NAXÇIVAN :

08 Aprel 2025, Çərşənbə axşamı

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin görüşü təşkil olunub

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin görüşü təşkil olunub.
Görüşdə giriş sözü ilə çıxış edən İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov qeyd edib ki, təhsilə daha çox diqqət və qayğı göstərilməsi, onun müasir dünya standartlarına uyğun təşkili tələbələrin qarşısına böyük məsuliyyət qoyur və bu istiqamətdə ali təhsil sistemi ölkənin başlıca inkişaf amili kimi çıxış edərək daha çox gəncə təhsil almaqları üçün dəstək imkanı yaradır.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Rüfət Tağızadə Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, İşədüzəltmələrlə iş və innovative layihələr şöbəsinin müdiri Ayaz Mustafayev təhsil tələbə kreditlərinin növləri və kreditdən istifadə hüquqları, tətbiq edilən güzəştlər haqqında tələbələrə ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, Təhsil tələbə kreditinin ayrılmasında məqsədin təhsilin hamı üçün, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi olduğunu vurğulayıb.
Sonra Təhsil Tələbə Krediti Fondunun əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Xəyal Camalov bütün kollektiv adından görüşün keçirilməsi məqsədilə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinə təşəkkürünü bildirib, iştirakçı tələbələrə yaradılan imkanlardan maksimum istifadə etməyi və güzəşt imkanlarından yararlanmağı tövsiyə edib.

Nəşr edilib : 07.04.2025 19:07