Zona birinciliyinin finalına adlayan boksçular məl...
18:26 17.03.2025
0
0
0
NAXÇIVAN :
17 Mart 2025, Bazar ertəsi
Milli mətbəx təamlarımızın ən dadlılarından biri də balqabaqdır. İstər isti yeməklər, ara yeməkləri sırasında, istərsə də çay süfrəsində balqabaqdan hazırlanan təamları görürük. Konkret olaraq bu yazıda Naxçıvan mətbəxində bu məhsuldan hazırlanan yeməklərdən bəhs edəcəyik. Onlardan biri kətələrdir ki, balqabaq kətəsi dadı, eləcə də sağlamlığa faydası ilə seçilir. Bununla yanaşı, təndirdə bişirilən balqabaq doldurması həm estetik görüntüsü, həm də dadı ilə faydalı yeməklər sırasındadır.
Bəs balqabaqdan hazırlanacaq təamlar hansı prosesdən keçir? İlk olaraq balacaboy, yumru, sarı balqabağın saplaq tərəfdən baş hissəsi kəsilir. Sonra liflərindən və toxumlarından təmizlənir. İçliyi üçün isə ət və noxud ləpəsi qaynadılıb süzülür. Ət qiymələrə ayrılır və doğranmış soğan ilə kərə yağında qovrulur. Bəzi hallarda qiyməni qovurma ilə də əvəz edənlər olur. Çünki qovurma ilə bişirildikdə fərqli dad verir. Sonra içliyə sarıkök, istiot, duz əlavə olunur. Qış yeməklərində daha çox istifadə olunan alça, almaxara, ərik quruları əzilərək və ya balaca doğranaraq içliyə qatılır. Hətta şabalıd, cəviz, kişmiş, göyərti də qarışdırılıb balqabağın içərisinə yığılır.
Qeyd edək ki, içliyi doldurmazdan öncə balqabağın içərisinə duz səpilir. Başı kəsilmiş balqabağın digər hissəsi qapaq kimi balqabağın başına qoyulur. Təndirin alovu sönəndən sonra közün üzərinə xüsusi lay dəmir parçası atılır. Daha sonra balqabağı təndirə sallayırlar. Təndirin ağzı bağlanılır, həzin köz istisində balqabaq bişir.
Qədim milli mətbəx nümunəmiz olan balqabaq doldurması müasir dövrümüzdə xanımlarımız tərəfindən elektrik sobalarında da bişirilir. Amma xüsusi qeyd etmək lazımdır ki, təndir ənənələri muxtar respublikanın rayon və kəndlərində davam etdiyi üçün çox hallarda təndirlər qadınlarımızın köməyinə yetir. Təndirdə köz üzərində bişən bütün təamlar, o cümlədən balqabaq doldurması da çox dadlı olur.
Aidə İBRAHİMOVA
Digər xəbərlər