NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Tənənəmin yolları, uşaqlığımın izi

...

Kənd həyatının özünəməxsus çətinlikləri var. Amma torpaqla nəfəs alanda yorğunluğun da dadı başqa olur: yazda əkin, yayda biçin, payızda məhsul, qışda isə heyvanların qayğısı. Ələlxüsus, payızın gəlişi ilə kənd həyatı bir qədər canlanır, dağ kəndlərinin hər evinin bacasından çıxan nazik tüstü, samovarların qaynayan səsi qulaqda başqa ab-hava yaradır. Sakitliyin pozulmadığı, əlləri torpaq qoxuyan kənd sakinlərinin bu gözəllikləri qoruyub saxladığı məkandır Tənənəm kəndi...

Bu kənd mənim üçün, sadəcə, bir coğrafi məkan deyil, həm də uşaqlığımın izləridir. Burada hər daşın, hər bulağın bir xatirəsi var. Şəhərdə rahatlıq ola bilər, amma kəndin nəfəsi, torpağın ətri heç yerdə yoxdur. Uşaqlığımız bu kəndin ümidli siması idi – oyunlar, səs-küylü həyətlər – hər biri kəndin sabahına işıq salırdı. Bu yurd yerinə üz tutan hərkəsi gülərüz, mehriban və qonaqpərvər insanlar qarşılayır. Kənd haqqında maraqlı məlumatlar əldə etmək üçün həmkarlarımla yola düşdük. Bizi yol kənarında yerləşən, kəndə gözəllik qatan göl qarşılayır. Kənd sakinlərinin sözlərinə görə, onlar bu göldən təsərrüfat üçün istifadə edirlər. Kəndin dar, daşlı yolları ilə gəzərkən insanlarla söhbət etmək fürsəti tapdıq: “Tənənəm  keçmişdə necə idisə, bu gün də öz təbii həyat tərzini qoruyub saxlayır” – eşitdiyimiz ilk sözlər bu olur. Bu kəndin qocaman sakini Əli Salmanov gəlişimizin səbəbini öyrənən kimi söhbətə başlayır: “Bu kənd haqqında danışmaqla bitməz. Biz bu torpaqda həm işləyirik, həm də onunla nəfəs alırıq. Nə varsa, bu torpaqdandır – zəhməti də, ləzzəti də. Bu kəndin insanlarının xeyri-şəri bir olar, böyüyü də kiçiyi də bir-birinə hörmətlə yanaşar, yolda qarşılaşanda salam vermədən ötüb keçməzlər”.

“Sənin baban da bu kəndin sayılıb-seçilən adamlarından olub. Onunla xoş günlərimiz olub (gülümsəyir)” – bu sözləri deyərkən sanki gözlərindən bütün xatirələr aydın görünürdü. Söhbətimizə davam edirik: “Tənənəm kəndində hər fəslin öz gözəlliyi var. Qış aylarında ətraf ağ örpəyə bürünür, gözəlliyi ilə göz oxşayır. Yay ayları bu kəndə başqa bir gözəllik qatır. Gündüzlər meyvə ağaclarının kölgəsində dincələn nənə-babalar, uşaqlar, axşamlar həyətdə qurulan süfrələrdə bir araya gələn ailələr... Kənd bir-birini sevən insanların yaşadığı bir ailə kimidir”. Bir anlıq uşaqlığıma qayıdıram: sevgi, doğmalıq. Bu kənddə hər şey mənim üçün doğmadır, hər şey tanışdır.

... Kəndin təmiz havası insana xoş təəssürat bəxş edir. Kəndin mərkəzinə doğru yol alırıq. Diqqətimizi böyük bir ağacın altında qurulmuş çayxana cəlb edir. Adətən, kənd ağsaqqallarının toplandığı bu məkanda maraqlı söhbətlərə də qulaq vermək mümkündür. Kəndin adının yaranması ilə bağlı maraqlı iki fərqli variant eşidirik. Deyilənə görə, bu ad XIV-XV əsrlərə aid “Pir Süleyman” abidəsi ilə bağlıdır. “Tan” sözü qədim türklərdə “Tanrı yeri” deməkdir, yəni “Tanrının evi” kimi izah olunur. Digər bir rəvayətə görə isə kəndin yerləşdiyi yerin bataqlıq olması ilə əlaqədardır. “Tan” və “nəm” sözlərinin birləşməsindən “Tənənəm” sözü yaranıb. Bu kəndin qədim yaşayış yeri olması, onun hər qarış torpağında hiss olunur. Elə kəndin ərazisində yerləşən Qazma mağarası bunun əyani sübutudur.

Tənənəm kəndində son illər məktəb binası, mədəniyyət evi, kitabxana, poçt və digər infrastrukturlar üçün müasir binalar inşa edilib. Qeyd edək ki, kənd məktəbi Tənənəmin şəhid oğlu Nəzmi Cəfərovun adını daşıyır. Məktəbin müəllim və şagird heyəti hər il yeni uğura imza atırlar. Məzunların əksəriyyəti ali təhsil müəssisələrinə qəbul olur.

Bir kənarda dayanıb seyr edirəm: kəndin axşamı insana tamam başqa ovqat gətirir: günəş dağların arxasında gizlənməyə başlayan andan evlərin işıqları bir-bir yanır, həyətlərdə səslər ucalmağa başlayır, səmimiyyətin ən gözəl mənzərəsi yaranır. Elə sübh vaxtı da eyni aura yaranır: sakinlər günəşin doğuşunu gözləmədən mal-qaranı “Qaraquş” adlanan yaylağa aparır, torpaqlarını isə sevə-sevə əkib-becərirlər. Tənənəmin həyatı bir daha göstərir ki, kənddəki sadəlikdə gözəllik, zəhmətdə isə həyatın əsl mənası gizlənib.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 22.10.2025 09:45