NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

“TRT Avaz” COP29 çərçivəsində təşkil olunan “Sıfır Tullantı” stendindən bəhs edib

...

“TRT Avaz” telekanalı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyənin “Sıfır Tullantı” ekoloji təşəbbüsünə həsr olunmuş stendin açılışı ilə bağlı reportaj hazırlayıb.

"Şərq qapısı" xəbər verir ki, telekanalın qeyd etdiyinə görə, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsi tərəfindən yaradılmış “Sıfır Tullantı” stendi Azərbaycanda 169 ölkədən 72 min nəfərin iştirakı ilə davam edən qlobal iqlim sammitində iştirakçıların böyük marağına səbəb olur.

Reportajda qeyd olunur ki, Türkiyə pavilyonunda yer alan “Sıfır Tullantı” stendində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımının təşəbbüsü ilə BMT-yə üzv olan 105 ölkənin dəstəklədiyi ekoloji hərəkat haqqında dolğun məlumatlar yer alıb.

Telekanal tamaşaçıların diqqətinə çatdırır ki, COP29 Yaşıl Zonasının eyni hissəsində Türkiyənin flora və faunası, o cümlədən endemik bitkilər və nəsli kəsilməkdə olan heyvanlar haqqında məlumatlar ilə də tanış olmaq mümkündür.

Türkiyə pavilyonunda, həmçinin tullantılardan toplanan parçalar, kağız və üzvi materiallardan yaradılmış əsərlərdən ibarət “Tullantıdan sənətə” adlı sərgi də keçirilir.

“Pavilyonu ziyarət edənlərə Türkiyədə su tənzimlənməsi mövzusunda stend, “Dünya ortaq evimizdir” kitabı, həmçinin Türkiyənin ətraf mühitlə bağlı təşəbbüslərinə dair nəşrlər təqdim olunacaq”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, hər kəs Əminə Ərdoğanın təşəbbüsü ilə irəli sürülmüş “Sıfır tullantıya dair Qlobal Xoşməramlı Bəyannamə”ni imzalaya bilər.

Nəşr edilib : 18.11.2024 12:28