NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Torpağın bərəkəti, insanın zəhməti

...

Naxçıvanın səfalı guşələrindən biri olan Ordubad elində torpaqla nəfəs alan, təbiətlə dostluq edən insanlar az deyil. İllər boyu bu yurd yeri zəhmətkeş və torpağa bağlı insanların məskəni olub. Rayonun Yuxarı Əndəmic kəndindən olan Əbülfəz Məmmədov da onlardan biridir. Bağçılıqla məşğul olan təsərrüfatçı artıq bir neçə ildir ki, böyürtkən də yetişdirir.  Onun zəhməti sayəsində təkcə ailəsi deyil, bütün kənd əhli sağlamlıq dolu meyvələrin bərəkətindən pay alır. Bu zəhmət adamının evində qonaq olan zaman öyrənirik ki, o bu işə sırf təbiətə olan sevgisindən başlayıb. Böyürtkənin şəfalı gücünə bələd olan Əbülfəz dayı deyir: “Bu bitki dağlarda yabanı şəkildə bitir. Amma mən düşündüm ki, gətirib həyətyanı sahəmə əksəm daha yaxşı məhsul ala bilərik.   Elə də etdim. Təbii şərtlərə uyğunlaşdıraraq  öz bağımda böyütkən kolları əkib becərdim. İllər keçdikcə bu sahə həm gəlir mənbəyinə çevrilib, həm də sağlamlıq qaynağına”.

Bu bitkinin faydalarından danışan müsahibimiz deyir ki, böyürtkən çox faydalı və müalicəvi giləmeyvədir. Böyürtkən, onun yarpaqları və kökləri qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunub. Söhbətimiz zamanı Əbülfəz dayı qeyd etdi ki, mənim məhsulum tam təbii, dərmansız yetişir. Şəkər xəstələri, qanazlığından əziyyət çəkənlər, hətta uşaqlar üçün belə faydalıdır. Artıq 3 ilə yaxındır ki, bu təsərrüfatla məşğulam. İlk vaxtlar az sahədə başladım, amma məhsulun həm dadı, həm də satışı yaxşı olduğuna görə illər keçdikcə sahəni böyütdüm.

Müsahibimin sözlərinə görə, bu giləmeyvəni yetişdirmək çətin və əziyyətli işdir. Suvarma, təmizləmə, budama işləri vaxtında aparılmalıdır. Böyürtkən çox həssas bitkidir, baxımı düzgün olmasa məhsul keyfiyyətli alınmır. Gərək zəhmət çəkəsən ki, bəhrəsini də görəsən.  Yığımı da diqqət tələb edən bu giləmeyvədən yaxşı mürrəbbə və komport olur. Hissə-hissə yetişdiyi üçün  hamısını birdən toplamaq olmur. Gərək yetişən giləmeyvələri tez dərib götürəsən ki, kolda qalıb ziyan olmasın. Məhsulu toplayıb rayon, şəhər  bazarına çıxarırıq. Yaxşı alıcısı da var.  

Müsahibimlə söhbətdən belə qənaətə gəlirik ki, zəhmətçəkən bəhrəsini də görür. İşləyən, zəhmətçəkən hər kəs çörəyini qazana bilir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 25.08.2025 16:42