiziki şəxslər üçün 300 manat miqdarında, vəzifəli şəxslər üçün 1000 manat miqdarında və hüquqi şəxslər üçün isə 4000 manat miqdarında tətbiq olunması qanun layihəsində öz əksini tapmışdır.
Onun sözlərinə görə cərimələrin tətbiq olunması mövcud problemin həllinə görə vətəndaşlar üçün məsuliyyət yaradar. Belə ki, bu ödənilən cərimələr vətəndaşını ailə büdcəsindən dövlət büdcəsinin hesabına ödənildiyindən, bu da vətəndaşların ailə büdcəsini əhəmiyyətli dərəcədə pisləşdirə bilər. Düşünürəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qaşısını almaq məqsədi daşıyır.
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Saleh Həsənov “Şərq qapısı”na açıqlamasında bildirib ki, tullantıların düzgün idarə olunması istiqamətində nazirlik tərəfindən bir sıra işlər icra olunur. Belə ki, nazirlik tərəfindən ekokönüllülərin də iştirakı ilə “Tullantıları ekoçantaya dəyiş, tinglərə dəyiş” aksiyaları icra olunur. Məhz bu cür aksiyaların keçirilməsi vətəndaşların maarifləndirilməsi ilə yanaşı, tullantıların düzgün idarə olunması, təkrar elmalı istiqamətində atılmış mühüm addımdır.
Qeyd edək ki, Naxçıvanda ilk dəfə təhlükəli tullantılar və məişət tullantıları poliqonu yaradılacaq. Növbəti illərdə poliqonların tikintisinə başlanılacaq.
Fikrimizcə, bu cür qanunazidd hərəkət edib ətraf mühiti çirkləndirən insanlar tənbeh edilməli və eyni zamanda yanındakı şəxs tərəfindən ictimai qınaq obyektinə çevrilməlidir. Biz insanları maarifləndirməliyik ki, yalnız ictimai yerlərdə deyil, eyni zamanda heç kim olmayan yerlərdə də bu ekomədəniyyət formalaşsın. Bu cərimə artımı ictimai qaydanın tənzimlənməsinə töhfə verəcək. Gəlin hamılıqla ətrafda tullantı qabları olmasa belə təbiətə laqeyd yanaşmayaq. Çünki yaranmış antisanitariya insan sağlamlığına ciddi təhlükə yarada bilər. Burada ən böyük məsuliyyət isə vətəndaşların üzərinə düşür.
Bülbül QULİYEVA
Digər xəbərlər