NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Torpaq ən müqəddəs ata-baba əmanətidir

...

İgid oğullarımız torpaqlarımız uğrunda şəhidliyə ucalıblar

Xalqımızın igid oğulları 4 il bundan əvvəl torpaqlarımızı düşmən tapdağından azad etməyə yollandılar. Onlar əsl qəhrəmanlıqla bu məqsədə nail oldular. Vətənimizi bütövləşdirdilər. Çünki Vətən ulu babalarımızdan bizə qalan ən qiymətli əmanətdir. Vətəni qorumaq yolunda şəhid olmaq isə ən böyük xoşbəxtlik, ən şərəfli yoldur. Torpaqlarımıza göz dikənlər və onların havadarları çox istədilər ki, bizi sarsıtsınlar, amma bacarmadılar! Hələ də ayaqdayıq, qəhrəmanlarımızın irsini şərəflə yaşadırıq!

Tarix bizə kimin dost, kimin düşmən olduğunu çox yaxşı göstərdi. Bu gün o torpaqlara əbədi olaraq qayıda bilmişiksə, bu, əbədiyaşar şəhidlərimizin sayəsindədir. Onların qanı ilə sulanmış bu torpaqda biz həm də onların ruhunu yaşadırıq. Şəhidlərimiz bizə borc qoyublar, böyük bir borc! Bu borcu ödəməyin yeganə yolu bu torpağı qorumaq, onu daha da gözəlləşdirmək və daha da güclü etməkdir. Düşmən bilsin ki, Vətənimizin ərazi bütövlüyünü təmin edən şəhidlərimiz bizi izləyir, onların  ruhları yaşayır. Şəhidlərimiz ölməyiblər, onlar bizim hər addımımızı görürlər!

Bu torpağa olan sevgimizlə, sarsılmaz iradəmizlə yeni tarix yazmağa davam edəcəyik. Çünki şəhidlərimizin qanı ilə geri qaytarılan torpaqlar müqəddəsdir hər birimiz üçün. İllərdir bu yolda nə qədər acılar çəkdik, nə qədər itkilər verdik! Düşmən bilməlidir ki, biz hər zaman ucalmağa davam edəcəyik! Vətənimizə olan bağlılığımızın bir ifadəsi var: Bu torpağı qorumaq, gələcək nəsillərə əmanət etmək! Çünki torpaq Vətənimizin namusu və ləyaqətidir. Bu torpaqda ata babalarımızın, əcdadlarımızın əziz xatirəsi gələcəyimizə işıq tutan bir bir mayakdır. Biz onların bizə miras qoyduğu bu torpağa olan bağlılığımızı daha da dərinləşdirməliyik. Hər bir çiçək, hər bir ağac, hər bir dağ bu Vətənin bir parçasıdır. Biz şəhidlərimizin adını yaşatmalı, onların qoyduğu irsə sahib çıxmalıyıq. Şəhidlərimizin ruhu bizimlədir, onlara olan borcumuzu ödəmək bütün gələcək nəsillərin vəzifəsidir. Biz Vətənimizi sevgi ilə qoruyacağıq!

Araz QULİYEV

Nəşr edilib : 08.11.2024 17:00